Parlamentdən Kərəm Həsənova hücum
Parlamentdən Kərəm Həsənova hücum

Asim Mollazadə komitə sədrindən narazılığını dilə gətirdi, daha bir neçə deputat isə bununla bağlı sənəd hazırlamaq fikrindədir

Dövlət Əmlakının İdarəedilməsi Komitəsinin sədri Kərəm Həsənovla bağlı artıq deputatlar da dilə gəlməyə başlayıblar. Belə ki, onlar edilən şikayətlərin əsasən bu komitədən olduğunu bildirərək qeyd edirlər ki, problem həll olunmalıdır.

Həmin deputatlardan biri Asim Mollazadə dünən mətbuata verdiyi açıqlamasında deyib ki, seçicilərinin əsas şikayətləri mənzillərin sənədləşdirilməsi ilə bağlıdır.
"Bir çox hallarda seçicilər bu məsələdə məmur süründürməçiliyi ilə qarşılaşırlar. Bu səbəbdən daha çox Əmlak Komitəsinin fəaliyyəti ilə bağlı mütəmadi şikayətlər alırıq".
Nəzərinizə çatdıraq ki, Asim Mollazadə Kərəm Həsənovdan şikayətçi düşən tək deputat deyil. Onunla bərabər daha bir neçə deputat da artıq komitə sədrinin fəaliyyətindən narazılığını gizlətmir. Bizə çatan məlumatlara görə, DƏİK sədrinin fəaliyyətinin araşdırılması və onun əhalini incitməsi ilə bağlı faktların bir araya gətirilərək, dövlət qurumlarına təqdim olunması məsələsi də artıq gündəmə gəlib. Belə ki, deputatlar bu məsələni təkcə parlament müstəvisində deyil, həmçinin hökumət qarşısında qaldırmaq barədə düşünürlər. Çünki gələn şikayətlərin böyük bir qismi onunla bağlıdır və baş qaldırmış narazılıqların həll olunması əvəzinə, daha da ağır şəkil alması onların ürəyincə deyil.
Kərəm Həsənov isə nəinki deputatların dediklərini, heç dövlət başçısının verdiyi tapşırığı yerinə yetirməkdə maraqlı görünmür. Bildirək ki, hələ ötən ilin qışında prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə Bakıda onminlərlə evin sənədsiz olduğunu bildirmişdi. Həmin müşavirədə dövlət başçısı göstəriş vermişdi ki, problemi həll etmək üçün təcili tədbirlər görülməlidir. Və bir başqa tapşırıq da ondan ibarət idi ki, bu məsələdə süründürməçilik aradan qaldırılmalı və problem qısa müddətdə yoluna qoyulmalıdır.
Həmin müşavirədən sonra böyük əksəriyyət sənədlərini hazırlayaraq, Əmlak Komitəsinin idarələrinə üz tutsalar da, məlum olub ki, Kərəm Həsənov üçün verilən tapşırıq elə də əhəmiyyət daşımır. Daha doğrusu, komitə sədri əvvəlki prinsipləri qoruyub saxlamaqda maraqlıdır. Elə buna görədir ki, mənlizillərin kupçalaşdırılması işini həyata keçirən BTİ-də rüşvət tüğyan edir və vətəndaşların incidilməsi əvvəlki səviyyədə qalmaqdadır.
Vətəndaşların bununla bağlı verdiyi məlumatlarda isə vurğulanır ki, BTİ-də sənədləşdirmə işləri onların bütün əsəblərini tarıma çəkib. Qanunla nəzərdə tutulmuş rüsumun ödənilməsindən sonra kupçanın alınmasına nail olmaq istəyənlər bunu ən yaxşı hallarda 2 ay çəkir. Halbuki qanunda göstərilir ki, sənədlər təqdim edildikdən 20 gün sonra müvafiq qurumlar vətəndaşlara cavab verməlidir.
