Suriyadan Azərbaycana yürüş
Suriyadan Azərbaycana yürüş

Rusiya son addımlarını atır

Rusiya get-gedə aqressiyasını artırmağa başlayır və çox maraqlıdır ki, bunu hətta qərb və ABŞ-dan da gizlətmir. Vladimir Putinin "regionun problemlərini kənar qüvvələr yox, elə Rusiyanın özü həll edəcək"-bəyanatı da buna əyani misaldır. Ekspertlər hesab edir ki, Rusiyanın bu qədər aqressivləşməsinin bir neçə səbəbi var. İlk növbədə Rusiya hiss edir ki, günbə-gün iqtisadi baxımdan zəifləyir və inflyasiya artdıqca Rusiyanın ətraf mühitə də təsiri azalır.

Buna görə də çalışır ki, hazırkı məqamda ətraf mühitə təsirini artırsın və inflyasiya zamanı kənar güclərini qoruyub saxlaya bilsin. İkinci mühüm məsələ Suriya məsələsidir ki, artıq bu məsələdə də məğlub olduğunu hiss edir. Bu gün Suriyanın itirilməsi o deməkdir ki, yaxın zamanlarda Rusiya Qafqazda və orta Asiyada da dayaqlarını itirəcək. Buna görə də dünya dövlətlərinin təzyiqlərinə baxmayaraq Rusiya Suriya ilə hərbi əməkdaşlığı davam etdirir. Hətta Rusiya Suriyaya S-300 raket komplekslərini satmaq niyyətini bir daha təsdiqləyib. Rəsmi Moskva bu cür satışları Suriyaya xaricdən müdaxilənin qarşısını almağa qadir olan və beynəlxalq hüququ pozmayan "stabilləşdirici amil" hesab edir. Bununla belə, rusiyalı diplomatlar qeyd edirlər ki, S-300 orta hərəkət radiuslu zenit raket sistemləri hücum əməliyyatları üçün deyil, müdafiə üçün, əsasən də, iri sənaye və inzibati obyektlərin müdafiəsi üçün nəzərdə tutulub. "Biz hesab edirik ki, bu cür addımlar üçün bəzi "qaynar beyinləri" münaqişənin ssenarisini nəzərdən keçirməkdən yayındırır. Halbuki münaqişəyə bu cür ideyalarla tanış olan xarici qüvvələrin iştirakı ilə beynəlxalq xarakter verilə bilər." - Rusiya XİN müavini Serqey Ryabkov belə deyib.
Xatırladaq ki, bir müddət əvvəl İsrail Rusiyanı Suriyaya S-300 raketlərini satmamağa razı salmağa çalışırdı. Hətta mətbuatda İsrailin baş naziri Benyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putini sazişlərin icrasından vaz keçməyə razı saldığı barədə məlumatlar da yayılmışdı. Gördüyünüz kimi Rusiya hazırda son qalanın müdafiəsi üçün əlindən gələni edir. Amma bununla yanaşı Rusiya Orta Asiyanı və Qafqazıda əldə saxlamaq üçün cəhdlərini davam etdirir. Və bununla bağlı Putinin konkret layihəsi də var. Belə ki, hazırda Astanada Avrasiya Ali İqtisadi Şurasının iclasında "Avrasiya İqtisadi Məkanının yaradılması haqqında" saziş layihəsinin müzakirəyə çıxarıldı. Tədbirdə Belorus və Qazaxıstan prezidentləri də iştirak edib. Bununla yanaşı, iclasdan sonra Ukrayna və Qırğızıstan prezidentlərinin də iştirakı ilə görüş olacağı vurğulanır.Bununla da Avrasiya İttifaqı Rusiyanın neoimperialist iddialarından irəli gələn bir təşkilat olacaq və bu təşkilata daxil olan dövlətlərin müstəqilliyi və suverenliyi sual altına düşə bilər. Avropa İttifaqının rəsmiləri də dəfələrlə bəyan ediblər ki, belə bir təşkilatın yaradılması sovetlər birliyinin təsis edilməsi deməkdir. Politoloq Qabil Hüseynlidə bildirir ki, bu təhlükəli bir oyundur:-"Bu həmin ölkələrin suveren hüquqlarını müəyyən qədər məhdudlaşdıracaq. Həm də bu proses tədricən həyata keçəcək. Gömrük İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlətlər öz suverenliklərini mərkəzə, yəni Kremlə verməli olacaqlar. Nəticə etibarilə belə bir ittifaqın yaradılması SSRİ-nin ilkin formalarını xatırlatmaqla müstəqil dövlətlərin suverenliyini mənimsəməyə başlayan prosesinə start verəcək. Bu respublikaların hamısı ayıqdırsa və onun liderləri suverenliklərinin üstündə əsirsə, o, prosesi duyaraq həmin təşkilatlardan çıxmağa cəhd göstərəcək və ya müqavimət göstərəcək".
Politoloq bildirib ki, hansısa dövlət Rusiyanın tabeliyində olmaqdan zövq alırsa, həmin ölkələr Avrasiya İttifaqının içərisində əriyib gedəcək. Düşmən və işğalçı Ermənistan faktoruna da toxunan Qabil Hüseynli bildirib: "Son vaxtlar Ermənistanın Rusiyanın tərkibinə daxil olmaq kimi tezislər səsləndirir. Bu, mənim zənnimcə, Moskva ilə razılaşdırılmış və bir növ digər respublikalara təlqin xarakteri daşıyan bir addımdır. Bununla Rusiya digər ölkələri də Avrasiya və Gömrük İttifaqına cəlb etmək üçün şirnikləndirmək istəyir. Bu baxımdan Avrasiya İttifaqı normal siyasi-iqtisadi bir təşkilat deyil. Bu sırf müstəqil ölkələrin suverenliyinə qəsd xarakteri daşıyan anormal və dünyada gedən proseslərin məntiqinə uyuşmayan bir siyasi kursdur".
Bunu da qeyd edək ki, Azərbaycan üçün ağır proseslər məhz bundan sonra başlayacaq. Belə ki, Rusiya Ukraynanı razı sala bilərsə, Rusiyanın hədəfində qalan tək dövlət Azərbaycan olacaq. Özüdə qəribəsi ondadır ki, Azərbaycan Rusiya və İranla üz-üzə qaldığı bir ərəfədə qərbdə Azərbaycana zaman-zaman problemlər yaradır. Müşahidəçilər isə hesab edir ki, bu zaman ərzində qərb və ABŞ Azərbaycana açıq dəstək verməsə Azərbaycanın seçim imkanları qalmayacaq.
Fuad