Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ikili standartı

Akif Əlibəyovun rəhbərlik etdiyi qurumun anlaşılmayan məntiqi

Yay fəsli gələn kimi Azərbaycanda aktuallaşan mövzulardan biri də çimərliklərlə bağlıdır. Xüsusən Bakıdakı çimərliklərin ürəkağrıdan durumunu qeyd etmək lazımdır.
Əksər müstiəqil ekspertlərin fikirincə, həmin çimərliklərin böyük əksəriyyəti istifadə üçün yararlı deyil. Bir çox çimərlik var ki, onlarda insan həyatı üçün təhlükəli olan bağırsaq çöpləri aşkar edilib və bu da həmin çimərliklərdən istifadəni qeyri-mümkün edir.
Ən maraqlısı isə çimərliklərlə bağlı monitorinqlər aparan və qadağalar çıxaran cavabdeh qurumun - Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mövqeyidir. Akif Əlibəyovun direktoru olduğu mərkəzin fəaliyyətində ikili standartlar müşahidə edilir ki, bu da adıçəkilən qurumun monitorinqləri şəffaf apardığı, hansısa nəticələr açıqlanarkən və ya hansısa çimərliklərə getməyi məsləhət görməzkən başqa maraqlardan çıxış etmədiyi, yaxud hansı çimərliklərinsə istifadə üçün yararlı olduğunu açıqlayarkən bunu tam obyektiv şəkildə həyata keçirdiyi məsələsində şübhələr yaradır, müəmmalara yol açır.
Məsələn, mövsümün əvvəlində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib ki, aparılan analizlərin nəticələrinə görə, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Qaradağ rayonu ərazisi ilə Səbail rayonu ərazisində yerləşən "Sahil" və "Şıx" çimərliklərində, eləcə də Sumqayıt çimərliyində isə bakterioloji çirklənmə müşahidə olunub. Həmin çimərliklərin istifadəsinə qadağa qoyulması ilə bağlı qərar isə bu il də qüvvədə qalır.
Bəs burada hansı ikili standartdan, hansı müəmmalı məqamdan danışmaq olar?
Məsələ burasındadır ki, artıq bir neçə ildir "Sahil" və "Şıx" çimərliklərinə əhalinin istirahəti üçün qadağa qoyulur. Və bu qadağa sözügedən çimərliklərdə bağırsaq çöplərinin normadan artıq olması ilə şərtləndirilir. Olduqca müəmmalı bir məsələdir ki, neçə illərdən bəri sözügedən çimərliklər barədə eyni məlumatın verilməsinə baxmayaraq, əhalinin ən çox istifadə etdiyi çimərlikdə heç bir profilaktik tədbir həyata keçirilmir, çimərliyə giriş qadağan edilmir. Əgər doğrudan da həmin çimərliklərdə bağırsaq çöpləri varsa və bu insanların kütləvi yoluxması ilə nəticələnə bilərsə, müvafiq qurumlar öz işlərini sadəcə xəbərdarlıq etməklə bitirə bilməzlər. Çünki belə biganəlik hökumətin öz vətəndaşlarının sağlamlığına qarşı laqeyidlik kimi dəyərləndirilə bilər.
Məsələnin görünən tərəfi ondan ibarətdir ki, Hövsan çimərliyinə birbaşa kanalizasiya sularının axması səbəbindən Sahil" və "Şıx"la müqayisədə dəfələrlə çirkli olmasına baxmayaraq oradan istifadəyə qadağa qoyulmur. Hansı ki, hamıya bəllidir ki, Hövsan kanalizasiyası birbaşa dənizə axıdılır, nəticədə çimərlik iyrənc hala düşür. Amma nədənsə, "Sahil" və "Şıx" çimərlikləri istifadəyə yararsız hesab olunur.
Lakin sözügedən çimərliklərdən istifadənin rəsmi qaydada qadağan olunması barədə ərazidə xəbərdarlıqedici lövhələrin yerləşdirilməsinə baxmayaraq həmin çimərliklərdən istifadənin qarşısını almaq heç bir halda mümkün olmayıb. İsti yay günlərində sərinləşmək arzusunda olan insanlar, xüsusən də bu ərazilərdə yaşayan vətəndaşlar elə istifadəsi qadağan olunmuş çimərliklərə üz tuturlar. Özü də giriş haqqı ödəməklə.
Bütün bu söylədiklərimiz iki məqamdan xəbər verir: birincisi, Akif Əlibəyovun direktoru olduğu Respublika Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyətini tam obyektiv şəkildə qura bilməyib, çimərliklər arasında hansısa (!) səbəblərdən fərq qoyulur.
İkincisi, Mərkəz niyəsə öz yasaqlarına necə əməl edildiyinə ciddi məhəl qoymur, istifadəsi qadağan olunan çimərliklərin nəyə görəsə (maraqlıdır, nəyə görə?!...) yenidən fəaliyyətini davam etdirməsini ciddiyə almır.
Bu isə adıçəkilən qurumun öz fəaliyyətini vətəndaşların sağlamlığından çox, başqa maraqların üzərində qurduğuna dair şübhələrin yaranmasına gətirib çıxarır.
Günel Əkbər