İsmət Abbasovu Rəsul Quliyevə nə bağlayır?
İsmət Abbasovu Rəsul Quliyevə nə bağlayır?

Nazirin qohumu keçmiş eks-spikerin təbliğatçısı olub

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun yaxın qohumlarından biri ölkənin eks-spikeri, hazırda ABŞ-da mühacirət həyatı yaşayan Rəsul Quliyevin təbliğatı ilə məşğul olub. Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu, Elman Mövsümovdur. Elman Mövsümov hazırda Gəncədə Dövlət Aqrar Universitetinin dekanıdır. "Onun bu görəvə gəlməsində məhz nazirin yaxın qohumu olmasının həlledici rol oynadığı şübhəsizdir" deyə məlumatda bildirilib.
Həmçinin iddia edilir ki, Elman Mövsümov hazırda başsız qalan Aqrar Universitetin rektoru olmağa can atır. "İstisna deyil ki, İsmət Abbasovla qohumluq əlaqələri Elman müəllimin burada da köməyinə çatsın və o, Gəncədə fəaliyyət göstərən bu nüfuzlu ali təhsil müəssisəsinin başına gətirilsin" deyə məlumatda vurğulanır.
Məlumata görə, Elman Mövsümov uzun illər Rəsul Quliyevin ən qatı tərəfdarlarından biri kimi fəaliyyətdə göstərib. O, xeyli müddət Rəsul
Quliyevin rəhbərlik etdiyi siyasi partiyanın Gəncə şəhər təşkilatının sədri də olub: "Amma sonradan eks-spikerin partiyasından uzaqlaşan Aqrar Universitetin dekanı karyera yolunda sürətlə irəliləməyə başlayıb. Hazırki vəzifəsinədək yüksələn Elman Mövsümovun 2010-cu ildə ölkə başçısının fərmanı ilə "Əməkdar müəllim" fəxri ad almasının özü də diqqətçəkicidir".
Bildirilir ki, hazırda İsmət Abbasovun yaxın qohumu, rəsmən Rəsul Quliyevin partiyasında təmsil olunmasa da, ona qarşı siyasi rəğbətini qoruyur.
Elman Mövsümov özü isə bu barədə səslənən iddialarla qismən razılaşıb. O, "Unikal"ın əməkdaşı ilə söhbətində vaxtilə Rəsul Quliyevin ən aktiv tərəfdarlarından olduğunu təsdiqləyib. Amma hazırda ölkə başçısının yürütdüyü siyasi kursu müdafiə etdiyini bildirən həmsöhbətimiz keçmişlə bağlı məsələlərin indi yenidən gündəmə gətirilməsini doğru saymadığını deyib.
Qeyd edək ki, iqtidar içində hazırda kənd təsərrüfatı naziri İsmət Abbasovun çoxsaylı rəqibləri var. Onlar nazirlə gizli-aşkar ixtilaf içərisindədirlər və Abbasovun "vurulması" üçün əllərindən gələni edirlər.
Hesab olunur ki, nazirin himayə etdiyi, Aqrar Universitetdə hazırda dekan postu tutan və rektor təyinatına can atan yaxın qohumunun uzun müddət hazırda kəskin müxalifətçiliklə məşğul olan keçmiş eks-spiker Rəsul Quliyevin tərəfdarı olaraq siyasi fəaliyyətdə bulunması İsmət Abbasovun rəqiblərinə onu "vurmaq" üçün yeni imkan yarada bilər.

İlkin Rzazadə