ABŞ-dan Azərbaycana alqış
ABŞ-dan Azərbaycana alqış
Azərbaycanın fəaliyyəti yüksək qiymətləndirildi

Son zamanlar ABŞ-Azərbaycan münasibətlərində maraqlı proseslər baş verir və demək olar ki, bu proseslər yeni mərhələnin başlanığıcı kimi də dəyərləndirilə bilinər. Nədən? İlk növbədə ona görə ki, Azərbaycanın Rusiya və İranla münasibətlərdə yaşadığı bəlli gərginlik fonunda Vaşinqtonun dəstəyinə ehtiyacı artıb və bunu Ağ evdəkilərdə yaxşı bilir.

Elə bu günlərdə Bakıda iki ölkə münasibətləri ilə bağlı toplantının keçirilməsi də buna misal ola bilər. Rəsmi Bakı ABŞ-ın Konqres üzvlərinin və siyasi ekspertlərinin Bakıya gəlmələri və bu məqsədlə forum keçirilməsi üçün kifayət qədər enerji və maliyyə xərcləyib. Rəsmi Bakı bu forum vasitəsilə Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığına sadiq qalacağını, enerji və təhlükəsizlik sahəsində Vaşinqtona bundan sonra da hər cür yardım verəcəyini, ancaq bunun əvəzində də ABŞ-ın Azərbaycanı mümkün regional təhlükələrdən qoruması gərəkliyi mesajını çatdırmaq istəyib. Prezident İlham Əliyevin forumdakı çıxışının əsas tezisləri də bundan xəbər verir. Dövlət başçısı çıxışının əsas qismini enerji və təhlükəsizlik sahələrinə həsr edib. Bu o iki sahədir ki, ABŞ-la Azərbaycan arasında əməkdaşlıq həqiqətən yüksələn xətt üzrə inkişaf edir. Bölgənin zəngin enerji resurslarının Rusiyadan yan keçməklə Avropa bazarına çatdırılması və Əfqanıstana daşınan və gələn il geri dönəcək hərbi yüklərin Azərbaycanın hava sahəsi üzərindən daşınmasına Bakının verdiyi dəstək Vaşinqtonun maraqlarına cavab verir. Bununla yanaşı hazırda Azərbaycan Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə marağının artması, Ermənistana təzyiq etməsini istəyir. Bakı Kremlin vasitəçiliyinin ədalətli olmadığını, əksinə bu "vasitəçiliyin" işğalın daha da uzanmasına xidmət etdiyini anlayaraq, Vaşinqtonun prosesə müdaxilə etməsini istəyir. Əgər Rusiya Ermənistana hərbi yardım edirsə, bu ölkəyə modern silahlar göndərirsə, ABŞ isə bu ölkəyə maliyyə yardımları ayırır. Bu baxımdan Azərbaycanın hakimiyyət dəhlizlərində belə bir fikir var ki, əgər Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək məqsədilə Ermənistana təzyiq etsə, Yerevan okeanın o tayından aldığı maliyyəni itirməmək naminə geri addım ata bilər. Bundan başqa ABŞ-in Azərbaycana yaxınlaşması həm də Rusiyanın bölgəyə girişini əngəlləyə bilər. Bəs ABŞ necə bu addımı atacaqmı? ABŞ Dövlət Departamentinin son hesabatı sübut edir ki, bu ölkə Azərbaycanla müttəfiqlikdə maraqlıdır və əsas fikri terrora qarşı mübarizəyə yönəldir və bu istiqamətdə Azərbaycanın atdığı addımları alqışlayır. Belə ki, Dövlət Departamentinin hesabatının Azərbaycana aid hissəsində deyilir ki, Azərbaycan Qafqaz vasitəsilə trafikinq, çirkli pulların yuyulması və qaçaqmalla məşğul olan terror təşkilatları ilə fəal mübarizə aparır: "Ölkə terrorçuluqla mübarizə səylərini gücləndirir və terror təşkilatlarının fəaliyyət göstərməsinin qarşısını almaqda uğurlar əldə edib".Hesabatda Azərbaycan təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı keçirdiyi uğurlu əməliyyatlardan söz açılıb. Çirkli pulların yuyulması ilə mübarizəyə dair bölmədə deyilir ki, Azərbaycan bu hala qarşı mübarizə aparan bir sıra təşkilatların üzvüdür və 2009-cu ildən bəri bu sahədə 15 qanun qəbul edilib, 6 prezident fərmanı imzalanıb.Hesabatın Azərbaycana aid hissəsinin sonunda ölkənin dini radikalizmə qarşı atdığı addımlar da qeyd olunub.Bunu da qeyd edək ki, son zamanlar iki ölkə arasında Milli Demokratiya İnstitutuna görə problemlər yaranmışdı. Deyəsən artıq bu məsələdə həllini tapıb. Belə ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Milli Demokratiya İnstitutu ilə bağlı bəyanat verib. ABŞ səfirliyinin mətbuat xidmətindən daxil olan bəyanatda deyilir: "Azərbaycan hökuməti bizə məlumat verib ki, Milli Demokratiya İnstitutu ilə bağlı məsələ həll olunub. Milli Demokratiya İnstitutu vətəndaş cəmiyyətini inkişaf etdirməyə kömək göstərmək üçün Azərbaycanda öz işini davam etdirəcək".
Mehdi Əli