Bünyamin Qəmbərli: “Azərbaycanın xaricdə əyləşən suflyorlara ehtiyacı yoxdur”

Bünyamin Qəmbərli: “Azərbaycanın xaricdə əyləşən suflyorlara ehtiyacı yoxdur”

Son günlərdə ölkənin siyasi həyatında və qardaş Türkiyədə baş verən proseslərlə bağlı suallarımızı BAXCP sədrinin müavini Bünyamin Qəmbərli cavablandırır.
-Bünyamin bəy, Milli Şuranın prezidentliyə vahid namizədi kimi adı hallanan Rüstəm İbrahimbəyovun Azərbaycana qayıda bilməsi nə dərəcədə realdır?
-Əgər Rüstəm bəyin Azərbaycanın qanunları ilə hər hansı bir problemi yoxdursa, onun ölkəyə qayıdışı problem olmamalıdır. Amma proseslərin gedişi bunu göstərir ki, onun Azərbaycana qayıtmamağını daha çox elə Milli Şurada təmsil olunmuş müxalifət partiyaları arzulayır. Və yeri gəlmişkən, Rüstəm İbrahimbəyov ara-sıra mətbuata verdiyi açıqlamalarda müəmmalı və htta cəmiyyətin heysiyyətinə toxunan sözlər, ifadələr işlədir. Bizdə bir məsəl var, deyərlər: “Ağası gülüm olanın başına külüm olar”. Amma başqa bir məşhur deyim də var ki, “Hər bir insan dilinin altında yatıb”. Rüstəm əfəndinin müəyyn ifadələri hər bir yurddaşımızı və xüsusən də Milli Şuranın hər bir üzvünü dərindən düşündürməlidir. Birincisi, bu ölkəyə rəhbərlik etmək onu rəhbərlik edəcəyi xalıqın arasında və rəhbərlik edəcəyi ölkədə görmək istəyənləri provakator adlandırması rəzalətdir.
İkincisi, cənab Rüstəmbəyova xatırladıram ki, hələ vaxtilə Mövlana deyib: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!”İndi Rüstəm İbrahimbəyov bu ölkəyə qayıtmaqdan ehtiyat edirsə, gedib öz işləri lə mşğul olsa, daha faydalı olar. Çünki beləsindən dövlət başçısı çıxmaz. Yox, əgər Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmaqdan qorxmursa, qoy onda bəhanə axtarmasın və cəmiyyəti təhqir etməsin.
Üçüncüsü, Rüstəm bəyin ölkəyə qayıtmasını ən çox dilə gətirən (və məncə, düzgün yanaşmadır) Müsavat partiyasının başqanı İsa Qəmbərdir. Rüstəm bəy isə onun ölkəyə qayıtmasını tələb edənləri provakator adlandırır. Onda belə çıxır ki, İsa Qəmbər provakatordur. Əgər İsa Qəmbər provakatordursa, o zaman Rüstəm İbrahimbəyov onun Milli Şuradan çıxardılması məsələsini gündəmə qoymalıdır. Yox, əgər İsa Qəmbər provakator deyilsə, o zaman Rüstəm bəy ya danışığını bilmir, ya da Milli Şuranın üzvlərinə böhtan atdığı üçün bu qurumdan çıxardılmalıdır.
Dördüncüsü, bu hakimiyəti diktatorluqda günahlandıran demokrata baxın. Bu hakimiyyətə hər cür tənqid və təhqir deyilir, amma bu hakimiyyət onların mindən birinə cavab verir və yaxud cəzalandırır. Buna görə də onların təsəvvüründə olur diktatura. Amma Rüstəm əfəndini heç bir təhqir etmədən bu ölkəyə qayıtmasını istəyənlərə belə cavab verir: "Belə tələb irəli sürən adamların ağzından vurmaq lazımdır:Yeri gəlsə, o adamların ağzından özüm vuraram!"
İndi siz deyin, adi bir təklifi səsləndirənin ağzından vurmaq və ya vurdurmaq istəyərək söz azadlığını beşikdəcə boğmağa çalışan adamdan demokrat çıxarmı? Rüstəm əfəndi hələ prezidentliyə namizəddir, belə danışır, adi təklifə görə adamı asıb-kəsir. Görün, bu adam, Allah eləməsin, prezident seçilsə, nələr edər? Ona müxalif olanların başına nə oyunlar açar? Və ən nəhayətdə, özü diktatorluq edən birisinin başqasını diktator adlandırmağa haqqı varmı?
Vahid namizəd göstərilməklə Rüstəm bəy eyforiyaya qapılıb və hətta o dərəcədə çaşıb ki, deyir: "Bakıda Milli Şuranın o qədər üzvü var. Onlar kifayət deyil ?"
