İsmət Abbasov pambıqçılığı necə "dəfn" edir?
İsmət Abbasov pambıqçılığı necə "dəfn" edir?

Düzgün olmayan qiymət siyasəti pambıq becərilməsini azaldıb

Bu il Azərbaycanda pambıq sahələri 23 min hektar olub. Bu, 2012-ci ildəkindən 21,3% azdır. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında bildirilir.

Qeyd edək ki, ötən il pambıq sahələri 29 217 ha olub.
Son 10 ildə inhisarçıların pambığı ucuz alması nəticəsində fermerlərin pambıqçılığa marağı azalıb. Nəticədə pambıq əkinləri minimuma enib və 2009-cu ildə 21,1 min ha-dan məhsul yğılıb. 2012-ci il üçün vəziyyət bor qədər yaxşılaşıb və 56,8 min ton pambıq toplanıb. Amma sahələrin azalması göstərir ki, istehsal yenə azalacaq.
Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, bu il pambıqtəmizləmə zavodları fermerlərlə ötən ilki qədər pambıq almaq üçün müqavilə bağlayıblar: bir tonu orta hesabla 410-420 manat. Pambıq şirkətlərində hesab edirlər ki, bu, çox yüksək qiymətdir.
Onlar qismən haqlıdır. 6 may 2013-cü il üçün 1 ton pambıq lifi dünya bazarında 2500 dollar (1950 manat) olub və artır. Azərbaycanda isə pambıq lifi 1500 manat və ya 1900 dollardır. Son illər dünya bazarında qiymətlər 1 ton üçün 5000 dollar olub. İki il əvvəl ilk dəfə 3 900 dollar, sonra isə 2000 dollara düşüb. Amma onda da Azərbaycanda pambıq ucuz qiymətə alınıb.
İlkin məlumata görə, 2013-14-cü illərdə dünyada pambıq istehsalı 10,9% azalaraq 23,07 mln ton olacaq. Tələbat isə 4,9% artaraq 24,25 mln tona çatacaq. Demək, qiymətlər artacaq. 2013-14-cü il mövsümünün sonu üçün dünya ehtiyatları 11,8% azalaraq 15,31 mln ton olacaq. Ehtiyatların tələbata nisbəti 63% təşkil edəcək.
Ümumilikdə isə görünən budur ki, İsmət Abbasovun rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyinin düzgün olmayan qiymət siyasəti nəticəsində ölkədə pambıqçılıq sahəsində mənfi göstəricilər yaranıb və həmin mənfi göstəricilər ilbəil daha da pisləşməyə davam edir. Nəzərə alsaq ki, ümumiyyətlə, ölkədə aqrar sektorun digər sahələrində də ya ciddi irəliləyişlər müşahidə edilmir, ya da nəticələr ilbəil geriyə gedir, o zaman ölkədə kənd təsərrüfatının idarəetmə baxımından yenilənməsinin qaçılmazlığı bir daha ortaya çıxır.
Bir daha təsdiqlənir ki, ölkə KİV-i, nüfuzlu iqtisadçı-ekspertlər, müstəqil kənd təsərrüfatı mütəxəssisləri İsmət Abbasovun rəhbərliyi altında aqrar sektorun inkişaf mərhələsinə qədəm qoymasının mümkünsüzlüyünü proqnozlaşdırarkən tamamilə haqlıdırlar...
Ülviyyə Qasımlı