Etibar Pirverdiyev gərginlik içində
Etibar Pirverdiyev gərginlik içində

"Azərenerji" prezidentinin pulları niyə kəsilibmiş?

"Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev çətin situasiya ilə üzləşib. Buna səbəb onun baş nazirin birinci müavini Yaqub Eyyubovla bir müddət bundan əvvəl pozulan münasibətləridir.

Qeyd edək ki, əvvəllər məhz Yaqub Eyyubovun iqtidariçi qruplaşmasına daxil olan Pirverdiyev sonradan və gözlənilmədən mövqeyini dəyişib. O, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova yaxınlaşıb, bununla da Pirverdiyevin vitse-premyerlə münasibətləri korlanıb.
Nəticədə bu ilin əvvəllərində "Azərenerji" çətin situasiya ilə üzləşib. Belə ki, Yaqub Eyyubovun büdcədən Pirverdiyevin rəhbərlik etdiyi quruma ödənişləri yubatması səhmdar cəmiyyət rəhbərini pis vəziyyətdə qoyub. Layihələrin icrasında, işçilərin maaşlarının ödənilməsində və digər xərclərin ödənişində ciddi problem yaranıb və yalnız Etibar Pirverdiyev baş nazirin birinci müavininə ağız açmağa məcbur olduqdan sonra durum yoluna qoyulub.
Bununla belə, "Azərenerji" prezidenti hələ də ciddi gərginlik içərisindədir və oxşar situasiyanın yenidən yaşana biləcəyindən narahatlıq keçirir. Qeyd edək ki, heç kimə sirr deyil ki, Yaqub Eyyubovun hazırda tutduğu vəzifə ona bir çox üstünlüklər verir. Söhbət xüsusilə baş nazirin birinci müavininin ayrı-ayrı nazirliklərə və dövlət qurumlarına ayrılacaq büdcə vəsaitləri üzərində təsir imkanlarının geniş olmasından gedir. Məsələn, hansısa iri məmurun müxtəlif ehtiyaclar üçün büdcə vəsaiti əldə etməsi lazımdır, amma bundan ötrü ilk növbədə Yaqub Eyyubovun razılığı tələb olunur. Vitse-premyer isə bu razılıq üçün bəzi özünəməxsus kriteriyaların həyata keçirilməsini mühüm sayır. Bunlardan biri həmin iri məmurun iqtidar içində Yaqub Eyyubovla isti münasibətlərdə olmasıdır. Əks halda bəzi zəruri ehtiyaclar naminə dövlət vəsaitinin ayrılması üçün müraciət edildikdə də, son anda məsələyə baş nazirin birinci müavini Yaqub Eyyubov müdaxilə edir və həmin iri məmurun tələbi geri çevrilir. Görünür, Etibar Pirverdiyevlə bu ilin fevralında yaşanan insident də məhz həmin qəbildən olub. Hiss edilir ki, vitse-premyer "Azərenerji" rəhbərinin ona "xəyanətini" bağışlamaq istəmir və hər fürsətdə ondan bunun qisasını alır.
Bu arada Etibar Pirverdiyevlə bağlı başqa bir bilgi də əldə etmişik. Həmin məlumata görə, "Azərenerji" prezidenti günün əsas hissəsini şəxsi biznesinin idarəçiliyinə ayırır. "Pirverdiyev hər gün səhər saatlarında səhmdar cəmiyyətdəki işinə gəlir, cəmi 2-3 saatdan sonra çıxıb gedir. O, əsasən Sumqayıtda - Texnologiyalar Zavodunda əyləşir. Xatırladaq ki, Pirverdiyevin Yaqub Eyyubovla münasibətlərini məhz bu zavod ətrafında baş verənlərin kəskinləşdirdiyi iddia olunur. Belə ki, bu zavod "Azərenerji" prezidenti Etibar Pirverdiyevə məxsus "Azinko" şirkəti tərəfindən açılıb. Həmin vaxt Pirverdiyev Baş nazirin birinci müavini tərəfindən himayə edildiyindən zavoda pay sahiblərindən biri də elə Yaqub Eyyubov olub. Amma sonradan dövriyyəyə Əli Əsədovun girməsi ilə Pirverdiyev də vitse-premyerdən uzaqlaşaraq onunla eyni sırada dayanmağa üstünlük verib, zavoddan Yaqub Eyyubova verilən pay da dayandırılıb.
Hazırda gününün əsas hissəsini burada keçirən Pirverdiyev biznesini şəxsən idarə edir - istər "Azinko"nun həyata keçirdiyi layihələr, istər ölkənin şimalında və qərbindəki heyvandarlıq təsərrüfatları və s. üzərində birbaşa nəzarəti həyata keçirən "Azərenerji" prezidentinin belə davam edərsə, karyerası təhlükə altına düşəcək. Çünki ona ölkənin enerji sektorunda bundan sonra hər hansı xoşagəlməzlik yaşanarsa, görəvdən uzaqlaşdırılacağı, hətta daha sərt formada cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edilib. Əgər Pirverdiyev əsas vəzifəsini unudub yalnız şəxsi biznesinin çiçəklənməsi ilə məşğul olmağa davam edərsə, məsul olduğu sahədə boşluqların yaranması və bunun sonradan ciddi "ÇP" ilə sonuclanması qaçılmazdır.
Seymur Quliyev