Avropa Şurasından dişsiz sənəd
Avropa Şurasından dişsiz sənəd

Ermənistan aktivləşir

Hazırda Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edən Ermənistanın paytaxtı İrəvanda keçirilən AŞPA Bürosunun və Daimi Komitənin iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyannamə qəbul olunacaq.Bəyannamə layihəsində deyilir ki, münaqişənin həlli üçün sülh yollarının axtarışı Ermənistan və Azərbaycanın Avropa Şurasına üzv olarkən öz üzərinə götürdüyü öhdəliklərdən irəli gəlir.
"Bu kontekstdə AŞPA ATƏT-in Minsk Qrupu və "Madrid prinsipləri" üzərində aparılan danışıqlara tam dəstəyini bildirir. Assambleya ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həlli yollarının axtarılmasının intensivləşməsi üçün Ermənistanı və Azərbaycanı Avropa Şurasının Nazirlər Komitəsində sədrliyin onlara verdiyi imkanlardan yararlanmağa çağırır. Bu, Avropa Şurasının Nazirlər Komitəsində Ermənistanın sədrliyi dövründə və sonradan Azərbaycanın həmin qurumdakı sədrliyi müddətində prioritet məsələ olmalıdır". Bəyannamə layihəsində qeyd olunur ki, AŞPA öz növbəsində parlament diplomatiyası çərçivəsində iki ölkənin parlamentarları arasında etimad mühitinin yaranması və dialoqun asanlaşdırılması üçün əlindən gələni etməyə hazırdır. Bunu da xatırladaq ki, Azərbaycan nümayəndə heyəti bu tədbirə qatılmayıb. Səbəb isə budur ki, işğalçı bir ölkənin AŞPA Nazirlər Kabinetinə sədrlik etməsini demokratiyaya zərbə kimi dəyərləndirirlər. Bəyannaməyə gəldikdə isə ekspertlər hesab edir ki, bu çox dişsiz bir bəyannamədir və əslində prosesləri tormuzlayan bir addımdır. Ekspertlər hesab edir ki, Azərbaycan tərəfi bununla barışmamalı və məsələni daha ciddi şəkildə gündəmə gətirməlidir. Ümumiyyətlə müşahidəçilərin qənaəti budur ki, Avropanın Dağlıq Qarabağ probleminə yanaşması çox ziddiyətlidir və əksər hallarda Azərbaycanın maraqları nəzərə alınmır. Buna görə də hesab edilir ki, problem yenidən BMT-in gündəminə gətirilməlidir. Bunun üçün isə faktiki imkanlar var. Ekspertlər bunu da bildirir ki, bu gün qərb üçün əsas məsələ Dağlıq Qarabağ probleminin həlli yox, atəşkəsin sadəcə qorunması məsələsidir. Bu səbəbdən də zaman-zaman belə sənədlər qəbul edilir və ölkələr üzərinə qoyulan öhdəliklər yada salınır. Analitiklər hesab edir ki, yaxın 6 ay ərzində AŞPA-dan ümumiyyətlə Dağlıq Qarabağ məsələsi ilə bağlı heç nə gözləməyə dəyməz. Çünki 6 ay ərzində Ermənistan Nazirlər Kabinetinə sədrlik edəcək və onlar hazırda çalışırlar ki, bu zamandan istifadə edərək prosesləri öz xeyirlərinə həll etsinlər. Hazırda buda qeyd olunur ki, Ermənistan AŞPA-ya yeni sənəd təqdim etməyə hazırlaşır. Sənəddə Dağlıq Qarabağdakı hava limanının açılması üçün qərbdən dəstək istənilir. Qeyd edək ki, artıq Fransanın bu məsələyə yanaşmasında bir loyallıq var və bu digər ölkələrə də siraət edə bilər. Belə ki, Fransa tərəfi hesab edir ki, Xankəndi hava limanı dinc məqsədlər üçün istifadə oluna bilər. Bu isə sözsüz ki, Azərbaycan üçün ağır zərbə olacaq. Bunu da qeyd edək ki, hazırda Ermənistan bütün vasitələrdən istifadə edir ki, Dağlıq Qarabağla komunikasiya əlaqələrini daha da sıxlaşdırsın ki, sonradan bunun özündən də istifadə etsinlər. Elə buna görə də hazırda Ermənistan digər bir layihə üzərində işləyir. Söhbət Dağlıq Qarabağla Ermənistanı birləşdirəcək yeni yolun çəkilişindən gedir. Layihəyə görə bu gün Ermənistanın Vardenis rayonundan Ağdərə istiqamətində yol çəkilişinə hazırlıq görülür. Buna görə də ekspertlər hesab edir ki, Azərbaycan məsələni BMT səviyyəsinə çıxartmalı və ən azından hazırki statusun qorunmasına nail olmalıdır.
Toğrul Əliyev