Dərman biznesmenlərindən Oqtay Şirəliyevə sərt üsyan
Dərman biznesmenlərindən Oqtay Şirəliyevə sərt üsyan

Nazirliyin yeni qaydaları ciddi narazılıqlara yol açdı

Səhiyyə Nazirliyinin ötən həftə ictimaiyyətə elan etdiyi yeni qaydalar narazılıqla qarşılanıb. Artıq nazir Oqtay Şirəliyevlə bağlı ciddi narazılıqlar yaranmaqda və hökumətə şikayətlər ünvanlanmaqdadır. Bu barədə redaksiyamıza məlumatlı mənbə bildirib.

Mənbənin dediyinə görə, Azərbaycanda tibbi xidmətlə məşğul olan və dərman preparatlarının idxalını və satışını həyata keçirən klinika və firmaları qıcıqlandıran Səhiyyə Nazirliyinin hazırladığı yeni qaydaların həddən artıq sərt olmasıdır. “Bu qaydalara görə Azərbaycanda tibbi xidmətlərin və dərman preparatlarının reklamı çətinləşəcək. Bundan sonra ölkə ərazisində yalnız həkim resepti olmadan buraxılan dərmanların reklamına icazə veriləcək, tibbi xidmətlərin reklamını isə yalnız bu sahədə ixtisaslaşmış mütəxəssislər həyata keçirə biləcək. Eyni zamanda yeni qaydalara əsasən, tibbi xidmətlərin və dərmanların reklamına rəy almaq istəyən şəxs Oqtay Şirəliyevin nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəçi qismində tibbi xidmətlərə münasibətdə özəl tibb fəaliyyətinin subyektləri, dərmanlara münasibətdə isə dərman vasitələrinin istehsalı ilə məşğul olan hüquqi şəxslər çıxış edə bilərlər” deyə mənbəmiz əlavə edib.
Qaynağın sözlərinə görə, ilk baxışda qaydaların vətəndaşların maraqlarına uyğun olduğu nəzərə çarpsa da, tibbi klinika rəhbərləri və dərman biznesi ilə məşğul olanlar həmin qaydaları onların önündə bürokratik əngəlləri artıran yeni maneələr kimi qəbul edirlər: “Məsələn, yuxarıda haqqında danışdığımız ərizəyə digər sənədlərlə yanaşı, tibbi xidmətlərin reklamında iştirak edən mütəxəssislərin müvafiq təhsilə və ixtisasa malik olmalarını təsdiq edən sənədlərin notariat qaydasında təsdiqlənmiş surəti də əlavə olunmalıdır. Hesab olunur ki, bunlar əlavə zaman və enerji itkisidir. Digər tərəfdən, korrupsiya üçün münbit şərait hazırlayır. Çünki təcrübə göstərir ki, hansı işdə tələb olunan sənədlər çoxdursa, orada rüşvət almaq imkanları da genişlənir”.
Narazılıq yaradan başqa bir məqam isə ondan ibarətdir ki, qaydalara əsasən, reklam olunacaq xidmətlər xüsusi razılıq (lisenziya) ilə müəyyən edilmiş fəaliyyət növlərinə uyğun olmalıdır. Bundan başqa, reklam olunacaq xidmətləri göstərən tibb mütəxəssisləri qanunvericiliyə uyğun olaraq müvafiq ixtisasa malik olmalıdırlar. Başqa sözlə, hər hansı tibbi xidmətin reklamı zamanı həm xidməti göstərəcək mütəxəssislərin, həm də bilavasitə reklamın özündə iştirak edən mütəxəssislər bu sahədə müvafiq ixtisasa malik olmalıdırlar. Reklam ediləcək dərman vasitəsi isə dövlət qeydiyyatına alınmış və həkim resepti olmadan buraxılan olmalıdır, başqa sözlə, bundan sonra ölkə ərazisində yalnız həkim resepti olmadan buraxılan dərmanlar reklam edilə bilər: “Qaydaların bu hissəsinin dərman biznesi ilə məşğul olanların maraqlarına zərbə olduğunu düşünənlər az deyil. Hesab edilir ki, Oqtay Şirəliyevin nazirliyi bununla dərman bazarında rəqabət imkanlarının azaldılmasına rəvac verəcək”.
Səhiyyə Nazirliyinin tibbi xidmətlərin və dərmanların reklamı ilə bağlı ərizəyə daxil olduğu gündən başlayaraq ən geci 30 gün müddətində rəy verilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməsi kimi bir səlahiyyətə sahib olması da dərman bazarındakı nisbətən gücsüz, arxasız şirkətlərin əl-qolunu bağlamaq cəhdi kimi qiymətləndirilir. Eyni zamanda o da istisna edilmir ki, reklam müəyyən edilən qaydaların tələblərinə cavab vermədikdə ərizəçiyə rəy verilməsindən imtina edilməsi də səhiyyə sistemində yeni rüşvət imkanlarının yaranmasına yol açacaq.
Hazırda tibbi klinikaların rəhbərləri, onların arxasındakı məmurlar, dərman biznesi ilə məşğul olanlar və onların vəzifəli himayədarları öz etirazlarını aşağı səslə dilə gətirsələr də, onların Oqtay Şirəliyevin belə sərtləşdirici addımları davam etdirəcəyi təqdirdə nazirə qarşı əks-həmlələrə keçəcəyi istisna olunmur. Hesab edilir ki, xüsusilə seçki ili kimi həssas bir dövrdə bu, hörmətli Şirəliyev üçün heç də arzuolunan nəticələr verməyə bilər.
Ülviyyə Qasımlı