Qıcqırmış demokratiyanın iylənmiş gerçəkliyi
Qıcqırmış demokratiyanın iylənmiş gerçəkliyi

Bakıda "Azərbaycan baharı" başlayan kimi Ermənistanın daha hansı rayonlarımızı işğal edəcəyini bir Allah və bir də ... Moskva bilir

Azərbaycanda çoxları inqilaba susayıb. Həm də necə... "Bircə ərəb baharı bizə də təşrif buyursaydı!"...
Amma bu baharın astar üzləri də var...
Birincisi Dağlıq Qarabağdır. Bakıda "Azərbaycan baharı" başlayan kimi Ermənistan daha hansı rayonlarımızı işğal edəcək, bunu Allah və bir də ... Moskva bilir.
İkincisi isə Moskva ilə Tehranın hələ ki, ipdə saxladığı ləzgi və talış separatçılarıdır. 1993-cü ildə bunun konkret nümunəsini görmüşük... Talış-Muğan Respublikasının timsalında...
Və hazırda gözümüzün qabağında "Taqsim baharı" yaşanıb qurtardı və
Bu baharın "meyvələrini" dərmək isə Türkiyə polisinə qismət oldu. Türkiyəd artıq həbslər başlanır və "Taqsim rəqqasları" həbsxanalara yığılır.
İstanbulun Gəzi parkında ələvi, kommunist və ateistlərin Türkiyənin hakimiyyətə seçki ilə gəlmiş AKP iqtidarına qarşı görünməmiş dirənişi ilə müşahidə olunan aksiyalar başlananda bu hadisələrin Yaxın Şərqə sıçrayacağı söylənilirdi. Necə ki müsəlman Şərqində "ərəb baharı" adlanan inqilab dalğası Türkiyədə AKP-nin dinc şəkildə hakimiyyətə gəlməsi ilə başlanmışdı.
2002-ci ildə parlamentdə mütləq əksəriyyət qazanan AKP islahatlara başlamış, Türkiyə cəmiyyətinin böyük dəstəyini qazanmışdı. AKP-nin Türkiyədəki uğurları Yaxın Şərqin müsəlman ölkələrinə təsirsiz qalmayacaqdı. Bu təsir özünü 2011-ci ildə göstərməyə başladı. Tunisdə başlanmış quduz diktatorlar, harın oliqarxlar əleyhinə inqilab üç ərəb dövlətində rejimin dəyişməsi ilə, müsəlman demokratların hakimiyyətə gəlməsi ilə sonuclandı. Tunis, Misir və Liviyada diktatorlar devrildi, xalq azad seçki ilə öz hakimiyyətini qurdu. İnqilab Suriyada ləngidi. Suriya supergüclərin maraq dairəsinə daxil olduğu üçün diktator Bəşər Əsəd üçün nəfəslik yarandı. İran və Rusiya Əsədə qahmar çıxdılar, onun devrilməsinə imkan vermədilər. Əsədin hakimiyyətdə qalması, əksinqilabı gücləndirdi. Əsədi dəstəkləyən şər dövlətləri savaş müstəvisini dəyişdilər. Öncə Türkiyə qarışdı, ardınca Misirdə əksinqilab baş qaldırdı.
Baş verən hadisələrdə İranın, Rusiyanın və Avropanın islam düşməni dairələrinin mənəvi dəstəyi aşkar görünürdü. Amma əksinqilabın boy göstərməsində Ərdoğanın aşırı sünniliyi və Məhəmməd Mursinin səriştəsizliyi də rol oynadı. Ərdoğan özünü millətin vahidliyinin mücəssiməsi kimi yox, sünni çoxluğun, islamçı əksəriyyətin lideri kimi apardı. Unutdu ki, Türkiyədə əsrlərlə islam xilafətinə düşmən olan 10 milyonluq ələvi toplumu və onların siyasətə, orduya uzanmış qolları var. Misirdə Məhəmməd Mursi də eyni səhvləri təkrarladı. Türkiyədə də, Misirdə də, müsəlmanlar əksəriyyətdi. Amma Ərdoğanı və Mursini hakimiyyətə gətirən demokratiyanın qızıl şərti azlığın hüquqlarına hörmət idi.
Azərbaycanda dini zəmində yaşana biləcək gərginlik ocaqları yox dərəcəsindədir. Bu ocaqlar hələ ötən il Eurovision-2012-də ləğv edildi. Yəni Azərbaycan indiki mərhələdə dini eksperimentlərə meydan ola bilməyəcək.
Amma başqa bir təhlükə qismən var... Moskvaya bağlı separatçı güclərin dirçəldilməsi...
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "Unikal"a bildirdiyinə görə, "İndiki mərhələdə Moskvanın talışlara və yaxud ləzgilərə dəstək verib Bakının üzərinə qaldırması kifayət qədər real görünmür. Çünki hazırda Azərbaycana təzyiq üçün Moskvanın əlində kifayət qədər güclü rıçaq var: Dağlıq Qarabağ problemi. Unutmayaq ki, bu problemin mövcud olduğu son onilliklər ərzində Moskva həm Azərbaycana, həm də Ermənistana kifayət qədər təzyiq edə bilir. Bu problem hər iki ölkədə kifayət qədər hakimiyyət dəyişikliyinə səbəb olub. Bizim partiya Rusiyadan qaynaqlanası təhlükələr barədə dəfələrlə xəbərdarlıq edib və bunu heç cürə gözardı etmək olmaz".
Natiq Oruclu