Milli Şurada namizəd problemi...
Milli Şurada namizəd problemi...
Mübarizə Rüstəm İbrahimbəyovla Əli Kərimli arasında gedəcək.
Birlik yarandı, bəs sonra?

Müxalifətin yeni güc mərkəzi - Milli Şura elan edilsə də, birlik görüntüsü yaransa da, hələ müəyyən problemlər də qalır. Bu problemlərdən biri qurumun tərkibi, hədəfləri və vahid namizəd məsələsidir. Qurumu təsis edənlərin adları bəllidir. Amma sonuncu variant hələ müəyyən deyil. Ola bilsin ki, Milli Şuranın məramnaməsi elan olunanda biriləri qurumu tərk etsin. Şuranın hədəfləri də bəlli deyil.
ALP ldieri Lalə Şövkət də bildirib ki, qurumun elan olunması hələ hər şey demək deyil. Və nəyahət, Milli Şura vahid namizəd problemini həll etməlidir. Prezident seçkiləri ilində və özü də belə tələskənliklıə yaradılıbsa, deməli namizəd məsələsi də həll olunmalıdır. Vahid namizəd məsələsi həll olunmasa, Milli Şura 2003-cü ildə Londonda AXCP, Müsavat, AMİP və ADP liderləri tərəfindən elan olunmuş Demokratik Sabitlik İttifaqı adlı elektoratı sakitləşdirməyə hesablanmış qurumdan fərqlənməyəcək.
Vahid namizəd probleminin həlli isə ciddi məsələdir və müxalifət bu problemi çətinliklə həll edəcək. Hazırda Milli Şurada namizədliyini elan etmiş iki siyasətçi var. Bunlar Müsavat başqanı İsa Qəmbər və KXCP sədri Mirmahmud Mirəlioğludur. KXCP sədri onsuzda MŞ-a könülsüz daxil olub. Bu partiya hər an Şuranı tərk edə bilər. Prezidentliyə namizəd olub, siyasi dividendlər qazanmağa çalışan Müsavat başqanı Milli Şuraya girməklə onsuzda böyük risk edib və güzəştə gedib. Onun Milli Şura tərkibində namizəd olması özfəalliyyət kimi qiymətləndiriləcək. Bundan sonra da qurumdan çıxa bilməz. Söhbət Milli Şuranın ölkənin xarici siyasət kursu ilə bağlı mövqeyindən gedirsə, bu, artıq keçilmiş mərhələdir. Müsavat Milli Şuraya daxil olubsa, deməli, xarici siyasət kursuna da razılaşıb. Müsavat (partiyadakı məlum qrup) Milli Şuranın yaranmaması üçün əlindən gələni etdi. Lakin bacarmadı. Bunu "Azadlıq" qəzetinə müsahibəsində dolayısı ilə Əli Kərimli də bildirib. AXCP sədri deyib ki, Novxanıdakı aksiyada elan olunsaydı, Milli Şura bu tərkibdə olmazdı. Sətiraltı eyhamla Kərimli Müsavat başqanını nəzərdə tutur.
Müxalifətin illərdir həll edə bilmədiyi məsələ
Bu, vahid namizəd məsələsidir. Bu problemi həll edə bilməsə, Milli Şura da indiyə qədər yaranmış siyasi birliklərdən seçilməyəcək. Adın təmtəraqlı olması nətcəyə təsir etmir. Milli Şura 1918-ci ildə tarixi nailiyyətlər imza atmış Milli Şuraya bənzədilir. Bu şura da mayın 28-də elan olundu. Bu cür bənzətmələr uğur gətirsəydi, 20 ildi müxalifətdə olan Müsavat Partiyası gərək hakimiyyətdə olaydı. Və ya müxalifət hər il sentyabrın 15-də Bakıda əzəmətli aksiya keçirəydi. Vaqif Hacıbəylinin Əhrar Partiyası parlamentdə təmsil olunaydı. Göründüyü kimi, ad heç nəyi dəyişmir. Əsas bundan sonrakı fəaliyyətdir.
AXCP-nin Milli Şuranın qurulmasında göstərdiyi çaba qeyd olunmalıdır. Amma AXCP yetkililərinin davranışları göstərir ki, onlar Şuranın yaranmasını ona görə istəyirmişlər ki, qurum Əli Kərimlinin vahid adaylığını dəstəkləsin. Kərimli müsahibəsində "Milli Şura hökmən vahid namizədlə seçkiyə getməlidir" deyib. AXCP funksionerlərinin ara-sıra Rüstəm İbrahimbəyovun "peşəkar siyasətlə məşğul olmadığına" işarə vurmaları belə deməyə əsas verir ki, cəbhəçilər sədrlərinin vahid namizəd olmasına çalışacaqlar. ALP ldieri Lalə Şövkət isə Rüstəm İbrahimbəyovun namizədliyini təklif edib. Bundan öncə İbrahimbəyov "aralıq dövrünün keçid hökumətindən" danışmışdı. Görünür, prezidentliyə namizəd olmağa onun da könlü var. ACP və ALP liderlərinin İbrahimbəyovu dəstəkləyəcəkləri bəlli məsələdir. KXCP və Müsavatın AXCP ilə rəqabətlərini nəzərə alsaq, onlar da seçim olarsa, Ziyalılar Forumun liderinə səs verə bilərlər. Bu halda AXCP sədri vahid adaylığı İbrahimbəyova uduza bilər. Amma nəzərə alsaq ki, AXCP sədrinin mətbuatla işləmə metodları var və qarşı tərəf də peşəkar siyasətlə məşğul olmur, o zaman fərqli situasiya yaranır. İndilikdə Müsavatı Milli Şuraya gətirməyə nail olmaqla AXCP sədri ilk uğurunu qazanıb. Qalır İbrahimbəyovu vahid namizədlikdən kənarlaşdırmaq.