Əslində, BTİ rəhbərliyi burada "qeyri qanuni" bir iş görmür. Onlar haqq verməyən vətəndaşlardan sənədləri aldıqdan sonra 20 gün saxlayıb, oradan elə "səhv" tapırlar ki, vətəndaş yenidən sənəd düzəltmək üçün qapılara düşür. Bu minvalla bir neçə dəfə ged-gələ düşən vətəndaş da axırda məcburiyyət qarşısında qalaraq, tələb olunan rüşvəti verərək qısa müddətdə sənədini almağa çalışır.
BTİ-də çalışanlar isə deyirlər ki, vəziyyətin belə bir şəkil almasının səbəbi onlarla bağlı məsələ deyil. Onların iddialarına görə, hər şeyi Komitə müəyyənləşdirir və istənilən rüşvəti də onlar müəyyənləşdirirlər. Yəni, Kərəm Həsənovun başçılıq etdiyi qurum bütün məsələlərə özü nəzarət etməklə, indiki vəziyyəti yaradıb.
Bu əsnada çox maraqlı bir məlumat da əldə etmişik. Həmin məlumat isə Kərəm Həsənovun qurumunun insanları hansı səviyyədə incitdiyinin nümayiş etdirir. Adının çəkilməsini istəməyən Bakı sakinlərindən biri deyib ki, bu yaxınlarda baş verən bir hadisə bütün qəsəbəni şoka salıbmış. Belə ki, Qarabağ müharibəsində 3 oğlunu itirən ana onlardan yadigar qalmış 3 gəlini və hər bir gəlinin də 1 uşağının sığındığı kiçik evini özəlləşdirmək üçün Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinə müraciət edib. Lakin bu yaşlı qadının sənədlərini alaraq bir kənara atıblar. Üstəlik, ondan güc-bəla ilə inşa etdiyi evinə görə, 5000 manat pul istənilib. Vəziyyəti belə görən üç şəhid anası isə Prezident Admnistrasiyasına üz tutub.
Məlumatı verən şəxs həmin ananın yazdığı məktubunda tələb etdiyi şərt isə bütün admnistrasiyanı ayağa qaldırıb. Belə ki, üç şəhid anası məktubunda yazıb ki, dövlət başçısı ona üç oğlunun məzarını çıxararaq, Ermənistanda dəfn edilməsi üçün icazə versin. Və bunu da belə əsaslandırıb ki, Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin hərəkətləri onu belə bir qərar verməyə məcbur edib. Məsələdən xəbər tutan Prezident Admnistrasiyasının rəsmiləri isə təcili olaraq sözügedən komitə ilə əlaqə saxlayaraq, onlardan qısa müddətdə həmin evin sənədlərini hazırlayaraq, təhvil verilməsini tələb ediblər.
Mənbə bildirir ki, hətta buna görə ciddi qalmaqal da yaşanıb. Belə ki, Kərəm Həsənov admnistrasiyaya dəvət edilərək, orada tənbeh edilib. Və ona tapşırılıb ki, ən azından bu cür həssas məsələləri diqqətə alsın. Əks təqdirdə, bu cür hallara görə başının ağrıya biləcəyini onun diqqətinə çatdırıblar.
Qeyd edək ki, Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin fəaliyyəti ilə bağlı şikayətlər təkcə bununla da bitmir. Hər gün yeri-yeni şikyətlər vətəndaşlar tərəfindən rəsmi qurumlara göndərilir. Hələlik bu məsələdə yuxarı dairələr sussalar da, bunun uzun müddət davam edəcəyini düşünmək bir qədər çətindir. Xüsusən də indiki həssas məqamda Kərəm Həsənovun rəhbərlik etdiyi qurumun yaratdığı narazılığın ciddi fəsadlar törədə biləcəyi ehtimalı böyükkən. Bu işə parlamentin də qoşulması isə onu deməyə əsas verir ki, komitə sədri tezliklə çox ciddi problemlərlə üzləşməli olacaq.
Namiq