Azad Rəhimovu "OİK təftişi" gözləyir
Azad Rəhimovu "OİK təftişi" gözləyir

Komplekslərin inşasına xərclənən vəsaitlər arasındakı kəskin fərq araşdırılacaq

Hesablama Palatası Azərbaycanda inşa edilən olimpiya-idman komplekslərinə (OİK) ayrılan dövlət vəsaitlərini təftiş edə bilər. Bu barədə etibarlı mənbədən bildirilib.

Mənbənin sözlərinə görə, son illər Azərbaycanda idmanın inkişafı diqqət mərkəzindədir və bunun nəticəsidir ki, ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan dünyada "idman dövləti" kimi tanınır: "Amma onu da nəzərdən qaçırmaq olmaz ki, bəzi məmurlar idmanın inkişafına ayrılan vəsait üzərində şəffaflığı yetərincə tənzim etmirlər və bu da ortaya korrupsiya qoxuyan müəmmaların çıxmasına gətirib çıxarır".
Mənbə deyir ki, OİK-lərin tikintisinə xərclənən vəsaitlərdə kəskin fərqlərin olması da həmin müəmmaların əsassız olmadığına dair rəy yaradır: "Gənclər və İdman Nazirliyinin məlumatına əsasən, bir il əvvələdək ölkədə 33 OİK mövcud idi və onlardan 18-i istifadəyə tam hazırdır. Komplekslərdən 16-nı Gənclər İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komitəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib.
Ötən ilki çıxışlarının birində Gənclər və İdman Naziri Azad Rəhimov son 10 ildə Azərbaycanda idmanın inkişafına 1 milyard dollar xərcləndiyini söyləyərkən, özəl şirkətlərin OİK-lərin tikintisinə sərf etdiyi vəsaitləri nəzərdə tutub-tutmadığını açıqlamasa da, böyük ehtimala bunu da əlavə edib. Çünki təkcə 2005-2012-ci illərdə Gənclər və İdman Nazirliyinə 475 milyon manat (təxminən 600 milyon dollar) dövlət investisiyası yatırılıb. Bu da ölkəyə böyük neft pullarının daxil olması nəticəsində dövlət investisiya xərclərinin artması ilə bağlı olub.
Ondan əvvəlki illərdə büdcədən investisiya xərclərinə elə də böyük vəsait ayrılmadığından, 2002-2005-ci illərdə büdcədən idmanın inkişafı istiqamətində ayrılan (xərclənən yox-muəl.) vəsaitin də həcmi 100 milyon dolları ötməyib.
Ancaq həm büdcə, həm də özəl şirkətlərin hesabına idmanın inkişafı adı altında ayrılan pulların böyük hissəsi şəxsi ciblərə axdığından, reallıqda bu sahəyə nə qədər vəsaitin yatırıldığını söyləmək çətindir. Bunun sübutü üçün Azərbaycanda tikilən və tikilməkdə olan OİK-lərə xərclənən vəsaitlərə diqqət yetirmək kifayətdir. Dövlət büdcəsi hesabına tikilən OİK-lərə bu ilin əvvəlinə qədər 220 milyon manata yaxın vəsait xərclənib. Bunun 44, 4 milyon manatı Kür OİK-in tikintisinə xərclənib. Qalan 175 milyon manata yaxın vəsait isə 17 OİK-in tikintisinə xərclənib. Yəni, hər bir OİK-in tikintisi dövlət büdcəsinə orta hesabla təxminən 10 milyon manatdan artıq vəsaitə başa gəlib. Ancaq hətta tikinti mütəxəssisləri bu komplekslərin inşasının dəfələrlə ucuz qiymətə başa gəldiyini söyləyirlər. Bunu təxminən oxşar səviyyədə olan OİK-lərin tikintisinə xərclənən vəsaitlərdəki kəskin fərqlər də sübut edir. Diqqət edək: Sumqayıtda OİK-in tikintisinə 16 milyon manat, İmişlidə OİK-in tikintisinə təxminən 13 milyon manat, Tovuzda, Göyçayda və Qəbələdə OİK-lərin tikintisinə təxminən 12 milyon manat, İsmayıllıdakı OİK-ə 11,5 milyon, Ağdaş, Şağan və Hövsandakı OİK-lərə 10, 5 milyon, Şəmkir və Balakəndəki OİK-lərə 10 milyon, Biləsuvar və Kürdəmirdəki OİK-lərə 9,2 milyon, Füzuli və Oğuzdakı OİK-lərə 8,5 milyon, Ağdamdakı OİK-ə 3,6 milyon, Sabirabaddakı OİK-ə isə 837 min manat (rəqəmlər yuvarlaqlaşdırılıb-müəl.) vəsait xərclənib.
Ancaq dövlət büdcəsindən maliyyələşsə də, komplekslərin tikintisinə xərclənən vəsait arasındakı bu qədər böyük fərqin məntiqi izahını tapmaq mümkün deyil. Məsələn, Sabirabadın Qalağayın kəndində tikilən komplekslə Göyçayda və Qəbələdə inşa olunan kompleksin tamaşaçı tutumu və infrastrukturu arasında cüzi fərq olmasına baxmayaraq, xərclənən vəsait arasında 12 dəfə fərq var. Bu o deməkdir ki, həmin OİK-lərin tikintisinə ayrılan vəsaitlərin ən azı 70-80 faizi mənimsənilib. Sadə hesablama aparsaq ötən müddətdə OİK-lərin tikintisinə ayrılan yarıdan çoxunun şəxsi ciblərə axdığını söyləyə bilərik.
Maraqlıdır ki, son illər tikilən OİK-lərin inşası 10 milyon manatdan aşağı yekunlaşdırılmır. Bütün bu deyilənlərin fonunda isə olimpiya-idman komplekslərinin inşasının ciddi korrupsiya mənbəyinə çevrildiyini təxmin etmək mümkün deyil.
Mətbuatın və ekspertlərin bu mövzuda şübhələri isə dövlət vəsaitlərinin auditi ilə məşğul olan Hesablama Palatasını hərəkətə keçirə bilər. Görünür, elə bu ehtimal da idman sahəsinə məsul qurumda - Gənclər və İdman Nazirliyində təftişin aparıla biləcəyinə dair iddiaların ortaya çıxmasına səbəb olub.
Həmin iddiaların reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək. Odur ki, gözləyək.

Ülviyyə Qasımlı