Vəzifədəki “qocalar”ın son payızı
Vəzifədəki “qocalar”ın son payızı

Hər ötən gün onları vəzifələrinin “qürub”una yaxınlaşdırır

Qarşıdakı payız yalnız ağacların deyil, hökumətin də “yarpaq tökümü” ilə müşaiyət olunacaq. Bunu iqtidar içindəki siyasi proseslərdən məlumatlı olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, oktyabrda keçiriləcək prezident seçkisinin ardınca formalaşacaq yeni hökumətdə əsasən gənc və orta yaşlı kadrların təyinatına üstünlük veriləcək. “Ölkə başçısı bu günlərdə Bakıda keçirilən “Azərbaycan-ABŞ Gələcəyə baxış” adlı forumdakı çıxışında Azərbaycanda siyasi islahatların davam etdiriləcəyinə dair açıq mesaj verdi. Hesab etmək olar ki, bu, payızda ölkədəki mövcud hökumətin tərkibinin yaş və dünyagörüş baxımından əhəmiyyətli şəkildə yeniləşəcəyinə dair ən yüksək səviyyədə yekun qərara gəlindiyinin işarəsidir” deyə qaynağımız əlavə edib.
Qeyd edək ki, son il yarımda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun ardınca təhsil naziri postuna da xaricdə təhsil almış gənc Mikayıl Cabbarovun gətirilməsi uzun illər hakimiyyətdə olan “köhnə qvardiya”da ciddi gərginlik yaradıb. “Qocalar” belə hesab edir ki, hakimiyyət bu templə gəncləşdirilsə, çox yaxın gələcəkdə əksəriyyət postları ilə vidalaşmalı olacaq.
Bəzi KİV-lərin, kənar müşahidəçilərin, analitiklərin rəyinə görə, hökumətdəki gəncləşdirmə yönündə prosesə müqavimət göstərməyin mənasız olduğunu qəbul etsələr də, “köhnə qvardiya” üzvləri əlini əlinin üstünə qoyub gözləmirlər. “Qocalar” ölkədə elə bir situasiyanın yaranmasını istəyirlər ki, ölkə rəhbərliyinin onlara kəskin ehtiyacı yaransın; iqtidarın təhlükəsizliyi amili hər cür islahat və dəyişiklik zərurətindən üstün olsun.
Amma hesab olunur ki, belə gözləntilər əbəsdir; artıq hökumət daxilində yaşlı məmurlarla yolların ayrılması cəmiyyətin sosial sifarişinə çevrilib, qoca məmurların görəvlərindən alınmasının ictimai rəydə pozitiv qarşılanması bu prosesin qarşısıalınmaz olacağından xəbər verir.
Xatırladaq ki, hazırda hökumətin tərkibində yaşı 60-ı keçmiş xeyli kadr var. Onların siyahısına nəzər salaq.
1. Baş nazir Artur Rəsizadə - 78 yaş;
2. Baş nazirin müavini Elçin Əfəndiyev - 70 yaş;
3. Baş nazirin müavini Əli Həsənov - 65 yaş;
4. Baş nazirin müavini Abid Şərifov - 73 yaş;
5. Müdafiə naziri Səfər Əbiyev - 63 yaş;
6. Daxili işlər naziri Ramil Usubov - 65 yaş;
7. Səhiyyə naziri Oqtay Şirəliyev - 63 yaş;
8. Nəqliyyat naziri Ziya Məmmədov - 61 yaş;
9. Energetika və sənaye naziri Natiq Əliyev - 66 yaş;
12. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov - 66 yaş;
13. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov - 76 yaş;
14. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev - 70 yaş;
15. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə - 60 yaş.
Bunlar hələ hökumətin birinci eşalonunu təmsil edən məmurlardır. İcra başçıları, nazir və komitə sədrlərinin müavinləri və s. kimi ikinci eşalona aid məmurlar sırasında “qocalar”ın çoxluğunu yaddan çıxarmayaq. Belədə hesab etmək olar ki, payızdan sonrakı dönəmdə biz yaşı artıq kifayət qədər irəliləmiş, idarəçilik məsələlərində daha çox köhnəlmiş bürokratik metodlara üstünlük verənlərin tutduqları postlardan kütləvi ixracının şahidi olacağıq.
Mənbəmiz qeyd edir ki, hazırda “köhnə qvardiya”nın narahatlıqları fonunda iqtidar içi islahatçı qanad məmnun və təmkinlidir. Bu qanad hakimiyyətə yeni nəfəs gətirmək üçün hökümətin böyük əksəriyyətini dəyişdirməklə bu planı dəstəkləyir. Onların fikrincə, yaxın bir il müddətində hökümətin dəyişdirilməsi və yenilənməsi hakimiyyətə ən azından 5 il rahatlıq gətirəcək. İslahatçı qanad hakimiyyətin bütün qanadlarında ciddi kadr dəyişikliyinin aparılması kimi çıxış edir ki, bu da təbii olaraq “qocalar” qruplaşmasını narahat edir. “Köhnə qvardiya” bu planın onlara qarşı olduğunu yaxşı anlayır və bütün gücü ilə bu plana qarşı çıxır. İqtidariçi “islahatçılar” öz təmkinli davranışı ilə yaşlı məmurlarla qarşıdurmadan qaçır, onlar əllərinə əks-hücum üçün bəhanə vermək istəmirlər.
Hesab olunur ki, cəmi bir neçə ay da dözmək lazımdır, çünki prezident seçkisindən sonrakı ilk 6 ay içində şərti olaraq “islahatçılar” adlandırdığımız qanadın “köhnə qvardiya” üzərində qələbəsi tam reallaşacaq.

Azər Aslan