Rüstəm İbrahimbəyovla danışıqlar başladı
Rüstəm İbrahimbəyovla danışıqlar başladı
Onun taleyi Kremlin əlindədir

Uzun müddətdir ki, Rüstəm İbrahimbəyov və tərəfdarları Milli Şuranın Rusiyanın projesi olmasını təkzib edirdilər. Hətta belə arqumentlərdə səsləndirilirdi ki, Rusiya Rüstəm İbrahimbəyovu yox, elə mövcud hakimiyyəti dəstəkləyir.
Amma bu günlərdə verilən bir açıqlama bir sıra məqamlara aydınlıq gətirdi. Belə ki, tanınmış politoloq Rüstəm İbrahimbəyovla Rusiya hakimiyyətinin danışıqlar aparmasını etiraf edib. Amma gəlin öncəliklə politoloqun Rusiya-Azərbaycan münasibətlərinə verdiyi izaha diqqət yetirək.Kremlin apardığı hazırkı siyasətin ideoloqu kimi tanınan Moskva Dövlət Universitetinin müəllimi, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin avqust ayında nəzərdə tutulan Putin-Əliyev görüşü öncəsi açıqlamalar verib.Öz açıqlamasında A.Duqin Rusiya-Azərbaycan əlaqələrinin hazırda çətin bir mərhələdə olduğunu dilə gətirib.
"Azərbaycan mövqeyini dəyişməlidir. Bölgədəki güc mərkəzlərinin dəyişdiyi bir dövrdə bu labüddür", - deyən politoloqun fikrincə, ABŞ və bütövlükdə Qərblə yaxınlaşma Yaxın Şərqdə baş verən proseslərin Azərbaycana keçməsi ilə nəticələnə bilər.
"Putinin Əliyevlə ciddi söhbət etməsi və durumun aydınlaşması gərəkdir. Rəsmi Bakı ərazi bütövlüyünün zamini olaraq ABŞ, ya da Türkiyəni deyil, Rusiyanı görməlidir... Rusiya Azərbaycana böyük rəğbətlə yanaşır. Dost və müttəfiq olaraq ona ehtiyac duyur. Hazırda Moskva, Bakı, Yerevan və Tehran birlikdə Qarabağ münaqişəsini həll etməlidirlər. Ancaq ABŞ və Avropa Birliyi (AB) bu məsələdən kənarda qalmalıdır".
A. Duqin Rusiya prezidenti V. Putinin Azərbaycana gözlənilən rəsmi səfərinə toxunaraq qeyd edib:
"Putin öz dostu və qardaşını ziyarət eləmək üçün Bakıya gedir. O, Bakıda necə danışacaq? ABŞ və Avropa Birliyi rədd edilsin! NATO və Avropa Birliyi layihələri təxirə salınsın!".
Beynəlxalq Avrasiya Hərəkatı liderinin fikrincə, rəsmi Bakının ABŞ-ı dəstəkləməkdən vaz keçdiyi təqdirdə danışıqlarda problemlər yaşanmayacaq.
Müsahibəsində A.Duqin Azərbaycan müxalifətini birləşdirən Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahiməyovun Kremlin dəstəyinə malik olub-olmamasına da aydınlıq gətirib.
"Moskvanın İbrahimbəyovu dəstəkləməsinə dair dəqiq bir şey söyləyə bilmərəm. İbrahimbəyovla danışıqlar aparılır, ancaq hələ son qərar verilməyib".
Ekspertlər hesab edir ki, Rüstəm İbrahimbəyovla bir neçə məsələ ilə bağlı danışıqlar ola bilər. İlk növbədə onun Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı danışıqlar olacaq. Bununla yanaşı Rüstəm İbrahimbəyovun bir sıra məsələlərdə öhdəlik götürməsi tələb olunacaq ki, bundan sonra Rüstəm İbrahimbəyova açıq dəstək verilsin. Bu baxımdan Rüstəm İbrahimbəyovdan Avrasiya İttifaqına üzv olmaqla bağlı çağırış etməsi istəniləcək. Çünki Rüstəm İbrahimbəyov bu ittifaqın yaranmasının əleyhinə olmadığını bildirsədə , referendimum yolu ilə məsələnin həll edilməsini istədi. Bu isə sona qədər Rusiyanı qane etməyib və danışıqlarda bu məsələ yenidən gündəmə gətiriləcək. Ekspertlər bunu da bildirir ki, əslində bu gün Rüstəm İbrahimbəyovun siyasi həyatı Rusiyanın əlindədir. Rusiya Rüstəm İbrahimbəyovun vətəndaşlığını ləğv etməsə sözsüz ki, o seçkilərdən kənarda qalacaq.
Fuad Əliyev