Cahangir Əsgərovun pul problemi
Cahangir Əsgərovun pul problemi

"AZAL" prezidenti himayəsindəkilərin maliyyəsini niyə azaltdı?

Azərbaycanda bəzi iri məmurların ayrı-ayrı idman federasiyalarını və futbol klublarını öz himayələrinə almaları artıq adiləşib. Bu tendensiya bəzi hallarda ölkədə idmanın inkişafına impuls verən amilə çevrilirsə, bəzən də neqativliklərlə müşaiyət olunur.

Hesab edilir ki, bəzi məmurlar nəzarətlərindəki idman federasiyaları və klubları öz çirkli pullarını yumaq üçün vasitəyə çevrilirlər. Federasiyaların müxtəlif idman obyektlərinin inşasından tutmuş ilk baxışda "gözqamaşdırıcı" olan transferlərinədək bəzi həmlələri əslində qeyri-leqal yollarla qazandıqları vəsaitləri "təmizə" çıxarmaq, şişirdilmiş rəqəmlər vasitəsi ilə "yumaq" məqsədi daşıyır.
Beləliklə də onlar "bir güllə ilə iki quş" vurmuş olurlar: həm özlərini ölkə idmanının inkişafı üçün çalışan göstərir, həm də çirkli pullarını leqallaşdırırlar.
Bu uzun və başqa bir yazının mövzusudur, odur ki, redaksiyamıza daxil olan bir məlumata keçirik.
Həmin məlumatda bildirilir ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) - "AZAL"ın prezidenti Cahangir Əsgərov himayə etdiyi futbol klubuna ayrılan vəsaiti kəskin şəkildə azaldıb. Əsgərovun himayəsindəki klub Bakı təmsilçilərindəndir və "AZAL" adını daşıyır.
Azərbaycan çempionatının güclülər liqasında - Topaz Premyer Liqasında mübarizə aparan Əsgərovun klubu təzəlikcə başa çatan 2012-2013-cü il mövsümünü 7-ci pillədə başa vurub. Komanda mükafatçılar sırasına düşə və Avropa kuboklarına vəsiqə qazana bilməyib. Ölkə futboluna yaxın qaynaqlardan əldə etdiyimiz məlumata görə, Əsgərov "AZAL"ın ölkə çempionatındakı göstəricilərini məqbul saymayıb və kluba ayrılan vəsaitin əhəmiyyətli hissəsini kəsib.
Hazırda klubun büdcəsinin 2,5 dəfə azaldığını bildirən mənbələrin dediyinə görə, bu, "AZAL"da şok effekti yaradıb. Komanda ilə müqaviləsi başa çatan bəzi futbolçuların artıq klubu tərk etdikləri bildirilir; çünki onlarla müqaviləni yeniləmək üçün maliyyə tapılmayıb.
Hazırda Əsgərovun klubunda ciddi qeyri-müəyyənliyin hökm sürdüyü bildirilir. Əlavə edilir ki, yeni mövsümdə komandanın halının necə olacağı bəlli deyil, buna görə də artıq əldə qalan futbolçular, texnik heyət və klub idarəçiləri tərəfindən xeyli narahatlıq hökm sürür.
Bəs "AZAL" prezidentinin himayəsindəki klubun pulunu əhəmiyyətli şəkildə kəsməsi nə ilə bağlıdır? Bu suala cavabında qaynaqlar bildirirlər ki, səbəbi yalnız Cahangir Əsgərovun himayəsindəki komandanın mövsümü pis nəticə ilə başa vurmasında axtarmaq doğru deyil: "Ola bilsin, "AZAL" prezidenti maliyyə sarıdan hansısa problemlər yaşayır, yaxud hazırda tutduğu postun gələcəyi ilə bağlı narahatlıqları var. Bu səbəbdən də onun, himayə etdiyi futbol klubunun pulunun böyük hissəsini kəsməsi tamamilə real görünür".
Günel Əkbər