Milli Məclisdə xarici qüvvələrin təhlükəsindən danışdılar
Milli Məclisdə xarici qüvvələrin təhlükəsindən danışdılar

Milli Məclisin iclasında cari məsələlərin müzakirəsi zamanı müxtəlif təkliflər və fikirlər səsləndirilib.

Qüdrət Həsənquliyev Müdafiə Nazirliyinin rəhbərliyinə irad bildirib. O qeyd edib ki, nazirlik kadr ehtiyatını milli kadrlarla gücləndirməlidir.Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycanda sabitlik var: “Amma bəzi konkret xarici qüvvələr var ki, ciddi cəhdlə bu il bu sabitliyi pozmağa çalışırlar. Əminəm ki, onların bu səyləri boşa çıxacaq”.

Millət vəkili Aydın Mirzəzadə deyib ki, 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyət dəyişikliyi baş verib: “Bu baxımdan həmin dövrü dövlət çevrilişi adlandırmaq ya tarixi bilməmək, ya da tarixi gənc nəslə fərqli təqdim etməkdir”.
Çıxışı zamanı siyasi məhbusları azad etməyi zəruri sayan deputat İqbal Ağazadə bildirib ki, dövlət himni oxunarkən milli komandalar, bütün şəxslər dövlət himnini oxumalıdır: “Biz dövlət himnini oxumasaq, cəmiyyətə dövləti sevdirmək çox çətin olacaq”.

“Azərbaycanda siyasi məhbus yoxdur”

YAP icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanda siyasi məhbus olmadığını vurğulayıb. Onun sözlərinə görə, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş insanlar var: “Nəyə görə Avropa Məhkəməsi bir müəllimin, həkimin şikayətinə baxmır, ancaq başqa müraciətlərlə bağlı dərhal bəyanat verir? Azərbaycanda seçki mühitində hər kəsin fikrini söyləməsi, namizədliyini verməsi hüququ var. Öz partiyalarında hörməti olmayanlar qaçıb başqa dərnəklərdə namizədliklərini verirlər. Bilirlər ki, seçkidə 1 faizdən çox səs toplaya bilməyəcəklər. Ona görə də “filankəs tutuldu, seçkiyə kölgə düşdü”, “göydən daş yağdı, seçkiyə kölgə düşdü” deyərək müxtəlif bəhanələr gətirirlər”.

Sabir Rüstəmxanlı
irad tutdu

Deputat Sabir Rüstəmxanlı Türkiyədə bəzi telekanallarda Şah İsmayıl Səfəvi kimi tarixi şəxsiyyətlərimizin təhqir olunduğunu bildirib: “Məsələn, “Kanal 24” telekanalında Şah İsmayıl təhqir olunur. Bu telekanal ARDNŞ-a məxsusdur, o telekanalda niyə Şah İsmayıl təhqir olunur? ARDNŞ rəhbərliyi buna cavab verməlidir”.

Qarabağda narkotik
mərkəzi yaradılıb

Deputat Zahid Oruc isə çıxış zamanı MTN-nin son zamanlar aşkarladığı narkotrafiklə bağlı faktdan danışıb: “Beynəlxalq təşkilatlarda narkotrafikə qarşı çox kəskin münasibət var, amma təəssüflər olsun ki, Dağlıq Qarabağı bu mənada nəzərə almırlar. Bizim üçün tamamilə real əsaslar var ki, Ermənistan və Dağlıq Qarabağın hərbi rejimi məhkəməyə verilsin. Biz açıq şəkildə ermənilərin qanunsuz fəaliyyətini sistemləşdirərək beynəlxalq hüquqi qurumlara təqdim etməliyik. Necə olur ki, Əfqanıstandan, İrandan və digər dairələrdən bu cür narkotik tranzitinə və əməliyyatlarına, qanunsuz maliyyə dövriyyəsinə sanksiyalar, ciddi reaksiyalar göstərilir, amma Qarabağ sanki himayə altındadır”.
"Nəzarətsiz qalan Azərbaycan torpaqlarından narkotika istehsalı üçün istifadə olunması kimi bəşəriyyət üçün acınacaqlı nəticələrə gətirəcək halın qarşısını almaq üçün ciddi addımlar atılmalıdır".Bunu isə Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.
Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin son günlərdə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.Əhmədov deyib ki, dəfələrlə, istər Azərbaycanın rəsmi dairələri tərəfindən, istər beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən nəzarətsiz qalan işğal olunmuş Azərbaycan torpaqlarından narkotik istehsalı üçün istifadə olunması ilə bağlı ciddi əsaslara söykənən bəyanatlar səslənirdi:
"Belə faktın ortaya çıxarılması bu günə qədər səsləndirilən fikirlərin həqiqət olduğunu bir daha təsdiqləyir".
Onun sözlərinə görə, beynəlxalq təşkilatları düşündürən ən ciddi problemlərdən olan bu məsələ narkotiklərə qarşı mübarizə aparan təşkilatları bununla ciddi məşğul olmağa bir daha sövq edəcək:
"Bu, bir daha nəzarətsiz qalan Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını, digər tərəfdən nəzarətsiz qalan torpaqlardan bəşəriyyətin, regiondakı insanların sağlamlığına böyük zərbələr vura biləcək narkotik istehsalının qarşısının alınmasını vacib edir".

