Rusiyanın azərbaycanlı sevgisi
Rusiyanın azərbaycanlı sevgisi

Bu sevgi yox, istifadədir

Rusiya prezidenti Vladimir Putin dünya şöhrətli azərbaycanlı rəssam Tahir Salahova Rusiya dövlət mükafatını təqdim edib. Kremlin Georgiyevsk zalında 2012-ci il üçün Rusiya Dövlət Mükafatının təqdimat mərasimi keçirilib. V. Putin dövlət mükafatına layiq görülən şəxsləri təltif edib.

Tahir Salahov Rusiyada təsviri incəsənətin inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb. Dövlət mükafatının məbləği 5 milyon rubl təşkil edir.Qeyd edək ki, kino sahəsində göstərdiyi xidmətlərə görə "Mosfilm"in direktoru Karen Şahnazarov, ədəbiyyat sahəsində göstərdiyi xidmətlərə görə isə Sergey Miroşniçenko dövlət mükafatına layiq görülüblər.Əslində bu xəbərə adi xəbər kimi yanaşmaq olardı. Amma ortada başqa məqamlar var və gəlin bunlara diqqət ayıraq. Rusiya prezidenti Vladimir Putin hakimiyyətə gəldiyi bir il müddətində bir dəfə də olsa Azərbaycan hakimiyyətində olan bir nəfərlə belə görüş keçirtməyib. Bundan başqa Vladimir Putin Azərbaycana qarşı yaranan kinini də gizlətməyə çalışmır. Amma bunun fonunda o Azərbaycana təsir edəcək azərbaycanlılarla görüşlərini artırır və Tahir Salahov kimi digərlərini də nələrləsə mükafatlandırır. Məsələn, bir neçə ay öncə Azərbaycan hakimiyyətinə qarşı sərt çıxışları ilə tanınan Söyün Sadıqovu qəbul etdi. Məhz bu qəbuldan sonra Söyün Sadıqov azərbaycanlıları bir araya toplayaraq indi də partiya yaradacaqlarını bildirdi. Bundan başqa Söyün Sadıqovun vasitəsi ilə "Milyarderlər İttifaqı" yaradıldı və bu ittifaqda Azərbaycan hakimiyyətinə qarşı yönəldildi. Bir gün öncə isə Vladimir Putin növbəti addımını atdı. O bu dəfə Rusiya günləri ilə bağlı Azərbaycan rəhbərliyini yox, Abbas Abbasovu təbrik etdi. Özüdə o zamanki həmin gün Abbas Abbasov Azərbaycan hakimiyyətinə qarşı çox sərt bəyanatla çıxış etdi. Demək olar ki, bu təbrik əslində bəyanata verilən qiymət idi. Maraqlıdır, Vladimir Putin bu şəxslərə nədən belə diqqət ayırır? Ekspertlər hesab edir ki, əslində Vladimir Putin bu addımları ilə Azərbaycan hakimiyyətinə güc nümayiş etdirir. Bundan başqa Azərbaycan cəmiyyətində bu şəxslərin reytinqinə müsbət təsir edəcək addımlar atır. Dünənə qədər Abbas Abbasov bir iş adamı kimi Azərbaycan cəmiyyətində qəbul olunurdusa, indi o, həm də Vladimir Putinin dostu və Rusiyanın Azərbaycanda prezident görmək istədiyi şəxs kimi tanınır. Bunlar isə kifayət qədər ciddi məsələlərdir. Amma mütəxəssislər hesab edir ki, bu prosesin sonu yoxdur. Yəni Abbas Abbasovu gündə yüz dəfə qəbul etsədə bu Azərbaycan cəmiyyətinə istənilən effekti verməyəcək.Çünki bu gün Rusiyaya Azərbaycan cəmiyyətində yanaşma birmənalı deyil. Belə ki, Rusiyaya əksəriyyət Dağlıq Qarabağı işğal edən bir ölkə kimi yanaşır və artıq Rusiyaya həm də Ermənistanın strateji müttəfiqi kimi baxırlar. Belə olan halda Rusiyanın adamlarına da rəğbət yaranmır. Hətta son "Eurovision" mahnı yarışmasında da sübut olundu ki, Azərbaycanda artıq Rusiyaya rəğbət yox həddindədir və bu səbəbdən də Azərbaycan Rusiyaya səs vermədi. Ekspertlər buna görə hesab edir ki, Rusiyanın bu təzyiqləri sadəcə olaraq Azərbaycanda qıcıq yarada bilər. Amma proseslərə köklü təsiri mümkünsüzdür. Elə Milli Şuranın timsalında bunun şahidi olduq.
Toğrul Əliyev