Məmurların yeni siyahıya alınması
Onların maddi imkanlarını siyasi məqsədlərə yönəldə bilməsinin qarşısı bu yolla alınacaq

Azərbaycanda fəaliyyət göstərən özəl liseylərdə, kolleclərdə və qeyri-dövlət uşaq bağçalarında övladları təhsil alan və ya təlim, tərbiyə görən uşaqların valideynlərinin siyahısı tutulur. Bu cür təhsil və tərbiyə müəssisələrində adətən imkanlı şəxslərin övladları oxuyur. Söhbət ikinci, üçüncü eşalona aid məmurlardan və biznes fəaliyyəti ilə məşğul olan şəxslərdən gedir.
Onların siyahıya alınması və diqqət mərkəzlərində saxlanılması isə ölkədəki seçki dönəmi ilə bağlıdır. Belə narahatlıqlar var ki, bu cür şəxslər əllərindəki maddi imkanlarının bir hissəsini karyeralarının və bizneslərinin gələcəyi naminə gizli yolla müxalifət cəbhəsinə yönəldə bilərlər. Bunu önləmək üçün onların üzərində siyasi nəzarətin gücləndirilməsi məqsədəuyğun hesab edilir.
Xatırladaq ki, özəl liseylərdə və özəl uşaq bağçalarında ödəniş haqları çox yüksəkdir. Gəlin rəqəmlərə nəzər salaq.
Məsələn, "Leylək" bağçasında aylıq ödəniş 400 manatdır, iki uşaq qoysanız 50 manat güzəşt edilə bilər. "Happy
Kids"də ödəniş 350 manat, "Baby plaza" da bir uşağın aylıq ödənişi azyaşlılar üçün 650, digərləri üçün 600 manatdır, burada da iki uşaq qoysanız 50 manat güzəşt edilməsi mümkündür. "Qafqaz" uşaq bağçasında 600, "Playarena" da 500 manatdır.
Bir sözlə, indi bir uşağın illik bağça xərci, ali təhsil müəsisələrinin illik ödənişindən dəfələrlə çoxdur. Bir sözlə, özəl uşaq bağçalarının qiyməti 300 manatdan başlanır.
Etiraf edək ki, bu Azərbaycan reallığında kifayət qədər böyük məbləğdir və çox az ailələrin büdcəsinə uyğundur. Bunu ödəmək gücündə olanlar ən azı orta gəlir imkanlarına sahibdirlər.
Və yaxud:
Azərbaycanda ödənişli məktəblərin sayı günü-gündən artır. Bunların ən tanınmışları Xəzər Universitetinin Dünya Məktəbi, Qərb Universitetinin nəzdində fəaliyyət göstərən orta ümumtəhsil məktəbi, Bakı Oksford Məktəbi və Özəl Türk Liseyidir. Digərləri də var və qiymətlər Azərbaycan reallığında fantastik hesab oluna bilər.
Bahalığına görə, bu siyahıya Bakı Oksford Məktəbi liderlik edir. 1998-ci ildən fəaliyyət göstərən məktəb Kembric Universitetinin imtahan mərkəzi və BMT yanında QHT-nin üzvüdür. İllik təhsil haqqı 11.800 manat təşkil edir.
Xəzər Universitetində də vəziyyət aşağı-yuxarı eynidir. Burada illik təhsilin məbləği isə 6500 manat təşkil edir.
Özəl türk liseylərində də təhsilin durumu təxminən buna bənzərdir. Amma bu liseylərə qəbul qaydaları daha sərt olmaqla yanaşı, təhsil haqqı da aşağıdır. İllik 4-5 min manat məbləğdən söhbət gedir.
Qərb Universitetinin məktəbində də şərtlər, dərs saatı, şagirdlərə təklif edilənlər nisbətən bənzərdir. Burada ilkin ödəniş 4000 manatdır. Amma nəqliyyat xidmətindən imtina edən valideynlər 3300 manat ödəyir.
İndi gəlin oturaq düşünək: Azərbaycanda nə qədər insan ödənişsiz dövlət orta məktəbləri durarkən bu qədər pula özəl liseyləri seçə bilərlər? Əlbəttə, çox az. Seçənlər isə heç şübhəsiz, yetərincə güclü maliyyə resurslarına malik olanlardır. Burada da söhbət yuxarıda da vurğuladığımız kimi, ya ikinci, üçüncü dərəcəli məmur eşalonunda təmsil olunanlardan, ya da arxalarında müəyyən himayəçilərin olduğu şübhə doğurmayan iş, biznes adamlarından gedir.
Əgər onlar özəl uşaq bağçasına, liseylərə bu qədər pulu asanlıqla ödəyirlərsə, deməli, onların maddi kapitallarını siyasi məqsədlər üçün istifadə etmələri də yetərincə realdır. Onların müxalifətdəki hansısa dairələrə pul yardımı etmələri mümkünlüyünü nəzərə aldıqda belələrinin siyahıya alınması və siyasi nəzarət altında saxlamaları başadüşüləndir.
Azər Aslan