Milli Şuraya müxalifət liderləri inanmır
Milli Şuraya müxalifət liderləri inanmır

Prinsipial məsələlərdə ziddiyətlər

Milli Şura ətrafında söz-söhbətlər hələ də səngimək bilmir. Belə ki, 28 mayda təsis edilən Milli Şura əslində sadəcə olaraq ad olaraq təsis edilib və təşkilatın nə strukturu,nə tərkibi, nə də fəaliyyət prinsipləri ilə bağlı ortada heç nə yoxdur. Bu isə o deməkdir ki, ümumi hansısa razılıq olsada prinsipial məsələlərdə heç bir razılıq əldə olunmayıb. Ekspertlər hesab edir ki, ən təhlükəli məqamda məhz fəaliyyət proqramının olmaması və ya ziddiyətli baxışların olmasıdır. Bunu da qeyd edək ki, hələ Milli Şura yaradılmamışdan qabaqda müxalifətin ciddi fikir ayrılıqları var idi.

Öncə seçki mühiti

Müxalifət daxilində AXCP sədri Əli Kərimlinin rəhbərlik etdiyi bir qanad var ki, onların məntiqincə əsas güc namizədlərə yox, seçkiöncəsi mühitin yaranmasına yönəldilməlidir. Məhz bu prinsipə görə AXCP bu günə qədər prezidentliyə namizədliyini elan etməyib. Əslində ekspertlər hesab edirdi ki, Əli Kərimli belə bir prinsip tutmaqla iki maraq güdürdü. Birincisi seçki öncəsi mühit ideyasını ortaya atmaqla beynəlxalq təşkilatların rəğbətini qazanmaq, ikincisi isə vaxt udaraq müəyyən qüvvələri ətrafına toplayaraq özünün vahid namizəd kimi gündəmə gəlməsini təmin etmək. Onun son açıqlaması da göstərir ki, artıq Əli Kərimli İsa Qəmbərdən önə keçərək müəyyən qüvvələri ətrafına toplamağa nail olub və indi vahid namizəd kimi gündəmə gəlmək istəyir. Onun son açıqlamasıda buna bariz nümunədir. Gəlin AXCP sədrinin fikirlərinə diqqət ayıraq:- " Açıq demək lazımdır ki, Milli Şuraya qoşulan qüvvələr bu mərhələdə üzərlərinə belə bir öhdəlik götürməyiblər. Çünki bizim siyasi bəyənnamədə ifadə olunan fikir bundan ibarətdir ki, Milli Şuraya daxil olan qüvvələr seçkilərdə vahid platforma ilə vahid güc mərkəzi olaraq iştirak etmək niyyətindədir. Amma, şəxsi fikrimi deyirəm, məntiq və ölkədə siyasi proseslərin axarı bizdən tələb edir ki, Milli Şura olaraq qarşıdan gələn prezident seçkilərində vahid namizəd olaraq iştirak edək. Biz dostlarımızla, tərəfdaşlarımızla müzakirə aparmaqda davam edəcəyik, bir-birimizi inandıracağıq. Hər halda mənim əmin olduğum fikir bundan ibarətdir ki, əgər biz prezident seçkilərinə bir neçə ay qalmış ölkənin demokratik qüvvələrini bir araya gətirə biliriksə, bu vahid mərkəzin seçkilərdə vahid namizədlə iştirak etməməsi çox təəccüblü olardı. Düşünürəm ki, biz seçkilərdə vahid namizədlə iştirak etməliyik və inanıram ki, biz buna nail olacağıq."

