Milli Şurada ziddiyyətlərin yeni mərhələsi
Milli Şurada ziddiyyətlərin yeni mərhələsi

Əli Əhmədov: "Onun rəhbərliyi altında ənənəvi, uğursuz müxalifətin toplaşdığı Milli Şuradan uğur gözləmək sadəlövhlükdən başqa bir şey deyil"

Milli Şuranın yaradılması və sonrakı taleyi ciddi şəkildə müzakirə olunmaqdadır. Hazırda ekspertlər hesab edir ki, Milli Şurada ziddiyyətli qüvvələr bir araya gəlib və buna görə hesab etmək olar ki, heç də uğurlu nəticə olmayacaq. Digər tərəfdən quruma Rüstəm İbrahimbəyovun sədr gətirilməsi də təzadlı hal oldu.
Ən azından ona görə ki, o heç vaxt siyasi proseslərdə iştirak etməyib və demək olar ki,bu sahədə diletant sayılır. Elə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov da məhz bu arqumenti əsas götürərək Milli Şuranın perespektivinə inanmır. Ə. Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixində müxalifətin buna bənzər birləşmələri çox olub: "Lakin həyat göstərib ki, müxalifət bu cür birləşmələri yaratdığı kimi, çox qısa zamanda onları parçalayıb, dağıdıb. Müxalifət birləşməkdən daha yaxşı yaratdıqlarını parçalamağı bacarır".Milli Şuranın prezident seçkilərində şanslarına toxunan Ə. Əhmədovun sözlərinə görə, başında kimin dayanmasından asılı olmayaraq, təşkilatın hər hansı şansı yoxdur: "Milli Şurada təmsil olunanlar 20 il ərzində Azərbaycanın siyasi həyatında iştirak etməyə, seçkilərdə uğur qazanmağa cəhdlər göstəriblər, amma Azərbaycan vətəndaşlarının dəstəyindən məhrum olduqlarına görə heç nə qazana bilməyiblər. Milli Şurada toplaşan insanların hamısı bu və ya digər formada, bu və ya digər dövrlərdə uğursuzluğa düçar olmuş siyasətçilərdir".Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsinə toxunan YAP sədrinin müavini deyib ki, onun Azərbaycanın siyasi həyatına hər hansı şəkildə təsir göstərmək imkanı yoxdur: "O, kino sahəsində müəyyən dövrlərdə uğurlar qazanıb və biz bunu əlbəttə ki, etiraf edirik. Amma siyasi sahədə Rüstəm İbrahimbəyovun nə təcrübəsi var, nə də Azərbaycan vətəndaşları siyasətçi kimi ona dəstək verirlər. Belə olan halda, onun rəhbərliyi altında ənənəvi müxalifətin, uğursuz müxalifətin toplaşdığı Milli Şuradan qarşıdan gələn prezident seçkilərində uğur gözləmək sadəlövhlükdən başqa heç bir şey deyil".Ekspertlər hesab edir ki, hazırda vahid namizəd olaraq Rüstəm İbrahimbəyovun üzərində dayanmaqda növbəti yanlışlıqdır. Bunu da qeyd edək ki, artıq Milli Şurada əksəriyyət Rüstəm İbrahimbəyovu müdafiə edir. Buna görə də ehtimal var ki, yaxın günlərdə Milli Şuradan narazı düşənlər qurumu tərk etsinlər. "Unikal" qəzetinə daxil olan məlumata görə artıq belə parçalanmaların əsası qoyulub. Belə ki, Müsavat aparatının rəhbəri Arif Hacılı Müsavat üzvlərindən ibarət yeni komanda formalaşdırıb və bu şəxslərlə birlikdə İsa Qəmbərin təbliğat kompaniyasına start verilib. Ekspertlər hesab edir ki, belə bir addımın atılması sübut edir ki, Müsavat niyyətindən imtina etməyəcək və seçkilərdə İsa Qəmbər öz bloku ilə iştirak edəcək.
Mehdi Əli