Hakimiyyətlə müxalifət:  olmayan arzuların puç olması
Hakimiyyətlə müxalifət:
olmayan arzuların puç olması

Həqiqəti yalan vasitəsilə müdafiə etmək çox çətin məsələdir. Yalanı yalanla
qorumaq və ört-basdır edərək həqiqət kimi qələmə vermək isə mümkün deyil

Bəşər tarixi və siyasətin yaşanmış hadisələri göstərir ki, haqqını tələb edib hüquqlarını qorumağı bacaran toplunu, insanları uzun müddət kölə vəziyyətində saxlamaq olmur. Fəqət köləliyə könüllü can atan insanları idarə etmək asandır. Yetər ki, onlara çörək və əyləncə verəsən.

Hətta kölələr çörək qıtlığında da yaşayırlar. Amma onlar mütləq əyləncə tələb edirlər.
Yerevan hakimiyyətinin qərarları da əyləncə xarakterlidir və kölələri qismən də olsa, sakitləşdirmək məqsədi güdür.
Ermənistan hökumətində iqtisadiyyat və maliyyə sektorlarına nəzarət edən nazirlərin dəyişdirilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Erməni mediası və politoloqların bir qismi hesab edir ki, zahiri görüntü səciyyəsi daşısa belə, bu dəyişikliklər prezident Serj Sarkisyan iqtidarının yürütdüyü iqtisadi siyasətin effektiv olmamasının sübutu sayıla bilər.
Nikbin açıqlamalardır, çünki Yerevandakı hakimiyyətin guya kütlənin maraqlarını nəzərə aldığını və vətəndaşların əksəriyyətinin sərt narazılıqları ilə etirazlarının səviyyəsini aşağı salmaq üçün çıxış yolları aradığını ehtiva edir.
Daha konkret olsaq, belə şərhçilər kütləyə təlqin etməyə çalışırlar ki, guya Sarkisyan iqtidarı az və hərdənbir də olsa, xalqı düşünür, düşünəndə də səhvlərinin səbəblərini arayır, o yanlışları gec də olsa, aradan qaldırmağa çalışır.
Kökündən yanlış, iqtidarın tənqidi kimi qələmə verilərək əslində elə Sarkisyan hakimiyyətinin dəstəklənməsi və bu iqtidarın "səhvlərdən nəticə çıxarmağa başlayan komanda" kimi təqdimatı cəhdləridir.
Halbuki baş nazir Tiqran Sarkisyanın komandasında ən səbatsız, siyasi və daxili sistem baxımından "ən zəif", Yerevandakı hakimiyyət iyerarxiyasında ən dayanıqsz postlar elə həmin nazirlərin vəzifələridir.
O vəzifələr Tiqran Sarkisyanın birbaşa nəzarətindədir. Əlahiddə səylər və çirkin kuluar intriqaları sayəsində vəzifəsində qalmağı bacarmış Sarkisyan bu kiçik, müvəqqəti qələbəsini böyütmək, işdən çıxarılmış nazirlərin yerlərinə özünə sadiq insanların təyinatına nail olmaq fikrindədir.
T.Sarkisyan postunu hakimiyyət daxilindəki çox kəskin və amansız mübarizə nəticəsində saxladığından indi mövqeyini möhkəmlətmək, ağır qisas zərbələrini özündən uzaqlaşdırmaq üçün kabinetindəki bir para nazirləri qurban verib.
Yəni Tiqran Sarkisyan göstərmək istəyir ki, Ermənistanda baş nazir güclü, komandası isə zəifdir və məhz bu səbəbdən dəyişikliklər məhz nazirlərə şamil olunur. Eyni zamanda, baş nazir ilk baxışdan mürəkkəb, amma əslində çox primitiv rotasiya taktikası yürüdür: nazirlər heyətində bəziləri dəyişdirilir, bu adamlar bütün bəlaların günahkarı kimi qələmə verilir, komandanın yerdə qalanları isə Sarkisyan başda olmaqla adekvat və işini bacaran insanlar təki təqdim olunurlar.
Baş verənlər Serj Sarkisyan iqtidarında qruplaşmalar arasındakı didişmənin əsas problemlərdən birinə, bəlkə də, birincisinə çevrilməsi ilə bağlıdır. Ermənistanda hakimiyyət dəyişikliyi bir də 4-5 ildən sonra olacaq. Estafet konkret adama yox, qruplaşmaya veriləcək. O qruplaşmaya ki, rəhbəri və ya lideri rəqibləri ilə müqayisədə daha qəddar, hiyləgər və prezident postundakı adama daha sadiq olsun.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan hakimiyyətdə olanda bu məsələni həll etməyə çalışmışdı və məhz o zaman qruplaşmalar arasındakı çarpışma ilk dəfə ifrat dərəcədə qabarmışdı. Köçəryan varisi qismində əvvəlcə Serj Sarkisyanı irəli çəkdi, sonra bir qədər düşündü və ehtiyat variant qismində XİN başçısı Vardan Oskanyanın mövqelərini möhkəmləndirməyə başladı.
Daha sonra Robert Köçəryan kənara çəkildi və iki potensial varisi bir-birinin üstünə qısqırdıb onların boğuşmasına tamaşa etdi. Prezident postu uğrunda kuluar mübarizəsində Vardan Oskanyan uduzdu, çünki onu dəstəkləyən qruplaşma Serj Sarkisyanın dəstəsi ilə müqayisədə zəifdi.
Belədə Köçəryan XİN başçısını "Çiçəklənən Ermənistan" Partiyası vasitəsilə gücləndirmək fikrinə düşdü. Amma həm vaxt az idi, həm də yeni qruplaşmanın üzvlərinin məziyyətləri, daha konkret olsaq, sərtlik, qəddarlıq, amansızlıq və həyasızlığı yetərli səviyyədə deyildi.