İsa Qəmbərin rəqibləri

Milli Şuranın yaranması ilə ortaya çıxan maraqlı nüanslardan biri də budur ki, müəyyən qüvvələr artıq Əli Kərimlinin tutduğu mövqeyə uyğun mövqe sərgiləyirlər. Son zamanlar Müsavat başqanı İsa Qəmbərə qarşı sərt açıqlamaları ilə antimüsavat xətti tutan Rəsul Quliyev yenə meydandadır və Milli Şurada təmsil olunmaq fürsətindədir. Çox maraqlıdır ki, Milli Şuradan tam kənarda qalacağını bəyan edən Rəsul Quliyev indi prosesin içindədir və aktivliyini artırıb. Mövqeyinə gəldikdə isə açıq şəkildə görünür ki, o İsa Qəmbər əlehdarı olaraq qalmaqla yanaşı, həm də Əli Kərimliyə daha çox meyillənir və AXCP sədrinin bir neçə aydır irəli sürdüyü prinsipin davamçısına çevrilib:-""Birincisi, mən Milli Şurada "təmsil olunmağa razılıq verdim" kateqoriyasına aid deyiləm. Milli Şuranın yaradılmasında ilk günlərdən aktiv iştirak edənlərdənəm. Ancaq bu elə də böyük bir əhəmiyyət kəsb etmir. Milli Şura yaranıb, onun çoxsaylı təmsilçiləri olacaq, bu hələ ki binanın fasadıdır. Məsələn, Milli Şuranın vəzifəsi 10 problemi həll etməkdirsə, yaranması 1-ci addımın atılması deməkdir. İndi ikinci kiçik addım atılmalıdır, təsisçilər müəyyənləşməlidir, başqa sözlə, onların razılığı alınmalıdır. Milli Şuraya sədr və idarə (rəyasət) heyəti seçilməlidir. Bu da əsas problemlərin həllində ikinci kiçik addımdır. Əsas iş ondan sonra başlayır. Milli Şuranın ancaq bir vəzifəsi var. Konkret olaraq seçki qanunu və Mərkəzi Seçki Komisiyasının formalaşdırılması kökündən dəyişilməlidir."
Rəsul Quliyevin bu açıqlamasını ekspertlər iki baxımdan şərh edirlər. Birincisi Rəsul Quliyev bu açıqlamanı verməklə bir daha bəyan edir ki, əslində Milli Şura adlı təşkilat hələ yoxdur və bunun fəaliyyətinə şübhə ilə yanaşır. Buna görə də istənilən an təşkilata olan marağı itə bilər. İkinci tərəfdən o artıq təşkilat daxilində belə müxalifətçilik edəcəyini nümayiş etdirir və sözsüz ki, o yenə də Müsavat başqanı İsa Qəmbəri hədəfə alacaq. Bu arada diqqəti cəlb edən başqa bir açıqlama isə Lalə Şövkət Hacıyevadan gəldi. Demək olar ki, o da tam olaraq Əli Kərimli tərəfdarı kimi çıxış edir. Gəlin xanım siyasətçinin fikirlərinə baxaq:-"Mən ilk növbədə seçkiöncəsi mühitin yaradılması tərəfdarıyam və əsas vəzifə də məhz bu olmalıdır". Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Amma müxalifət düşərgəsindən olan liderlərin əksəriyyətinin Milli Şuraya həm də bir inamsızlığı var. Əksər lider hesab edir ki, təşkilatın elan edilməsi hələ heç nə demək deyil. Bu isə bir daha sübut edir ki, ortada prinsipial məsələlərdə razılaşmalar olmayıb. Elə Lalə Şövkət Hacıyevanında açıqlaması bunu təsdiqləyir:-"Mən sadəcə mövqeyimi bildirib demək istəyirəm ki, Milli Şuranın yaradılmasına müsbət baxıram. Amma Milli Şuranın yaradılması hələ məqsədə çatmaq demək deyil. Qarşıda böyük işlər var, bunun strategiyası olmalıdır. Bu birliyin səmimiyyətidən çox şey asılı olacaq. Əsas məqsəd demokratik seçkiyə nail olmaqdır. İndiki rejimdə belə seçkiyə nail olmaq çox çətin məsələdir. Biz illərlə mübarizə aparmışıq, lakin bir şeyə nail olmamışıq. Milli Şuranın yaranması bütün problemləri həll etmir. Bu, hələ kiçik işdir. Əsas iş ondan ibarət olacaq ki, biz məqsədə çatacayıq, yoxsa yox . Müxalifət birlik göstərə bilənədək buna nail ola bilməyəcək. Mən yenə də deyirəm ki, buna müsbət baxıram, hər halda birlik müsbət haldır, amma bu gün deyə bilmərəm ki, bütün problemlərimiz həll ediləcək. Yaşayarıq görərik". Bunu da qeyd edək ki, artıq Milli Şuranın yaradılmasında aktivlik göstərən Eldar Namazovda maraqlı açıqlama verib və vahid namizəd məsələsini açıq şəkildə gündəmə gətirib. Eldar Namazov qeyd edib ki, seçkilərdə Milli Şura üzvlərindən biri namizəd olaraq iştirak edəcək.

İsa Qəmbərin demarşı

Maraqlıdır, bəs Müsavat başqanı göz görə-görə ona qarşı formalaşan bir cəbhə ilə bir sırada dayanacaqmı? Ekspertlər hesab edir ki, Müsavat başqanı da sakitcə prosesləri izləməyib və müəyyən qüvvələrlə əlaqə formalaşdıra bilib. Bunlardan birinin də KAXCP sədri Mirmahmud Mirəlioğlu olduğu söylənilir. Qeyd edək ki, KAXCP bu gün oturuşmuş partiyalardan biridir və müxalifət düşərgəsində ciddi nüfuz sahibidir. Bundan başqa Mirmahmud Mirəlioğlu hər zaman AXCP-yə qarşı sərt mövqedə durub ki, bu da İsa Qəmbərin imkanlarını artırıb. Hesab edilir ki, indi də Müsavat daha çox KAXCP-yə müttəfiq kimi yanaşır və çox böyük ehtimal ki, Milli Şurada fəaliyyətlərini davam etdirərlərsə əsasən KAXCP-in gücünə arxayınlaşa biləcək.

