Müxalifəti ələ almaq üçün fond yaradıldı
Müxalifəti ələ almaq üçün fond yaradıldı

Abbas Abbasov müxalifəti satın alır

Son günlər Moskvadan yenə ziddiyətli xəbərlər gəlməkdədir. Srağa gün açıqlama verən Abbas Abbasov ölkədaxili siyasi proseslərdən danışmışdı və bir neçə ultumativ açıqlama səsləndirmişdi. Məsələn, Abbas Abbasov bildirmişdi ki, onlara qarşı kim çıxarsa həmin qüvvələr yıxılacaq. Və yaxud bəyan etmişdi ki, iki xalqın birliyinə qarşı çıxanlarla mübarizə aparacaqlar.
Ekspertlər bildirmişdilər ki, Abbas Abbasov əslində bu açıqlaması ilə rəsmi kremlin mesajını Azərbaycan rəhbərliyinə çatdırıb və bu prosesin davamı olacaq. Amma deyəsən bunun davamını gözləməyə çox zaman lazım olmadı. Belə ki, Rusiya-Azərbaycan Təşkilatları İttifaqı və AzerRos-un təşkilatçılığı ilə Moskvada "Həyat bəxş et" adlı xeyriyyə aksiyası keçirilib. "Mir" konsert zalında baş tutan aksiyada çıxış edən Abbas Abbasov tədbirin əhəmiyyətindən danışıb: "Azərbaycanlılar Rusiyada qonaq deyillər. Onlar ölkənin siyasi, ictimai, iqtisadi həyatında aktiv iştirak edirlər. Burada yaşayan yaxud hər hansı subyektiv səbəblərdən bura gələn hər bir azərbaycanlı bilməlidir ki, Azərbaycanı, öz vətənini və öz xalqını təmsil edir". A.Abbasov həmçinin xeyriyyə işlərinin istər Rusiya, istərsə də Azərbaycanda tarixi ənənələrinin olduğunu xatırladıb. RATİ sədri hazırda Rusiyada yaşayan məşhur iş adamları Vagif Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov və digərlərini nümunə göstərərək onların Azərbaycan mesenatlığının gözəl ənənələrini davam etdirdiyini bildirib: "Bu ənənəni RATİ və AzerRos da davam etdirmək niyyətindədir. Artıq əsas məqsədi əlillərə, yetim uşaqlara, istedadlı tələbə gənclərə ünvanlı yardımı nəzərdə tutan tədbirlərin tam kompleksi hazırdır. Bu günlərdə Fond yaradılacaq, bank hesabı açacağıq və ora öz vəsaitlərimizi yerləşdirəcəyik. Biz hər bir ehtiyacı olan azərbaycanlıya və qeyri-azərbaycanlıya yardım edəcəyik". Bəs burada maraqlı nüanslar nədən ibarətdir? Ekspertlər hələ bir neçə ay öncə bildirmişdilər ki, Abbas Abbasovun həyata keçirtdiyi siyasət bundan ibarətdir ki, azərbaycanlıları daha çox ətraflarına toplasınlar və bununla da Azərbaycan hakimiyyətinə təzyiqi artırsınlar. Bu gün isə açıq şəkildə görünür ki, Abbas Abbasov bütün gücünü səfərbər edərək gəncləri bir araya toplamağa çalışır. Bundan başqa o bu prosesin davamlı olması və pul gücünə gücü artırmaq üçün fond yaratması da diqqəti cəlb edir. Ekspertlər hesab edir ki, Abbas Abbasovun özü də kifayət qədər imkanlı bir şəxsdir və bu fondu yaratmaqla "Milyarderlər İttifaqı"nın gücünü bir araya gətirirlər. Hətta buda hesab edilir ki, fond təsis edilməmişdən artıq bir neçə milyon dollar pul cəmləyə biliblər. Müşahidəçilər bunu da bildirir ki, toplanan pullar heç də yalnız Rusiyada yaşayan azərbaycanlıların bir araya gəlməsi üçün səfərbər olunmayacaq. Həm də bu pulların böyük bir hissəsi Azərbaycanda keçiriləcək prezident seçkilərinə yönəldiləcək. Bu bir neçə formada ola bilər. Məsələn, hazırda Rusiya Milli Şuranın təşkilatlanmasına önəm verir və çalışırlar ki, bu təşkilat xətti ilə müxalifəti ələ alsınlar və prezident seçkilərində alternativ namizədlə çıxış etsinlər. Ekspertlər hesab edir ki, məlum fonda yığılan pulların böyük hissəsi məhz bu prosesə sərf olunacaq. Bundan başqa hazırda belə bir fikirdə səsləndirilir ki, Abbas Abbasov az-maz sosial bazası olan partiyaları da ələ almaq üçün fonddan pul ayırmağa hazırlıq görür.
Fuad