Oskanyanın komandası o vaxtdan bəri məğlub durumdadır və Sarkisyan 2008-ci ildə prezident postuna seçkilərdəki "qələbə" vasitəsilə yiyələnəndən bəri dövlət başçısı vəzifəsi uğrunda ciddi mübarizə apara bilmir.
Halbuki Yerevanın hakimiyyət kuluarlarında qruplaşmalar arasındakı mübarizə yenidən sərtləşib, çarpışmalar aktuallaşıb. Bundan sonrakı "matç"lar qarışıq olacaq: həm "klub"lar, həm də "yığma"lar səviyyəsində.
Ermənistan hakimiyyətindəki qruplaşmalar yaxın aylarda "açıq transfer pəncərəsi" durumunda çalışacaq, yenidən qruplaşacaq, heyətlərini yeniləyəcək və növbəti müharibəyə başlayacaq.
Bəs belə şəraitdə müxalifəti bivec və zəif potensiallı olan ermənilər nə etməlidirlər? Ağır sualdır, çünki ermənilər insan psixologiyasının əsas anlamlarından biri sayılan abstrakt anlamların dərkolunmazlığı sindromunun ən güclü variasiyasının daşıyıcılarıdır.
Bunu 2008-ci ildən bəri Yerevanla yanaşı, Ermənistanın istənilən yerində yaşanmış olaylar da göstərir. Hər şey bəsitdir: orta statistik erməni "kasıblıq", "pulsuzluq", "işsizlik", "oğru və harın məmurlar" anlamlarını "quldur və yaramaz hakimiyyət, insan haqlarını heçə sayan iqtidar" ifadələri ilə müqayisədə daha tez anlayır, həmin sözlərin məna yükünü dərk edir.
Masis, Quqark, sonda da Gümrüdə baş verən hadisələr zamanı ermənilər konkret məmura, deputata, polis rəisinə və onların ailə üzvlərinə qarşı çıxaraq bu insanların harınlıqlarına son qoyulmasını tələb etmişdilər.
"Yetər artıq!" deyən kütlə məmur bıçağının vətəndaşın sümüyünə dirəndiyini bəyan edərək günahkarların cəzalandırılmasını, cinayətkarların həbsini istəyirdi.
Kütlə düşünürdü ki, bu minvalla məhdud məkanda, kiçik yerdə, lokal arealda qanunların icrasına, hüquqların qorunmasına, insanın insan sayılmasına nail olmaq mümkündür.
Əslində mümkün deyil.
Çünki konkret məmurun cəza almasını istəyən hansısa erməniyə deyəndə ki, bütün bunlar böyük sistemin spontan təzahür formalarıdır, mozaikanın tərkib hissələridir və həyatlarını normallaşdırmaq, köləlikdən, haqqı və hüququ olmayan qul vəziyyətindən qurtularaq insan kimi yaşamaq istəyirlərsə - hakimiyyəti dəyişməli, Serj Sarkisyan iqtidarının idarəetmə rıçaqlarından məhrum edilməsinə nail olmalıdırlar - onlar çaşıb qalırlar.
Onlar üçün çinovnik, bələdiyyə sədri, mer və ya deputat konkret adamdır. Budur, qarşılarındadır - hakimiyyət isə uzaqda, hasarların və polislərin arxasındadır, abstraktdır. Orta statistik erməni belədə ruhdan düşür, qorxur, pərişan olur. O, uzaqda olan, əli çatmayın, ünü yetməyən hakimiyyəti necə cəzalandıracağını bilmir.
Ona görə də ermənilər artıq dərk etməlidirlər ki, konkret çinovnik əməllərinə və çirkin davranışına görə hakimiyyətlə birlikdə məsuliyyət daşıyır. Gümrüdə və ya Quqarkdakı polis rəisi, deputat və ya məmur, yainki oliqarx təki Serj Sarkisyanın hakimiyyəti də cinayətkardır.
Ermənistandakı müxalifətin liderləri də belə konkretsizlik, abstraktlıq mərəzinə tutulublar. Yerevanın mərkəzi meydanlarında küçələrə çıxaraq etiraz aksiyaları təşkil etmək, hakimiyyəti tərəfdarların sayı ilə qorxutmaq və sonra da gizli sövdələşmələr aparmaq əvəzinə müxalifətçilər əyalətlərə yollanmalıdırlar.
Mitinqlər istəyirdiniz? Buyurun, alın mitinq üçün hazır kütləni. Yetər ki, onların dərdlərindən bəhs edərək bəlalarının baiskarının hansısa məmur və ya oliqarx, yaxud da prezident Serj Sarkisyan olduğunu göstərməsinlər.
Müxalifətçilər çəkinir və qorxurlar. Onlar vətəndaşları etiraz aksiyalarına və mitinqlərə qatılmamaqda, siyasi süstlükdə və laqeydlikdə suçlayırlar. Halbuki Ermənistanda spontan yaranan etiraz aksiyalarına rəhbərlik etməyi bacarmayan müxalifət liderləri özlərini suçlamalı, konstruktiv davrana bilmədiklərini etiraf etməlidirlər.
Müxalifətin ağır xəstəlikdən sağalması da belə etirafdan başlayasıdır.
Demokratik ölkələrdə seçim haqqı mövcuddur, amma Ermənistanda seçkilər illüziyası yaradılaraq hakimiyyətin xeyrinə olan "seçim" təmin olunur.
Ermənistanda insanları seçmək hüququndan məhrum edərək onların əvəzinə seçimi aparırlar.
Belədirsə, ermənilərin hakimiyyəti ilə müxalifəti nədən bəhs edirlər?
Novruz Sultanov