Yarımçıq Doğulan Milli Şura
Yarımçıq Doğulan Milli Şura

Süni nəfəs aparatındaca can verməyə başladı

Mayın 28-də ACP (Sülhəddin Əkbər), ALP (Əvəz Temirxan), AXCP (Əli Kərimli), KXCP (Bəybala Əbil), EL (Eldar Namazov) və Müsavat (İsa Qəmbər) partiyaları rəhbərlərinin görüşü olmuşdu. Gecə saatlarına qədər davam edən görüşdə Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri müzakirə olunub və müzakirələrə telefon və skaypla Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qatılıb. Bundan sonra isə Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb.

Amma deyəsən bu sadəcə görüntü xarakterli bir iş olub. Çünki bu razılaşmadan dərhal sonra Eldar Namazov növbəti bəyanatla çıxış edib. "Biz bütün bu cəhdləri Azərbaycanın milli mənafelərinə qarşı yönələn cəhd kimi dəyərləndiririk" Bu sözlər Eldar Namazovun hazırladığı bəyanatdandır. Bəyanatda bildirilir ki, EL hərəkatı Milli Şuranın elan edilməsini olduqca vacib sayır. Milli Şura Azərbaycan siyasi həyatının ən vacib rola malik qurum ola bilər. İctimai maraq sübut edir ki, Milli Şuranın yaradılması bu gün sosial sifarişdir. Ancaq istər müxalifət, istərsə iqtidar düşərgəsindən bu ideyanın gerçəkləşməsinə mane olan qüvvələr var. Biz bütün bu cəhdləri Azərbaycanın milli mənafelərinə qarşı yönələn cəhd kimi dəyərləndiririk. EL hərəkatı bu duruma qətiyyətlə etiraz edir, 28 May kimi əlamətdar bir gündə Milli Şuranın elan edilməsinin vacibliyini bəyan edir. Qoy bu işə mane olanlar öz məsuliyyətlərini dərk etsinlər, tarix qarşısında milli birliyə mane olduqları üçün məsuliyyət daşıyacaqlarını anlasınlar".
Maraqlıdır,bəs heç bir problem olmadan razılılığa gəlinmişdisə nədən sonra belə bir bəyanat ortaya çıxıb? Ekspertlər hesab edir ki, ümumiyyətlə bu suala cavab verməmişdən öncə bir neçə məsələyə xüsusi diqqət ayırmaq lazımdır. Birincisi , nəyə görə 28 may günü Şuranın yaranması elan edilmişdisə onun tərkibi, sədarəti haqqında heç bir bilgi verilmədi? Əgər bütün problemlər həll olunmuşdusa onda tədbirə Bakıda ola-ola Mirmahmud Mirəlioğlu ilə Lalə Şövkət Hacıyeva nədən telefonla qoşulmuşdu? Gördüyünüz kimi bu suallara cavab verilmir. Amma müşahidəçilər əsas problemində məhz burda olması qənaətindədirlər. İlk qənaət budur ki, əslində Milli Şura elan edilsədə bu şura yaradılmayıb və sadəcə olaraq bu siyasi bir blef idi ki, həm tarixi gündə belə bir təşkilatın yaradıldığını açıqlasınlar, həm də müəyyən qüvvələrə təzyiq edərək yeni təşkilata cəlb etsinlər. Əslində isə ortada heç nə yoxdur. Ekspertlər başqa maraqlı bir məqama da diqqət ayırırlar. Söhbət nədən gedir? Söhəbt ondan gedir ki, əgər Milli Şuranın yaranmasına hansısa siyasi partiya əngəl yaradırsa onda etiraz bəyanatı nədən Milli Şuranın yaradılması üçün bir araya gələn partiyaların adından yox, məhz EL hərəkatının adından verilir? Ekspertlər hesab edir ki, bu faktda təsdiq edir ki, bir araya toplanan bu partiyalar həmin vaxt prinsipial heç bir razılaşmaya gəlməyiblər və prosesin sonuna yaxın ümumiyyətlə bu ideyadan imtina ediblər. Növbəti ziddiyətli sual, bu hansı partiya ola bilər? Ekspertlər hesab edir ki, bir araya gələn siyasilərdən Lalə Şövkət Hacıyeva və Mirmahmud Mirəlioğlu öncədən bəyan etmişdilər ki, Milli Şurada iştirak etməyəcəklər. Belə olan halda EL hərəkatının məhz bu iki siyasi simaya görə bəyanat verməsi məntiqli görünməz. Digər yerdə qalan sima isə Rəsul Quliyevdir. Rəsul Quliyevin isə bu gün faktiki elə bir günü yoxdur və onun Milli Şuradan imtinası heç nəyi dəyişə bilməzdi. Bu isə əsas verir deyək ki, problem AXCP və Müsavat həddində ola bilər. Növbəti sual, bu günə qədər hər iki partiya Şuranın yaranmasına etiraz etmirdilər, bəs hansı səbəbdən son anda belə bir addım atılıb? Ekspertlər bunu da iki mühüm məsələ ilə əlaqələndirirlər. Birincisi, Müsavat dəfələrlə bəyan etmişdi ki, müxalifətin vahid namizədi məhz İsa Qəmbər olmalıdır. İsa Qəmbər hətta namizədliyini də vermişdi və onun seçki qərargahı yaranmışdı. Ehtimal olunur ki, şura yaradılan zaman bu məsələ gündəmə gəlib və nəticədə razılaşma pozulub. Başqa bir ehtimal isə budur ki, yeni qurumun Rusiyanın dəstəyi ilə yarandığı faktdır və qərb bunu həzm edə bilməyib və nəticədə qərblə bağlılığı olan siyasi qüvvələr razılaşmanı pozublar. Amma istənilən halda ekspertlər güman edir ki, hətta razılaşma pozulmasa belə hazırkı formatda yaradılan birlik müxalifəti tam əhatə etmir və Milli Şura sadəcə olaraq İctimai Palatanı əvəz edəcək. Milli Şuranın yaradılmasından sonra məsələyə YAP-dan da reaksiya gəlib.YAP üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranı mənasız qurum adlandırıb:- "Milli Şuranın adı elan olunsa da, tərkibi elan olunmadı. Çoxdan reklam olunan müxalifətin layihəsi cəmiyyətə yarımçıq şəkildə təqdim olundu. Əgər bu cəmiyyətin Milli Şurası idisə, bütün siyasi qüvvələri bir araya gətirmək cəhdi olmalı idi. Amma göründüyü kimi, orada müxalifətin bir neçə qanadı təmsil olundusa, o Milli Şura ola bilməz. Həmçinin cəmiyyətin nüfuzlu ziyalıları orada yoxdursa və cəmiyyət tərəfindən soyuq qarşılandısa, şura funksiyası rolunu yerinə yetirə bilməz. Əvvəldən məlum idi ki, müxalifətin müəyyən dairələri bu yeni strukturdan qarşıdan gələn prezident seçkilərində özünün sosial bazası kimi istifadə etmək istəyir. Buna görə də nə tərkib barədə razılığa gəlmək mümkün olur, nə də rəhbərlik yoxdur".

Toğrul Əliyev