"Bəzi dövlətlər qlobal davranış normalarına riayət etmir"
"Bəzi dövlətlər qlobal davranış normalarına riayət etmir"

Bakıda təşkil olunan II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru" mövzusunda sessiya keçirilib.
Monteneqronun elm naziri Sanya Vlahoviç ölkəsində multimədəni icmalar arasında dialoqun möhkəmləndirilməsi, gənclərlə iş və rəhbərlik etdiyi nazirliyin fəaliyyəti haqda danışıb. O bildirib ki, ümumi qlobal problemlər və təhdidlər bütün ölkələrə xasdır və bu problemlərə qarşı innovativ metodlardan istifadə etməklə birgə mübarizə aparılmalıdır.
ABŞ-dakı Dünyanın Gələcəyi Cəmiyyətinin yaradıcısı və rəhbəri Xose Kordeyro Silikon vadisində yerləşən və Google ve NASA tərəfindən maliyyələşdirilən institut haqda məlumat verib. O, iştirakçılara insanın genetik xəritəsinin müəyyən olunması üçün hazırlanan aparatı və gələcəkdə fikirlərin oxunması yolu ilə təmaslara şərait yarada biləcək qurğunu nümayiş etdirib. X. Kordeyro 10-20 ildən sonra bu qurğuların gündəlik istifadə olunacağını söyləyib. Qonaq qeyd edib ki, genetikanın şifrəsini açdıqdan sonra insanlar bir-biri ilə genetik baxımdan nə qədər yaxın olduqlarını görəcəklər: "İsraillilər və fələstinlilərin bir-biri ilə qohumluğu və semit qrupuna aid olduqları müəyyənləşib. Ola bilər ki, bu qurğu reallığa çevrildikdən sonra azərbaycanlılar və ermənilərin, hətta gürcülərin qohumluğu üzə çıxsın".
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışında Azərbaycanın multikulturalizmə yanaşmasından danışaraq Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin dinc yanaşı yaşadığı və mövcud olduğu bir ölkə olduğunu vurğulayıb. O xatırladıb ki, Azərbaycan qadınlara hətta bəzi Avropa ölkələrindən daha əvvəl səsvermə hüququnun verildiyi ilk müsəlman ölkəsidir. AAC rəhbərinin sözlərinə görə, Qafqaz Albaniya dövründən qalan çoxlu sayda xristian abidəsi Azərbaycanda indiyə qədər qorunub və qorunmaqdadır.
X. Kordeyronun münaqişə aparan bəzi xalqlar arasındakı qohumluq barədə söylədiklərinə toxunan T. Heydərov deyib ki, bu, doğru ola bilər, məsələn, Balkan xalqlarının bənzərliyi çoxdur: "Azərbaycanın da Ermənistanla müəyyən kültür bənzərliyi ola bilər. Problem fərqli etnik mənsubiyyətdə deyil, mental sahədədir. Biz mədəni və mental sahədəki fərqliliklərə hörmət etməliyik, lakin qlobal dünyada müəyyən davranış normaları var. Bu gün bəzi dövlətlər bu normaları rəhbər tutmur. Azərbaycanın əraziləri hələ də işğal altındadır və ölkədə böyük miqdarda qaçqın və məcburi köçkün var."