Hacıbala Abutalıbovu gözləyən təhlükə
Hacıbala Abutalıbovu gözləyən təhlükə
Yeni təhsil naziri təyinatından sonra uşaq bağçalarının Təhsil Nazirliyinə qaytarılması məsələsi gündəmə gəldi

İki il əvvəl o vaxtki təhsil naziri Misir Mərdanovun nəzarətindən çıxarılan uşaq bağçaları ilə bağlı yeni müzakirə açılıb. Söhbət icra hakimiyyətlərinin balansına verilən uşaq bağçalarının təzədən Təhsil Nazirliyinin nəzarətinə qaytarılması təklifinin səsləndirilməsidir.
Qeyd edək ki, bu təklifin yeni təhsil naziri təyinatından bir ay sonra ortaya çıxması maraq doğurmaya bilməz. Üstəlik, həmin təklif reallaşarsa, bu, daha çox Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun maraqlarına zərbə olacaq. Çünki hazırda Bakıdakı bütün uşaq bağçaları məhz Abutalıbovun ixtiyarına verilib.
Öncə gəlin dünən səslənən məlum təklifin məzmunu ilə tanış olaq. Təklif müəllifi Milli Məclisin Elm və Təhsil komitəsinin üzvi, millət vəkili Əhməd Vəliyevdir. Deputat bağçaların yenidən Təhsil Nazirliyinə qaytarılması məsələsinə münasibət bildirərkən deyib: "Hər bir sahə vahid rəhbərlik prinsipinə söykənməlidir. Təhsil də bir yerdən idarə olunmalıdır".
O, qeyd edib ki, burada təkcə məktəbəqədər təhsil müəssisələrindən deyil, orta təhsildən də söhbət gedir. "Bu gün onlar Təhsil Nazirliyinin müəyyən mənada sərəncamından uzaqlaşıb icra hakimiyyətlərinə verilib və onların fəaliyyəti ilə bağlı bütün məsələləri onlar icra edir. Düşüncəmlə hər bir sahə vahid rəhbərlik prinsipinə söykənməlidir".
Ə. Vəliyevin sözlərinə görə, müxtəliflik olanda orada pərakəndəlik olur: "Bu günlərdə mətbuatdan orta məktəblərin Təhsil Nazirliyinə verilməsi məsələsi ilə bağlı müraciət olunduğunu eşitmişəm. Burada pis heç nə görmürəm. Təhsil Nazirliyi təhsil müəssisələrinin hamısına nəzarət etməsi ilə keyfiyyət və digər məsələlər orada təmin oluna bilər".
Qeyd edək ki, eyni fikiri əksər təhsil ekspertləri də bölüşürlər. Eyni zamanda son vaxtlar mətbuatda uşaq bağçalarının Təhsil Nazirliyinin nəzarətindən çıxarılmasından sonra onlarla bağlı problemlərin daha da dərinləşdiyi bildirilir və vurğulanır ki, xüsusilə Bakıdakı uşaq bağçalarının durumunda heç bir müsbət irəliləyiş əldə olunmayıb.
Onu da deyək ki, "Unikal" yaxın saylarının birində Bakıdakı uşaq bağçalarının Təhsil Nazirliyinin nəzarətindən çıxarılaraq paytaxt merinin nəzarətinə verilməsindən sonra yaranan mənzərə ilə bağlı məqalə dərc etmişdi. Həmin yazıda da vurğulanırdı ki, Hacıbala Abutalıbov uşaq bağçalarının onun nəzarətinə verildiyi ilk günlərdə populist vədlərlə çıxış etdi, problemlərin qısa vaxtda yoluna qoyulacağını bildirdi. Bu da müəyyən ümidlər yaratmışdı. Amma son vaxtlar gələn xəbərlər Hacıbala Abutalıbovun valideynlərdə yaranan ümidləri doğrultmadığını deməyə əsas verir. Məsələn, məlumatlar var ki, paytaxt meri Bakıda bir çox bağça müdirlərinə yeni qaydalarla işləməyi tövsiyyə edib. İddia olunur ki, uşaqlarını bağçalara qoymaq istəyən valideynlərdən rüşvət alma faktları da, alınan rüşvətin məbləği də kəskin artıb. Bundan başqa, valideynlərdən bağçadan arayış almaq üçün müdirəyə "görüm-baxım" eləmək tələb edilir. Həmçinin bağçalarda uşaqların sayı şişirdilir və onlara ayrılan qida məhsulları, invertarlar mənimsənilir. Hətta imkanlı valideynlərin övladları bağçalara getməsələr də, onların adları siyahıda olur. Həmin valideyn də bunu pulun hesabına edir. Bağça müdirələrinin yığdıqları pulları təkbaşına "yedikləri" əlbəttə, inandırıcı deyil, ona görə də diqqət istər-istəməz Hacıbala Abutalıbova yönəlir. Çünki belə fikirlər var ki, məlum qaydalarla işləməyən bağça müdirləri merin qəzəbinə gəlirlər. Neçə ki, bir müddət əvvəl 10-a yaxın bağça müdiri Hacıbala Abutalıbovun sərəncamı ilə işdən qovulub. Bu, onların paytaxt merinin qoyduğu şərtləri, daha doğrusu, əvvəlki şərtləri bir az da ağırlaşdırmasını qəbul etməmələrinin məntiqi nəticəsidir.
Yazıda o da qeyd edilmişdi ki, istənilən halda, uşaq bağçalarındakı vəziyyətlə bağlı ürəkaçan xəbərlər gəlmir, valideynlərin şikayəti, müdirələrin soyğunçuluğu inanılmaz həddə çatıb. Bu isə uşaq bağçalarının Təhsil Nazirliyinin nəzarətindən çıxarılması və paytaxt rəhbərliyinin nəzarətinə verilməsi ilə onlarla bağlı yaranmış anormal durumun aradan qalxacağına dair ümidlərin dəfn edilməsi vaxtının çatdığını göstərir.
İndi isə uşaq bağçalarının yenidən Təhsil Nazirliyinə qaytarılması məsələsinin gündəmə gəlməsi yazdıqlarımızın doğruluğunu təsdiqləməklə yanaşı, artıq yuxarı dairələrdə də eyni fikrin hakim olduğunu söyləməyə əsas yaradır. Və belə bir proqnozla çıxış etmək imkanı verir ki, çox keçmədən uşaq bağçaları Abutalıbovdan alınacaq. Bu isə paytaxt meri üçün külli miqdarda dövlət vəsaitləri üzərində nəzarətin onun əlindən çıxması və səlahiyyət itkisi kimi başa düşülməlidir.
Ülviyyə Qasımlı