Səfər Əbiyevdən ilginc gediş
Səfər Əbiyevdən ilginc gediş
Müdafiə naziri özünə qarşı tənqidlərlə bağlı maraqlı yol seçdi

Müdafiə naziri Səfər Əbiyev son vaxtlar özü və rəhbərlik etdiyi nazirlik əleyhinə yenidən sərt tənqidi çıxışların edilməsinə cavab olaraq maraqlı yol seçib. Nazir, ətrafına bu cür tənqidlərə media vasitəsilə hər hansı cavab verməməyi və tənqidləri qarşılıqlı formada davam edən polemikaya çevirməməyi tapşırıb.
Nazirin belə bir üsula əl atmasının səbəbi sadədir: o, seçki ərəfəsində özünün və nazirliyinin əsas tənqid hədəflərindən biri olacağını yaxşı təxmin edir. Eyni zamanda hesab edir ki, bu, onun iqtidar içindəki rəqiblərinin məqsədli planıdır. Niyyətləri isə Müdafiə Nazirliyini seçki ərəfəsində polemikalara cəlb edərək zəiflətmək və seçkidən sonra formalaşdırılacaq yeni hökumətdə yer almamasına nail olmaqdır.
Bu planı puç etmək istəyən Əbiyevin səslənəcək tənqid və ittihamları susqunluqla qarşılamaq göstərişi isə onunla bağlıdır ki, adətən belə çıxışlara cavab verildikdə məsələ daha da böyüyür, gündəmin ön sıralarına oturur və situasiya nazir əleyhdarlarının lehinə işləməyə başlayır.
Bildirildiyinə görə, son günlər ayrı-ayrı KİV-lərdə və hətta parlamentdə Müdafiə Nazirliyini hədəfə alan çıxışlara, açıqlamalara cavab verilməməsinin əsas səbəbi də məhz müdafiə nazirinin məlum taktiki gedişi ilə bağlıdır.
Azər Aslan