Narkomaniya və genofodun məhvi
Narkomaniya və genofodun məhvi

Əli Həsənov: "Ölkədə narkomaniya çox sürətlə inkişaf edir"

Son zamanlar Azərbaycanda narkotik maddələrə tələbatın artması və narkomaniyanın inkişafı haqqında fikirlər ciddiləşməkdədir. Hələ bir il öncə baş nazirin müavini Əli Həsənov belə açıqlama ilə çıxış edərək bildirdi ki, narkomaniya çox sürətlə inkişaf edir və təəssüflər ki, narkotikadan istifadə edənlərin böyük əksəriyyəti imkanlı şəxslərin övladlarıdır.

Amma həmin vaxt bu fikirlərə görə baş nazirin müavini ciddi təpkilərə məruz qaldı və bir müddət məsələ qapandı.
Milli Təhlükəsizlik Nazirliyinin narkotik qaçaqmalçılığı ilə əlaqədar həyata keçirtdiyi onlarla əməliyyat sübut etdi ki, həqiqətən, vəziyyət acınacaqlıdır.
Bu əməliyyatlar göstərir ki, ölkəyə narkotiklər, əsasən, İrandan gətirilir və İran hər zaman Azərbaycandan tranzit ölkə kimi istifadə etməyə çalışıb.
Amma son iki ildəki nəticələr göstərir ki, İran həm də artıq Azərbaycana tranzit ölkə kimi yox, bazar kimi də yanaşmağa başlayıb. Bu isə, sözsüz ki, narkotikin yayılmasına təsir göstərəcək.
Digər tərəfdən aydın oldu ki, narkotik effekti verən elə preparatlar da var ki, bunlar da ölkəyə Türkiyə vasitəsi ilə Avropadan gətirilir. Hətta bu preparatların bir qisminin satışına bəzi ölkələrdə qadağa da yoxdur. Nəticədə qısa zaman ərzində Bakıdakı istirahət mərkəzlərinin, demək olar ki, əksəriyyətində bu preparatlara rast gəlindi.
İndi isə aydın olur ki, artıq orta məktəblərdə narkotik satışı mərkəzlərinə çevrilib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, "Azərbaycanda məktəblilər arasında da narkotik vasitələrdən istifadə edənlər var. Bu bizi narahat edir".
Onun sözlərinə görə, bunun qarşısını almaq üçün məktəblərdə təbliğat işləri aparılmalı və bu işə valideynlər, cəmiyyət cəlb olunmalıdır.
E. Ağayev deyib ki, Səhiyyə və Təhsil nazirliklərinin birgə apardığı "Narkotiklərə yox deyək!" kampaniyası bu sahədə uğurlu addım olacaq.
Nazir müavini deyib ki, Azərbaycan 1961-ci ildə BMT-nin Narkotik Vasitələrin istifadəsi üzrə Konvensiyaya, 1971-ci ildə Psixontrop maddələrin istifadəsi üzrə Konvensiyaya qoşulub: "Ona görə də biz mütəmadi olaraq, bu maddələrin qanuni istifadəsi ilə bağlı məlumatları təqdim edirik. Səhiyyə Nazirliyi narkotik, psixotrop maddələrin, onların prekursorlarının qanuni dövriyyəsinə nəzarət edən əsas qurumdur. Bu gün səhiyyəmizi narkotik, psixotrop maddələrsiz də təsəvvür edə bilmərik. Narkotik və psixotrop vasitələrin qeyri-qanuni istifadəsi artıq dünyada ən çox gəlir gətirən sahələrdən birinə çevrilib. Ona görə də hamı - valideynlər, şagirdlər də bu məsələdə aktiv olmalıdır". Maraqlıdır, o qədərdə maddi imkanlara sahib olmayan orta məktəb şagirdləri arasında narkomaniyanın yaranma səbəbləri nədir?
Bununla bağlı "Unikal"a açıqlama verən psixoloq Aylin Məmmədova bildirib ki, bunun bir sıra səbəbləri var. İlk növbədə ona görə ki, uşaqların asudə vaxtını keçirtmələri üçün imkanlar məhduddur. Bu boşluğu isə istər-istəməz pis vərdişlərlə doldurmalı olurlar.
Hesab edilir ki, bu problem aradan qaldırılmasa, narkotiklərin yayılma dairəsi daha da genişlənəcək.
Aylin Məmmədova bildirir ki, bu günkü yeniyetmələrin hətta əsassız yerə aqressiv, ümidsiz olmaları da təsiredici faktordur.
Bunu da qeyd edək ki, artıq dünyanın bir çox yerlərində orta məktəblərdə narkotiklərin yayılması ciddi hal alıb. Bunun da başqa tərəfləri var. Hesab edilir ki, orta məktəb şagirdləri təsir altına tez düşür və bir yeniyetməni narkotik aludəçisi etməklə çox qısa zamanda elə onun vasitəsi ilə onlarla yeniyetməni bu işə cəlb etmək mümkün olur. Ekspertlər hesab edirlər ki, bir orta məktəbdə 4-5 narkotik aludəçisi varsa, bir ildən sonra həmin məktəbdə aludəçilərin sayı 30-u keçə bilər.
Bu da xüsusi olaraq vurğulanır ki, bəzən düşmən ölkələrin xidmət orqanları da bu işə qol qoyur və millətin genofoduna ağır zərbə vurur. Bunu da unutmayaq ki, İran Azərbaycana tək siyasiləşmiş dini ilə yox, həm də bu cür üsullarla zərbə vurur və bu davam edəcək. Bunun qarşısını total şəkildə almaq isə o qədərdə asan məsələ deyil.
Toğrul Əliyev