İsrail-Azərbaycan münasibətlərində yeni mərhələ
İsrail-Azərbaycan münasibətlərində yeni mərhələ

"İsrailin Qafqaz ölkələri ilə əlaqələri çox yaxşıdır və bu əlaqələrin gələcək inkişafı üçün potensial var".

Bu fikirləri hazırda Rusiyada səfərdə olan İsrail xarici işlər nazirinin müavini Zeev Elkin bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda vaxtaşırı mövcud olan daxili problemlərə rəğmən, İsrail öz xarici siyasətində Qafqaz istiqamətini prioritet sayır: "İsrail Cənubi Qafqazın hər üç ölkəsi ilə məhsuldar dialoq aparır. Xüsusilə Azərbaycanla yaxın münasibətlərimiz yaranıb. Azərbaycanla ticarət dövriyyəmizin həcmi 4 milyard dollara yaxındır. Təəccüblü olsa da, bu, İsrailin Rusiya ilə ticarət dövriyyəsinin həcmindən də çoxdur. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri İsrailə tarixi səfər edib. İkitərəfli əlaqələrin bir çox sahələri üzrə müzakirələr aparılıb".
Z. Elkin eyni zamanda Qafqaz ölkələri ilə viza rejiminin sadələşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, söhbət terrorizmlə mübarizə və təhlükəsizlik məsələləri ilə bağlı təmasların və məsləhətləşmələrin intensivləşdirilməsi üçün bu ölkələrlə viza rejiminin sadələşdirilməsindən gedir.Ekspertlərdə hesab edir ki, İsrail-Azərbaycan münasibətləri hazırda strateji müttəfiqlik həddindədir və yaxın illərdə bu münasibətlər daha da dərinləşəcək. Bu gün İsraillə Azərbaycan arasında əsas əməkdaşlıq neft və silah satqısındadır. Azərbaycanın neft satdığı ölkələr sırasında İsraildə var və hazırda aparılan danışıqların nəticəsi olaraq neft hasilatı daha da artırılacaq. Bununla yanaşı Azərbaycan da hazırda İsraildən silah almaq üçün imkanlarını genişləndirib və ötən il 1,5 milyard dollarlıq silah alındı. Ekspertlər hesab edir ki, yaxın aylarda Azərbaycan İsraildən daha çox silah almaq üçün addımlar ata bilər. Belə ki, artıq Azərbaycanla Rusiya arasında müəyyən problemlər yaranıb və Rusiya bir sıra silahları Azərbaycana satmaqdan imtina edib. Azərbaycan isə bu boşluğu sözsüz ki, həm də İsrail vasitəsi ilə doldurmağa çalışacaq. Məsələn, bir müddət öncə Rusiya Ermənistana yeni hava hucumundan müdafiə sistemi verdi və Azərbaycan bu balansı qorumaq üçün məhz İsraillə hərbi əməkdaşlığı genişləndirəcək.Bunu da qeyd edək ki, İsrail-Azərbaycan iqtisadi əlaqələri genişləndikcə siyasi əlaqələrdə ciddiləşir. Elə Elmar Məmmədyarovun İsrail səfəri də buna sübut ola bilər. Bir çox sahələrdə əməkdaşlıq edən iki ölkə həmçinin terror əleyhinədə birgə fəaliyyətə həvəs göstərirlər və demək olar ki, bəzi hallarda müsbət nəticələr əldə edilir. Amma bu münasibətlərin müəyyən fəsadlarıda var. Belə ki, İsrail-Azərbaycan münasibətləri qaydaya düşən kimi İran-azərbaycan münasibətləri gərginləşir. Öncələr İran bunu gizli şəkildə edirdisə,indi açıq şəkildə İsrail-Azərbaycan münasibətlərinin yaranmasına qarşı çıxır və Azərbaycana müəyyən problemlər yaradılır. Belə ki, İran tərəfi iddia edir ki, İsrail Azərbaycan ərazilərindən istifadə etməklə İrana qarşı əməliyyatlar həyata keçirir. Hətta buna görə İran bir neçə dəfə rəsmi notada vermişdi. Amma bunlara baxmayaraq eskpertlər hesab edir ki, iki ölkə münasibətləri daha da ciddi şəkil alacaq.
Fuad Əliyev