Neytral ziyalılar

Ekspertlər hesab edir ki, bu gün Müsavatın Milli Şurada qalıb-qalmaması məsələsi şuraya daxil olacaq ziyalıların kimliyi ilə çox bağlı olacaq. Belə ki, hazırda hesab edirlər ki, Milli Şura 50 nəfərdən formalaşacaq və bunun əksəriyyəti neytral ziyalılardan ibarət olacaq. Müsavatda hesab edir ki, məhz bu səslərin hesabına Milli Şurada nüfuzunu qoruyub saxlaya biləcək. Müsavatın da əsas ümidi budur ki, Milli Şura daxilində vahid namizəd məsələsini öz xeyrinə həll etsin.

Rusiya marağı

Ekspertlər hesab edir ki, istənilən halda Milli Şuranın tərkibi və əsas məqsədi elan olunacaq və əsas gərginliklər də məhz bundan sonra başlayacaq. Çünki artıq bu faktdır ki, indiyə qədər müxalifət hər hansı birliyi müstəqli şəkildə yox, hansısa xarici qüvvələrin təsiri ilə formalaşdırıblar. Hələ bir müddət öncə yaradılan İctimai Palatada məhz qərbin layihəsi idi. Amma indi məsələ ondadır ki, yaranan yeni təşkilat Rusiyaya daha çox yaxındır və buda müxalifət mühitində yeni proseslərin başlanmasına təsir edəcək. İlk növbədə Milli Şuranın elan edəcəyi namizədə bu dəfə qərb yox, Rusiya xeyir-dua verməli olacaq. İsa Qəmbərin, yoxsa Əli Kərimlinin Rusiyanın şərtlərini qəbul etməsi isə hələ ki, düşündürücü məsələ olaraq qalır. Amma ekspertlər hesab edir ki, hazırda daha çox AXCP bu standartlara cavab verir və çox böyük ehtimal ki, proseslər bununlada tamamlanacaq. Amma belə olan halda Müsavatın AXCP-in sədri Əli Kərimlinin vahid namizəd olması ilə razılaşmayacağıda faktdır.

Gözlənilməz namizəd

Amma bəzi analitiklər başqa maraqlı bir ssenari üzərində də düşünürlər. Bu isə odur ki, AXCP və Müsavat ortaq məxrəcə gələ bilmir və nəticədə Milli Şura tamam başqa bir şəxsin namizədliyini gündəmə gətirir. Bu Eldar Namazovda , Abbas Abbasovda ola bilər. Bu isə ən sonuncu variant kimi düşünülür və belə olan halda müxalifət seçkilərə daha da parçalanmış şəkildə gedəcək. Bunu da qeyd edək ki, Abbas Abbasovun son açıqlaması da bu baxımdan kifayət qədər maraqlı idi və açıq-aşkar hiss olunurdu ki, Abbas Abbasov artıq ictimai fəaliyyətdən, tam olaraq siyasi fəaliyyətə keçid edib və onun Azərbaycanda prezidentliyə namizəd olması kifayət qədər mümkün bir variantdır. Bunu da vurğulayaq ki, ənənəvi müxalifət liderlərindən fərqli olaraq Abbas Abbasovun kifayət qədər maliyyəsi var və bu gün rəsmi kreml onu açıq şəkildə müdafiə edir. Tək bir məsələ var ki, bu gün Azərbaycan cəmiyyətində Rusiyaya inam yoxdur və bu Abbas Abbasovun işlərini korlayacaq. Tək bunu demək kifayətdir ki, son "Eurovision" mahnı yarışmasında Azərbaycan cəmiyyəti Rusiyaya səs vermədi. Adi müsabiqədə belə Rusiyaya dəstək verməkdən imtina edən bir cəmiyyət siyasi seçimdə Rusiyanın seçiminə razılıq verməyəcək. Beləliklə aparılan təhlillər sübut edir ki, Milli Şura ilk baxışdan müxalifətin xeyrinə işləyən, yeni ajiotaj yaradan güc kimi görünəcək. Amma hadisələrin inkişafı və ortaya çıxacaq iddialar Milli Şuranı iflas edəcək. Artıq iflasın ilk məqamları görünməyə başlayıb.
Mehdi Əli