Mən də Rüstəm əfəndiyə demək istəyirəm ki, əgər Bakıda Milli Şuranın çoxlu sayda üzvü varsa və bunlar kifayətdirsə, sizə ehtiyac yoxdursa, o zaman əmin olun ki, Azərbaycanın da xaricdə əyləşən suflyorlara ehtiyacı yoxdur. Göründüyü kimi, Rüstəm İbrahimbəyov məsələləri qatıb-qarışdırır. O hələ anlamayıb ki,kimsənin cinsi baxımdan özünə görə kişi olub-olmaması bu millət üçün maraqlı deyil. Bu millət üçü maraqlı olan ona rəhbərlik etmək istəynlərin şəxsiyyət kimi kişi ola bilməsidir! Elə bu məqamda üzümü Rüstəm İbrahimbəyova tutub bütün siyasətçilərə deyirəm: millətə rəhbərlik etmək üçün bir-birinin ailə üzvlərini söyməklə, astanadan keçənini ipə-sapa düzməklə özünü kişi saymaq yox, sözün həqiqi mənasında şəxsiyyət olmaq lazımdır.
-Hiss olunur ki, Müsavatın başqanı Milli Şuradakı situasiyadan yararlanmaq istəyir?
-İsa Qəmbərin narahatlığı çox təbiidir məncə.Təbiidir ona görə ki, bu layihə onların deyil. Bu layihənin Azərbaycana və ya İsa Qəmbərin təsir dairəsinə aid olmadığını Milli Şuranın söz sahibi üzvlərindən biri olan Eldəniz Quliyev Pənah Hüseynin “Bilirsiniz, biz ilk dəfədir ki, özümüz tərəfindən yazılmayan və rejissoru özümüz olmadığımız bir oyunda rol almaq məcburiyyətində qalmışıq” sözlərinə cavabında da etiraf edir. E.Quliyev həmin cavabında deyir: “Pənah bəyin həmin sualına cavab olaraq ondan soruşmaq lazımdır ki, ssenari müəllifi, rejissoru olduğunuz tamaşalarda, rolları payladığınız əsərlərdə hansı nailiyyətləri əldə etmisiniz?” Pənah bəyin fikirləri və Eldəniz bəyin cavab onu göstərir ki, bu layihənin yalnız rejissoru yox həm də ssenaristi də kənardadır.Və İsa Qəmbər bu layihəni hazırlayan qüvvələrin Azərbaycanı sevdiyindən və ya ölkəni yaşadığımız bu sıxıntılı vəziyyətdən qurtarmaq, problemləri həll etmək üçün hazırlamadıqlarını da bilir. Eyni zamanda İ.Qəmbər bu layihədən kənarda da qala bilmir. Ətrafın düşüncəsi belədir ki, Milli Şuradan kənarda qalmaq guya müxalifətin birliyini pozmaq və özləri qəbul etməsələr də, Azərbaycanda Azərbaycan marağından başqa bütün maraqlara xidmət edən daxili və xarici qüvvələr tərəfindən “təklənmək” deməkdir.
İ.Qəmbərin narahatlığının ikinci səbəbi isə onun və ətrafının Rüstəm İbrahimbəyova inanmaması ilə bağlıdır. Belə ki Müsavat başqanı həm Milli Şuranın yığıncağında, həm də açıqlamalarında dönə-dönə vurğulayır ki,” Rüstəm müəllim ölkəyə gələcəkmi? Biz ona inanmaq istəyirik və ümid edirik ki, gələcək”. Rüstəm bəyin bir neçə dəfə Bakıya qayıdacağı xəbərindən sonra Bakıya gəlməməsindən və bununla bağlı verdiyi qeyri-müəyyən cavablardan doğan əndişə o dərəcədə inamsızlıq yaradıb ki, İsa Qəmbər bu inamsızlığını gizlətmədən çox açıq şəkildə Rüstəm İbrahimbəyovun müxtəlif bəhanələr axtaracağından narahatlıq ifadə edir: “Ümid edirik ki, İbrahimbəyovdan 100 minlik mitinq olsun, namizədliyim qeydə alınsın sonra gələcəyəm fikrini eşitməyəcəyik” Məhz bu fikirlə inamsızlığın və etimadsızlığın son həddidir.Yəni bu o deməkdir ki, biz Rüstəm əfəndiyə inanmırıq!Bunun başqa adı yoxdur!
Yeri gəlmişkən, burda bir məsələyə də toxunmaq istərdim. İsa Qəmbər çox çətin vəziyyətdədir. Bunun bir neçə səbəbi var:
1.O, hər zaman milli qüvvə kimi tanınıb, amma indi birdən-birə kənar qüvvələrin tamaşasında rol almaq məcburiyyətində qalıb. Bu isə ona çox ağır gəlir. Məncə, bu roldan imtina etməsi ən doğru yoldur.