Azay Quliyevin
hazırladığı qanun
layihəsi qəbul edildi

Milli Məclisin növbədənkənar sessiyasında"İctimai iştirakçılıq haqqında" qanun layihəsi müzakirələrdən sonra qəbul edilib. Qanun layihəsini təqdim edən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxış edib.
Deputat bildirib ki, sözügedən qanunun məqsədi Azərbaycan vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.
“4 fəsil, 20 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öryənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər.
Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildir. İctimai Şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əməkhaqları və başqa ödənişlər saxlanılır”.
Milli Məclisdə bəzi qanunlarda əcnəbi sözlərin çoxluğunun narahatlıq yaratmasına toxunulub.
“Ölçmələrin vəhdətinin təmin olunması” və “Gömrük tarifi haqqında” qanun layihələrinin müzakirəsi zamanı vitse-spiker Valeh Ələsgərov bu kimi qanunlarda əcnəbi sözlərinin çoxluğundan narahat olduğunu bildirib.
O qeyd edib ki, bu kimi iqtisadi müstəvidə olan layihələrdə kommersiya və kompensasiya sözləri əvəzlənməlidir: “Kommersiya sözünü ticari sözü ilə əvəz etmək olar. “Kompensasiya” sözü “əvəzini ödəmək” deməkdir. Başa düşmürəm ki, bu layihələri hazırlayan hansı dildə danışır. Əgər onlar Azərbaycan dilini bilmirsə, yanında Azərbaycan dilini biləni əyləşdirək”.
Vitse-spikerə cavab verən Ziyad Səmədzadə isə deyib ki, dünən 3-4 saat bu terminlərin mahiyyətinin açıqlanması ilə məşğul olublar: “Kompensasiya kimi məsələlərlə bağlı ümumi razılıq var və sizin qaldırdığınız məsələ doğrudur. Çalışaq ki, qanun layihələrimizdə əcnəbi sözlər az olsun”. Birinci vitse-spiker Ziyafət Əsgərov da Valeh Ələsgərovla razı olduğunu bildirib: “Bu məsələyə ciddi yanaşmaq lazıdır. Söhbət burada dilin təhlükəsizliyindən gedir. Komitə sədrlərinə bildirəm ki, dil məsələsinə diqqətli yanaşsınlar, ciddi olsunlar. Beynəlxalq sözlərin işlədilməli deyirsiNİz, bəs Azərbaycan sözləri nə vaxt işlədiləcək?’
Deportasiya olunan əcnəbilərin Azərbaycana qayıtmasını məhdudlaşdıran dəyişiklik qəbul edilib
İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Sənədin 29-cu maddəsinə edilən əlavə və dəyişikliklərə görə, məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilir. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlmə hüququ 1 ildən 5 ilədək müddətə məhdudlaşdırılacaq.
Qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilən şəxslər, habelə insan alverinin qurbanı olan uşaqlar barəsində, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyəcək. İnsan alverindən zərər çəkmiş hesab olunan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində 1 il müddətində, cinayət təqibi orqanlarına yardım göstərən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində isə cinayət təqibi başa çatanadək Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edilməyəcək.
Layihə səsə qoyularaq qəbul olunub.
Hüseyn İsgəndərov