Yeni təhsil naziri üçün gözlənilən sıçrayış
Yeni təhsil naziri üçün gözlənilən sıçrayış

Mikayıl Cabbarovun səlahiyyətlərinin hədsiz artırılması mümkündür

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində gimnaziya yaradılacaq, magistrlar hazırlanacaq. Bu barədə AMEA-nın prezidenti Akif Əlizadə açıqlamasında deyib.

Onun sözlərinə görə,akademiya nəzdində yaradılacaq gimnaziya, magistratura hazırlığı elmin inkişafına kömək olacaq. Bəs yeni yaradılacaq sistem həqiqətən elmin inkişafı üçün zəruridirmi? Dünya təcrübəsində bununla bağlı hansı ənənə var? AMEA-nın pedoqoji funksiya daşımağa başlaması gələcəkdə AMEA və Təhsil Nazirliyinin vahid strukturda - Elm və Təhsil Nazirliyində birləşdirilməsi mümkünlüyü haqda ehtimalları da gündəliyə gətirir.
Belə ehtimallar hələ bir neçə il əvvəldən vardı. Amma sonradan bu məsələ gündəmdən çıxdı. Bəzi versiyalara görə, buna səbəb o vaxtki təhsil naziri Misir Mərdanovun hakimiyyət içindəki rəqibləri idi. Onlar Mərdanovun səlahiyyət sarıdan güclənməsini istəmədikləri üçün Elmlər Akademiyası ilə Təhsil Nazirliyinin faktiki olaraq birləşdirilərək Elm və Təhsil Nazirliyinin yaradılmasının önünə keçiblər.
İndi Mərdanovun görəvdən alınması və yerinə Mikayıl Cabbarovun gətirilməsi həmin planı deyəsən, bir daha gündəmə gətirir. Cabbarovun təyinatından sonra vaxtilə Misir Mərdanovdan alınan bəzi səlahiyyətlərin də yenidən təhsil nazirinə qaytarılacağı yönündə iddiaların intensivləşməsi fonunda Elm və Təhsil Nazirliyi yaradılması təşəbbüsünün gerçəkləşməsi kifayət qədər ağlabatan görünür.
Artıq təhsil ekspertləri də bununla bağlı fikirlər səsləndirirlər. Məsələn, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Təhsil Komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov bu qərarın Azərbaycanda təhsilin elmə inteqrasiyası yaxşı hal olduğunu bildirib.Onun sözlərinə görə, Rusiya və bir çox ölkələrdə Təhsil və Elm Nazirliyi bir yerdədir: "Elm və təhsilin bir yerdə olmasını çox faydalı hesab edirəm. Gürcüstanda Sovet dövründən qalmış Elmlər Akademiyası ləğv edilib və hazırda alimlərin klubu kimi fəaliyyət göstərir. Əgər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) təhsilə inteqrasiya edirsə, bu təqdirə layiq haldır. Normativ sənədlərin akademiyada olması isə təbii inteqrasiyadır. Mən bunu alqışlayıram".
Ekspert status və bölgülər məsələsinə gəldikdə isə, bunun gələcəyin işi olduğunu bildirib:"Mən hər zaman demişəm ki, elmin açarı 40-cı otağın içərisindədir və həmin otağa gedib çıxmaq çox çətindir. Bu mənada istəmərəm də ki, AMEA tam formada təhsil qurumuna çevrilsin. Çünki təhsil 40-cı otaqda olan açarı da axtarmalıdır. Ümumiyyətlə, bizim öyrəşdiyimiz Elmlər Akademiyası Sovet İttifaqı dövründən qalmadır. Qərbdə və elmin inkişaf etdiyi digər ölkələrdə belə hala rast gəlmək olmaz. Bütün elmlər unversitetlərdə aparılır. Misal üçün deyim ki, məşhur Harvard Unversiteti təkcə təhsil müəssisəsi deyil, həm də elmi müəssisədir".
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə, yeni qərarın dünya təcrübəsi ilə ayaqlaşmadığını bildirib: "Elmin inkişafı və bununla əlaqədar qurumların yaradılması Avropa sistemlərindən fərqlidir. Ona görə də müqayisəyə gəlmir. Bizdəki mövcud Elmlər Akademiyası MBD məkanındakı dövlətlərin qaydalarına əsaslanır. AMEA-nın tabeliyində olan elmi-tədqiqat institutları araşdırmalar aparmaq, kəşflər etmək üçündür. Amma akademiya rəhbərliyi tərəfindən elmlə təhsilin bir-birindən ayrılmaması ideyası doğru yanaşmadır. Akademiyanın tədqiqat institutları gimnaziyalar, orta məktəblərlə əlaqə saxlayıb, qabiliyyətli məzunların inkişafına kömək etsələr daha yaxşı olar. Gimnaziya ümümtəhsil sisteminə daxildir, akademiya sisteminə yox".
Ə.Ağayev onu da bildirdi ki, xaricdə bizim akademiya sistemi yoxdur, bunun əvəzində isə bütün universitetlərin nəzdində akademiyada olan elmi təqdiqat institutları, laboratoriyalar var: "Düzdür, mənim elə bir səlahiyyətim yoxdur ki, deyim, AMEA ləğv olunsun. Amma bu məsələyə diqqət ayrılmalıdır.Dünyanın məşhur alimlərinə baxın onlar akademiya yox, universitetlərin professorlarıdır. İstərdim ki, xarici təcrübədən yararlanaq. İnstitutların universitetləri inkişaf etdirək, oradakı texniki, laboratoriyaları yenidən quraq. Universitet təhsili bakalavrdan başlayaraq digər pillələri əhatə etməlidir.
Görünən odur ki, çox keçmədən hazırki təhsil naziri Mikayıl Cabbarovun səlahiyyətlər baxımından ciddi sıçrayış yaşaması ehtimalı böyükdür. O, təhsil nazirindən elm və təhsil nazirinə çevrilərsə, bu, Cabbarovu hökumət içində ən ağırçəkili fiqurlardan birinə çevirəcək. Buna bəzi oliqarx-məmurların necə reaksiya verəcəyini isə indidən təxmin etmək çətindir.
Günel Əkbər