Etibar Pirverdiyevin yeni çöküşü
Etibar Pirverdiyevin yeni çöküşü

"Azərenerji" prezidentini hansı biznes sektorlarına buraxmadılar?

"Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin geniş biznes şəbəkəsinə malik olduğu sirr deyil. Amma son illərdə hakimiyyət daxilində nüfuzunun və ona olan etimadın əhəmiyyətli şəkildə sarsılması Pirverdiyevin gəlir qaynaqlarına da zərbə vurub. Bu barədə məlumatlı mənbələrdən informasiya almışıq.

Həmin məlumatlara görə, "Azərenerji" prezidenti bank sektoruna nüfuz etməyə çalışıb, amma bu sahədə əsas pay sahibi olan aparıcı oliqarxlar Pirverdiyevə əngəl yaradıblar. Hələ ötən ilin payızında mətbuat yazmağa başladı ki, Azərenerji" prezidenti Etibar Pirverdiyev "Ekspressbank" Açıq Səhmdar Cəmiyyətini (ASC) öz nəzarətinə keçirib. İndi bu bank "işıq şefi"nin biznes imperiyasına daxildir. Bu barədə məlumat onunla əsaslandırılırdı ki, mətbuatda yaxın vaxtlarda Qırğızıstanda Azərbaycan kapitallı investisiya-kommersiya bankının yaradılmasının planlaşdırıldığına dair xəbər yayılmışdı. Həmin xəbərə görə, bu məsələ Qırğızıstan paytaxtı Bişkekdə bu ölkənin baş nazirinin I müavini Alı Karaşevin "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib. Elə bu da adıçəkilən bankın Pirverdiyevin nəzarətinə keçməsinə dair məlumatların ortaya çıxmasına səbəb olmuşdu. Yeni iddialara görə, "Azərenerji" rəhbərinin həqiqətən də bu yöndə müəyyən cəhdləri olub, amma sonradan bu, nəticəsiz qalıb. Bank sektorunun aparıcı gücləri Etibar Pirverdiyevin bu sahəyə daxil olmasına "qırmızı işıq" yandırıblar.
Pirverdiyevin balıqçılıq sahəsində biznes qurmasının önü də kəsilib. Onun bu iş üçün kifayət qədər yatırım ayırmasına rəğmən, sonda "Azərenerji" prezidentinin balıqçılıqda da pay sahibi olmasının üstündən xətt çəkilib. Hələ ötən ilin yazında KİV-lər bildirirdi ki, adıçəkilən ASC rəhbəri balıq biznesinə girişib. Onun Şabranda nəhəng dəvə fermalarının olduğunu xatırladan media Pirverdiyevin indi də balıqçılığa meyl saldığını yazırdı. Həmin vaxtki məlumatlara görə, E.Pirverdiyev hələ xeyli əvvəldən bu işə maraq göstərsə də istəyinə nail ola bilməyib. Onun Xəzər sularında balıqçılıq təsərrüfatları yaratmaq cəhdləri səmərəsiz qalınca, "Azərenerji" prezidenti bu dəfə özünü Kür çayının yuxarı axarlarına verib. İddialara görə, ölkənin "işıq şefi" bu biznes planını əsasən Mingəçevir su anbarında reallaşdırmağa çalışırmış. O, ilkin addımlar da atıb, yeni ayaq açmağa başlayan balıqçılıq təsərrüfatının idarəçiliyini öz yaxın adamlarına həvalə edib. Hətta təsərrüfatını daha da genişlətmək, inkişaf etdirmək üçün onun qayıqlar və digər lazımi texniki avadanlıqlar aldığı, bu sahəni bilən bir neçə nəfər peşəkarı da prosesə cəlb etdiyi vurğulanırdı.
Amma yeni bilgilərə görə, Etibar Pirverdiyevin balıqçılıq biznesinin ömrü də uzun çəkməyib, onun bu sahədən çəkilməsi istənilib. "Azərenerji" prezidenti əvvəlcə buna müqavimət göstərməyə çalışsa da, sonradan razılaşmalı olub. Bu da onun iqtidar kulislərində əvvəlki nüfuza, təsir imkanlarına malik olmadığına dair deyilənlərin təsdiqidir.
Pirverdiyevə ən böyük zərbə isə başqadır: belə ki, onun nəzarətindəki "Azenko" şirkətinə əvvəlki kimi iri məbləğli dövlət investisiya layihələrinin ayrılmaması "Azərenerji" prezidentini möhkəm pərişan edib, onun gəlirlərini əhəmiyyətli şəkildə azaldıb. Məsələ burasındadır ki, Pirverdiyevin "Azenko" şirkəti Bakıda Dövlət Bayrağı Meydanının qülləsini inşa edərkən ciddi maxinasiyalara yol verib. Bir müddət sonra qüllənin laxlaması məhz həmin korrupsiyanın nəticəsi hesab olunurdu. Baş verənlər Pirverdiyevə ölkə rəhbərliyinin etimadını tamamən sarsıdıb və o, xeyli gözdən düşüb. Bunun ardınca isə "Azinko" şirkətinə külli miqdarda pulların ayrıldığı dövlət layihələrinin ayrılması dayandırılıb. Yəni Pirverdiyevin şirkətinin əlində hazırda heç bir ciddi dövlət investisiya layihəsinin icrası yoxdur. Hazırda "Azinko"nun çox xırda layihələri həyata keçirdiyi, şirkətin gəlirlərinin xərclərini güc-bəla ilə ödədiyi, "işıq şefi"nin isə bu vəziyyəti aradan qaldırmaq üçün bir neçə dəfə hökumət rəhbərliyinə ağız açmasına rəğmən "yox" cavabı aldığı bildirilir.
Bir sözlə, cəmi iki-üç il əvvələdək sürətlə böyüyən biznes imperiyasına, ciddi gəlir qaynaqlarına malik olan "Azərenerji" prezidenti son vaxtlar müxtəlif biznes sahələrindən kənarlaşdırılmaqda, iri həcmli dövlət investisiya layihələrindən uzaq tutulmaqdadır. Bu da onun maddi kapital etibarı ilə çökməyə başladığını göstərir. Təcrübə isə göstərir ki, maliyyə baxımından zəifləyən və ya zəiflədilən məmurlar bir qayda olaraq, çox keçmədən tutduqları postu da itirirlər.
Ülviyyə Qasımlı