2. İsa Qəmbər Əbülfəz bəydən sonra həm milli qüvvələrin, həm də bütövlükdə müxalifətin lideri ola bilərdi, amma ola bilmədi. Bunun da əsas səbəbi Elçibəy hakimiyyəti dövründə və 1998-ci il Prezident seçkiləri dövründə etdiyi səhvlərdi. Amma bütün bunlara baxmayaraq yenə gec deyil və necə deyərlər “ziyanın yarısından da qayıtmaq xeyirdi”.
3.İsa Qəmbərin müxalifəti parçalamaq və yuxarıda qeyd etdiyim kimi bu daxili və xarici qüvvələr tərəfindən “təklənmək” bahasına da olsa, kənar ssenaristlərin namizədinin müdafiəsindən imtina etməsi və özünün namizədliyində israrlı olması daha doğrudur.
- Türkiyədə baş verən gərgin proseslər bir qədər gözlənilməz təsir bağışladı...
-Mən elə deməzdim. Rəcəb Tayib Ərdoğanın ölkəni onillik idarəçiliyinin statistikası göstərir ki, Türkiyə iqtisadi inkişaf siyasətinə nail olmuşdur. Müqasiyədə 2010-cu ildə iqtisadiyyatın artımı 9,2 faiz təşkil edib və Çindən sonra dünyada bu, ikinci göstəricidir. Ərdoğan hakimiyyətə gələndə, yəni 2002-ci ildə inflyasiyanın səviyyəsi 30 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 7 faizə endirildi. Adambaşına düşən gəlir dörd dəfəyə yaxın artdı və 3 min ABŞ dollarından 11 min dollara qalxdı, bununla paralel olaraq yaşayış minimumu da yüksəldi. Türkiyə işsizliyin səviyyəsinə görə 2012-ci ildə Avropada ən aşağı ğöstəriciyə malikdir. Beynəlxalq Valyuta Fondunun himayəsindən çıxan Türkiyənin xarici ixracının həcmi 160 milyard dollara yaxınlaşdı. 2002-ci ildə cəmi 30 milyarda yaxın ehtiyat fonduna malik olan dövlətin ehtiyatı 116 milyarda çatdı və belə nailiyyətlər əlbəttə, Ərdoğan hökümətinin və onun partiyasının nüfuzunu dəfələrlə qaldırdı. Bu statistikanı göstərməkdə məqsəd heç də kimi isə tərifləmək və ya aşağılamaq deyil. Sadəcə olaraq, belə bir inkişaf tempi olan ölkənin qəflətən xaosa, qarışıqlığa düçar olmasının səbəbinin axtarılmasıdır. 2012-ci ilə qədər bu templə inkişaf qəflətən tənəzzüllə üzləşdi. Nə baş verdi? 2012-ci ildə Türkiyə iqtisadiyyatında cəmi 2,2 faiz artım müşahidə olunur. Bundan başqa, ekspertlərin fikrincə, ölkə tədricən tənəzzülə uğramağa başladı və bu proseslər hökumətə bir çox problemlər yaratdı. Digər tərəfdən bu problemlər ğözlənilməyən tərəfdən, bir etiraz hərəkatı şəklində özünü büruzə verdi. İqtidar partiyasının bir sıra mitinqlərində baş nazir Ərdoğan düşmənlərin kim olduğunu açıqlayır və eyni zamanda bunların milliyyətçi lobbilər, uduzanın isə Türkiyə iqtisadiyyatı olduğunu bildirir. Lakin Türkiyə iqtisadiyyatında tənəzzül mövcud idi, etiraz hərəkatları da buna bir təkan verdi. Məlumdur ki, 2014-cü ilin mart ayında Türkiyədə regional seçkilər keçiriləcəkdir. Bu vaxta qədər Ərdoğanın qarşısında ölkədə vəziyyəti nəzarət altında saxlamaq kimi vəzifə durur və buna da çalışır. Baş nazirin tərəfdarlarının Kayseridə, Samsun və Ərzurumda keçirdiyi mitinqlərdə bu daha aydın görünürdü. Partiya daxilində də müəyyən fikir ayrılıqları mövcuddur. Hər kəs öz siyasi manevrlərini edir. Daxildə baş verənlər Türkiyənin xarici siyasətində də özünü göstərir və demək olar ki, aktiv siyasətdən geridə qoyur. Əvvəllər regionda güc balansına nəzarəti əlində saxlaya bilən Türkiyə artıq bunu itirə bilər.
Söhbətləşdi: Savalan