Müxalifət düşərgəsində durğunluq
Müxalifət düşərgəsində durğunluq

Sərdar Cəlaloğlu: "Mitinqlər yeganə çıxış yolu deyil"

Müxalifət düşərgəsində nə isə baş verir. Bir tərəfdən hiss olunan budur ki, ümumi birliyə cəhd göstərilir, digər tərəfdən isə açıq-aydın parçalanma və qarşılıqlı ittiham mərhələsi ortaya çıxır.

Hazırda cəmiyyətin diqqətində olan əsas qüvvə AXC və Müsavat partiyalarının bir araya gəldiyi İctimai Palatadır. Belə ki, İctimai Palata yenidən mitinqlərə start verib və son mitinq kifayət qədər normal oldu. Bundan sonra güman edildi ki, digər müxalifət partiyaları İctimai Palataya daxil olmasalar da, mitinqlərdə iştiraka qərar verəcəklər. Çünki mitinq cəmiyyət tərəfindən kifayət qədər normal qarşılandı və son beş ildə ilk dəfə idi ki, kifayət qədər iştirakçı var idi. Amma gözləntilər özünü doğrultmadı.
Öncəliklə ADP sədri Sərdar Cəlaloğlu bəyan etdi ki, mitinqlər yeganə çıxış yolu deyil və belə mitinqlər keçirməyin əvəzinə daha real addımlar atmaq lazımdır.
Bununla da aydın oldu ki, "Qarabağ" bloku heç bir mitinqdə iştirak etməyəcək.
Bu arada AMİP yeni təkliflə çıxış etdi ki, bu təklifdə də mitinqdən söhbət getmir. Sadəcə olaraq bildirilir ki, daha real addımlar atmaq üçün AXCP, Müsavat, KAXCP, AMİP və ADP ayda bir dəfə məsləhətləşmələr keçirtsin.
Ekspertlər hesab edirlər ki, bu məsələhətləşmələr də heç bir effekt verməyəcək və mitinqə digər partiyaların qatılmasının qarşısı alınacaq. Ehtimal edilirdi ki, mitinqə yaxın vaxtlarda KAXCP və Liberal Demokratlar Partiyası da qatıla bilər.
KAXCP Xalq Müqavimət Hərəkatının üzvüdür və hərəkat mitinqə maraq göstərir. Amma KAXCP sədri açıq şəkildə bu fikirləri alt-üst etdi.
Xatırladaq ki, hətta Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Ədalət Yusifov partiya sədrini mitinqdə iştirak etməyə çağırmışdı. Buna və İctimai Palatanın mitinqlərinə münasibət bildirən partiya sədri bəyan etdi ki, onun belə bir fikri yoxdur:
"Aksiya artıq geridə qaldı. Bu barədə mən açıqlamamı bildirmişəm. Nəsə bu məsələyə əlavə etmək istəmirəm. Sözün açığı, mənim xəbərim yoxdur ki, mitinqdə mənim adımı kim səsləndirib, kim məni dəvət edib".
M.Mirəlioğlu vurğulayıb ki, mitinqdə təşkilatçılar öz səlahiyyətlərini unudub müxtəlif nazirliklərdən danışırlar.
"Təşkilatçı olmadığım, iştirakçısı olmadığım məsələyə münasibət bildirmək istəmirəm. Bu məni maraqlandırmır. Hesab edirəm ki, özləri nə qiymət verirlərsə, versinlər. Mitinqdə prezidentdən, iqtidardan, həmçinin ayrı-ayrı nazirliklərdən danışırlar", - deyə KXCP sədri qeyd edib.
M.Mirəlioğlu müxalifətin aprelin 22-nə təyin etdiyi növbəti aksiyaya da qoşulmayacağını bildirib. Bu isə o deməkdir ki, mitinqə görə Xalq Müqavimət Hərəkatında da ciddi parçalanmalar olacaq və yəqin ki, bu qurum ömrünü başa vuracaq.
Bu arada aydın oldu ki, Xalq Müqavimət Hərəkatından kənarda KAXCP liberal demokratlarla da danışıqlar aparır və bildirirlər ki, yeni birlik ortaya çıxa bilər.
Amma, deyəsən, bu da baş tutmayacaq. Çünki Liberal Partiyasının sədri Əvəz Temirxan bildirib ki, bir zamanlar Liberal Partiyasının KXCP ilə yeni siyasi birlik yaratmaq qərarı gündəmdə olsa da, artıq bu məsələdə KXCP ilə yolları ayrılıb:
"Qeyd edim ki, KXCP ilə mövqelərmiz müxtəlif olduğundan yeni birliyin yaradılması məsələsi müvəqqəti olaraq dayandırıldı. KXCP demokratik cəmiyyət uğrunda müqavimət hərəkatının üzvüdür. Bu baxımdan məsələ bu gün bizim gündəmimizdə deyil".
Beləliklə, aydın olur ki, birlik ovqatı nə qədər çox qabarıq görünsə də, əslində, müxalifət düşərgəsində bir parçalanma hiss olunur.
Hətta hesab edilir ki, yaxın müddətdə partiyaların yenə də bir-birinə qarşı ittihamları başlayacaq. Xatırladaq ki, əksər seçkilərdə müxalifətin hədəfi elə bir-birləri ilə savaş aparmaq olur. İndidə eyni durumdur. Hətta prezidentliyə vahid namizəd uğrunda da artıq müxalifət düşərgəsində gizli savaş başlayıb.
Hesab edilir ki, vahid namizəd uğrunda savaş İsa Qəmbərlə Əli Kərimli arasında olacaq.
Artıq indidən bildirilir ki, keçirilən sorğularda Əli Kərimli üstünlük təşkil edir və bu səbəbdən İsa Qəmbər geri çəkilməlidir.
Ekspertlərin fikrincə, bu, İsa Qəmbərin son şansı olduğundan güzəşt də olmayacaq.
Mehdi Əli