Milli Şuradakılara axmaq deyildi
Milli Şuradakılara axmaq deyildi

Azərbaycanın keçmiş müdafiə naziri, 1988-ci ildə başlanan milli azadlıq hərəkatının liderlərindən biri Rəhim Qazıyev Milli Şuranı və orada təmsil olunanları riyakarlıqda ittiham edib.
Milli Şura ətrafında qalmaqal get-gedə böyüyür. Faktiki olaraq bu gün müxalifət daha çox parçalanmış haldadır və parçalanma ilə yanaşı patoloji nifrətdə sürətlə artır. Dünənə qədər tutalım ADP Müsavat və ya AXCP ilə hansısa məsələdə ortaq məxrəcə gələ bilirdisə indi bu sadəcə mümkünsüzdür. Proseslərin bu şəkildə inkişafı göstərir ki, yaxın bir ay ərzində bu gərginlik daha da artacaq və Milli Şuranın öz daxilində də parçalanma son həddə çatacaq. Bunu da qeyd edək ki, artıq bir heftədən çoxdur ki, artıq Milli Şuranı hakimiyyət yox, elə müxalifət liderlərinin özləri hədəfə alıb. Belə ki, sabiq nazir Rəhim Qazıyev Milli Şuranın rəhbərliyini "axmaq" adlandırıb: "Allahdan arzu edərdim ki, Milli Şurada çox böyük uğur əldə olunsun. Ancaq mənim istəyim hər şeyi həll etmir. Çox təəssüf ki, bu mümkün deyil. Çünki Milli Şurada təmsil olunan heyətlə tanışam və inanmıram ki, bu cür heyətlə nəsə uğur əldə olunsun. Milli Şurada təmsil olunanların əksəriyyətinin adamlığı yoxdur. Bu qurumda adamlığı olmayan insanlar çoxdur. Allaha and içərəm ki, Milli Şuranı yaradanları əsla dövlət, millət, xalq maraqlandırmır. Bu adamların öz maraqları var. Peyğəmbərimizin gözəl kəlamı var: "Kim məni bir dəfə aldatsa, Allah ona, ikinci dəfə aldatsa, Allah mənə lənət etsin!". Ona görə də mən özümü aldadıb gedib Milli Şurada heç zaman təmsil olunmaram. Mən Milli Şurada təmsil olunmağı özümə axmaqlıq hesab edirəm. Hətta, Milli Şuradan mənə dəvət gəlsəydi belə, mən ona razılıq verməzdim. Təbii ki, İsa Qəmbər, Əli Kərimli və digərləri də heç vaxt mənim Milli Şurada olmağımı istəməzlər. Əgər bu Milli Şuranın başında Eldar Namazov dayanırsa, mənim bu qurumda təmsil olunmağım axmaqlıq olardı. Çünki Eldar Namzov da kimlərinsə adamıdır. Ona inanmaq və etibar etmək olmaz. Vaxtilə Eldar Namazov Prezident Aparatından istefa verən kimi onun xalasını vəzifəyə təyin ediblər. Eldar Namazovun kimliyi hamıya bəllidir".R.Qazıyev sabiq daxili işlər naziri İsgəndər Həmidovun Milli Şurada təmsil olunması məsələsinə də münasibət bildirib: "İsgəndər Həmidovla mənim verdiyim sözlərin arasında fərq çoxdur. İsgəndərdən fərqli olaraq mən verdiyim sözün üzərində sonadək dayana bilirəm". Müşahidəçilər bildirir ki, artıq Milli Şuranın daxilində də ciddi ziddiyətlər başlayıb. Belə ki, islamçılarla AXCP bir sırada olsalarda, digər qüvvələri qəbul etmirlər. Hətta buda aydın olub ki, islamçıların Milli Şuraya gəlmələrini AXCP təşkil edibmiş. Buna görə də indi liberallar və Müsavat bir cəbhədə islamçılarla AXCP isə qarşı tərəfdə durub. Bunu da qeyd edək ki, hazırda Milli Şuraya qarşı ən sərt açıqlama verən liderlərdən biri də Zərdüşt Əlizadədir. Onun fikrincə Milli Şura yenidən təkrarçılıqdır və ora toplaşanların gücü ilə heç nə etmək mümkün deyil. Buna görə də Milli Şuranı növbəti mənasız birlik kimi xarakterizə edib.
Mehdi Əli