Məmur şirkətlərində dəhşətli qorxu
Məmur şirkətlərində dəhşətli qorxu

Böyük cərimələr dalğası əndişələr yaradıb

Son vaxtlar müvafiq dövlət qurumlarının tanınmış şirkətlərdə, restoranlarda apardıqları yoxlamalar sonucunda yüksək məbləğli cərimələrin təyin edilməsinə və digər sərt cəza tədbirlərinin elan olunmasına üstünlük verməyə başlaması narahatlıqlar yaradıb. Hətta arxasında kifayət qədər nüfuzlu, təsir imkanları geniş olan məmurların biznes quruluşlarında da belə təftişlərin, yoxlamaların qəzəbinə tuş gələ biləcəklərinə dair ciddi əndişə hökm sürür. Bu barədə redaksiyamıza məlumatlılığına şübhə etmədiyimiz qaynaq bildirib.

Qaynağın sözlərinə görə, əslində bu cür əndişələr səbəbsiz deyil və xüsusilə son bir ay, ay yarım ərzində baş verənlər bəzi məmur şirkətlərində belə xof yaranması üçün əsaslar verir: “Gəlin bəzi faktları xatırlayaq və baş verənləri həmin faktların işığında xatırlayaq. Məsələn, ötən ayın əvvəllərində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı “Blend-a-med” diş məcunu, “Oral-B” diş fırçası və “Always-Ultra” qadın bezlərinin reklamlarında istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə edildiyi müəyyən olunub. Həmin reklamların sifarişçisi olan “Engin LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və işə baxılarkən müəssisə tərəfindən antiinhisar orqanına düzgün olmayan məlumatların təqdim edildiyi müəyyən edilib. Bundan sonra isə arxasında nüfuzlu məmurlardan birinin dayandığı iddia olunan həmin şirkətə 2 milyon dollar civarında sanksiya tətbiq edilib. Yaxud, bir neçə gün əvvəl paytaxtın məşhur obyektlərindən birində - “Pizza-İnn” kafe-restoranda aşkar olunmuş nöqsanlarla əlaqədar müəssisənin rəhbəri 5000 manat cərimə edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin cərimə qərarı ilə bərabər müəssisəyə sərt xəbərdarlıq etdiyi də məlumdur. Bu kafe-restoranın da arxasında iri məmurlardan birinin yaxın qohumunun dayandığına dair söz-söhbətlər var. Bundan başqa, ötən ay Milli Məclisin sabiq üzvü Baba Tağıyev də oxşar xoşagəlməz situasiya ilə üzləşib. Belə ki, ona məxsus şirkət yenidən hədəfə gəlib. Yəni "Avropa Qapıları" adı ilə qapı və mebel istehsal edən "Tağıyev" şirkəti tərəfindən istehlakçı hüquqlarının pozulması barədə vətəndaşlardan gələn şikayətlər əsasında aparılmış araşdırmalar sonucunda 4000 manat məbləğində cərimə tətbiq edilib. Ən əsası isə istehlakçıların hüquqlarının bərpa olunması barədə Dövlət Xidməti tərəfindən "Tağıyev" şirkətinə verilmiş icrası məcburi göstərişin yerinə yetirilməsinin təmin olunması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş əlavə tədbirlərə start verilib”.
Qaynağımızın dediyinə görə, son bir ay-ayyarım ərzində çoxsaylı belə faktların ortaya çıxması güclü himayədarı olan şirkətlərin özlərini belə qorxuya salmaqdadır: “Məsələ yalnız cərimə olunmaqda deyil. Əsas odur ki, bəzi məmurlar şirkətlərinin adlarının “qara siyahı”ya düşməsindən, vaxtaşırı təftişlərə məruz qalmasından narahatdırlar. Çünki bəzən hansısa şirkətə tətbiq olunan cərimə onun gəlirləri ilə müqayisədə simvolik məbləğ kimi görünür. Amma pərdəarxasında bu şirkətlərin təftişlərdən ucuz qurtulmaq üçün xeyli “tərləmək” məcburiyyətində qaldıqları sirr deyil. Digər tərəfdən, adı müvafiq dövlət qurumlarının “qara siyahı”sına düşən şirkətlər sonradan vaxtaşırı qəfil yoxlamaların hədəfinə çevrilir ki, bu da onlara həm maddi, həm də hüquqi baxımdan ciddi başağrıları yaradır”.
Qaynağımızın sözlərinə görə, bəzi məmur şirkətlərinin narahatlığını artıran isə həm də odur ki, artıq ölkə rəhbərliyi qanunsuzluqlarla, vətəndaşları narazı salmaqla məşğul olan məmurların, onların yaxınlarının cəzalandırılması yönündə iradə nümayiş etdirir: “Bu isə aidiyyatı dövlət qurumlarının fəaliyyətində qanunsuzluqlara və özbaşınalıqlara yol verən məmur şirkətlərinə qarşı da sərt davranmasını stimullaşdırır. Artıq məmurlar şirkətləri ilə bağlı meydana gələn qanunsuzluq və özbaşınalıq faktlarının ört-basdır edilməsi üçün yoxlama aparan dövlət qurumlarına aşkar təzyiq etməkdən çəkinirlər. Fikirləşirlər ki, bu ortaya çıxsa qaş qayırarkən vurub gözü də çıxarmış olarlar, yəni təkcə şirkətlərinin başı üzərindəki təhlükə daha da artmaz, həm də onların öz karyeraları da riskli vəziyyətə düşər”.
Mənbəmiz istisna etməyib ki, önümüzdəki həftələrdə və aylarda biz arxasında bəzi ayrı-ayrı məmurların dayandığı heç bir şübhə doğurmayan biznes subyektlərinin də aparılan yoxlamalar sonucu sərt cəzalarla qarşı-qarşıya qaldığını müşahidə edək: “Hətta onların arasında yetərincə məşhur məmur şirkətlərinin olması da istisna edilməməlidir. Bunu artıq müvafiq dövlət qurumlarının arxasında güclü əlin olduğu müəssisələrdə belə qanunların işləkliyini təmin etmək yönündə cəsarətli addımlar atmağa başlaması, iradə nümayiş etdirməyə çalışması da açıq-aşkar göstərir”.
Azər Aslan