Bəzi icra başçıları üçün göydəndüşmə fürsət
Bəzi icra başçıları üçün göydəndüşmə fürsət

Onlar yerli təhsil şöbələri rəhbərlərini nəyə sövq edirlər?

Yeni təhsil naziri təyinatından sonra gələcək aqibətləri sarıdan narahatlıq yaşayan və “vurulacağını” proqnozlaşdıran bəzi rayon və şəhər təhsil şöbələrinin rəhbərləri çıxılmaz vəziyyətdədirlər. Onlar görəvlərində saxlanılmaları üçün çıxış yolları axtarırlar. Ən pis halda fəaliyyətlərinin təftiş olunmadan, yol verilən korrupsiya halları gün işığına çıxarılmadan görəvlərini tərk etmək istəyirlər ki, sonradan özləri ilə bağlı başqa arzuolunmaz hallar yaşanmasın.
Qeyd edək ki, hələ Misir Mərdanovun vəzifəsindən uzaqlaşdırılmasının ardından yazmışdıq ki, yeni təhsil naziri təyinatı bəzi rayon və şəhər təhsil şöbələri müdirlərini narahat etməyə başlayıb. Onlar vəzifələri ilə vidalaşacaqlarından və fəaliyyət dövrlərinin təftiş edilə biləcəyindən əndişələnirlər.
Bizdəki məlumatlarda bildirilirdi ki, təhsil şöbələrinin müdirlərini ən çox narahat edən məqamlardan biri isə yeni nazirin təqdimatında çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərt çıxışı olub: "Bilirsiniz ki, Ramiz müəllim çıxışında məktəb direktorlarının, rayon təhsil şöbələrinin daha çox icra hakimiyyətlərindən asılı olmasını da tənqid edib. O bildirib ki, məktəb direktorları, təhsil şöbələrinin müdirləri Təhsil Nazirliyindən daha çox rayon icra hakimiyyətlərindən asılı vəziyyətdədirlər və bu vəziyyəti dəyişmək lazımdır. Bu da bəzi təhsil şöbəsi rəhbərlərini daha çox narahat edir. Çünki onların himayədarları elə çalışdıqları rayonların icra başçılarıdır. Yerli icra hakimiyyətlərinin Təhsil Nazirliyinin səlahiyyətlərinə müdaxilə imkanları aradan qaldırılarsa, bu, bəzi təhsil şöbəsi müdirlərinin arxasız qalmasına və işdən uzaqlaşdırılmasının asanlaşmasına gətirib çıxaracaq".
Mənbə deyib ki, onları gözləyən təhlükənin real olduğunu bilən bəzi yerli "təhsil bossları" artıq başqa çıxış yolları axtarmaq məcburiyyəti hiss edirlər: "Onlar yeni təhsil nazirinin gözlənilən islahatlarının "qurban"ına çevrilməmək üçün çalışırlar, yeni təhsil nazirinə çıxış əldə edərək, özlərini tapşırtmaq istəyirlər. Əvvəllər özlərini icra hakimiyyətlərinin kölgəsində hiss edən belə təhsil şöbələri müdirlərinin indi belə imkanların əldən çıxdığına görə, daha ciddi yerlər vasitəsilə nazirliyin təzə rəhbərliyi ilə işləyə biləcəklərini düşünürlər".
Amma indi əldə etdiyimiz məlumatlarda bu əhval-ruhiyyənin xeyli dəyişdiyi və bəzi rayonlarda fərqli situasiyanın yarandığı bildirilir. Belə ki, bəzi icra başçıları yerli təhsil şöbəsi rəhbərlərinə nəyin bahasına olursa olsun, onları postlarında saxlatdıracağına dair söz verir. Və əlbəttə, bu vəd havayı verilmir, onun qarşılığı alınır. Belə icra başçıları öz nüfuzları, imkanları hesabına olmasa belə, arxalarındakı güclü himayədarlarının vasitəsilə öz rayonlarında təhsil şöbəsi müdirini görəvindən kənarlaşdırmağa imkan verməyəcəklərini deməklə bərabər, başqa bir yol da seçirlər: bu dediklərinə etibar etməyib əlini cibinə salmaq istəməyən təhsil şöbəsi müdirinə ismarıc göndərilir ki, əgər görəvdə qalmaq istəyirsə, “görüm-baxım” etsin, əks halda hətta yeni təhsil naziri istəsə belə, onun postunda qalmasına “yaşıl işıq” yandırılmayacaq.
Yəni göründüyü kimi, bəzi rayonlarda təhsil şöbələrinin müdirləri həqiqətən çıxılmaz vəziyyətdə qalıblar. Bu vəziyyətin nə qədər davam edəcəyini və nə ilə yekunlaşacağını isə indidən demək çox çətindir.
Günel Əkbər