Azərbaycan təhsilinin milli ayıbı
Azərbaycan təhsilinin milli ayıbı

Saxta diplom, yoxsa saxta mütəxəssis?

Martın sonunda belə bir xəbər yayıldı ki, 22 min 332 nəfər qəbul imtahanlarında "0" və daha aşağı nəticə göstərdiyi halda diplom alıb. Bu dəfə bu məlumatı hansısa ictimai, ya da qeyri-hökumət təşkilatı deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası açıqladı.

"Saxta diplom, yoxsa..."

Aprelin 10-da isə TQDK sədri Məleykə Abbaszadə daha bir açıqlama verdi: "Diplom almaq onu göstərir ki, bu adam həkimdirsə, onu xəstənin yanına, müəllimdirsə auditoriyaya buraxmaq olar. Buna həmin ali məktəb, ya da müvafiq nazirlik cavabdehdir. Biz isə təhsil sahəsində mütəxəssis kimi hesab edirik ki, TQDK-nın qəbul imtahanlarında "0" və daha aşağı bal toplayanlar 4 il ərzində mütəxəssis ola bilməzlər. Saxta diplom, yoxsa saxta mütəxəssis? Mənim üçün fərqi yoxdur. Təhsil
Nazirliyi bildirir ki, bu diplomlar saxta deyil. Çox gözəl. Bu zaman ikinci məsələ ortaya çıxır. Həmin şəxslər mütəxəssisdirmi? Dörd il ərzində onlar müvafiq ali məktəblərdə mütəxəssis kimi formalaşıblarsa, biz buna sevinirik. Qəbul imtahanlarında "0" bal toplayanların 4 ilə mütəxəssis yetişdirən bir təhsil sistemi varsa, biz buna çox şadıq".

"Məhkəmə qərarından kənar köçürmələr varsa..."

Təhsil Nazirliyinin sözçüsü Bayram Hüseynzadə isə deyib ki, 2004-cü iləcən Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərdə qəbul açıq şəkildə aparılırdı: "2006-cı ildə Rusiyanın Azərbaycanda fəaliyyət göstərən 4 ali məktəbinin filialının fəaliyyəti dayandırıldı. Həmin filiallarda təhsil alan tələbələr məhkəmənin qərarı ilə ali məktəblərə köçürüldü. Əgər məhkəmə qərarı varsa, biz Təhsil Nazirliyi olaraq bu qərarı yalnız icra edə bilərik. Bundan başqa 2 il öncə Moskva Açıq Universitetinin fəaliyyəti dayandırıldı. Oradan da xeyli sayda tələbələr köçürüldü. Əgər məhkəmənin qərarından kənar hansısa köçürmələr varsa, biz buna cavab verməyə hazırıq".
Bayram Hüseynzadə deyir ki, Təhsil Nazirinin göstərişi ilə iki ildir ali məktəblərə köçürmələr dayandırılıb. Təhsil Nazirinin bu göstərişinə necə əməl olunub olunmadığını müəyyənləşdirmək üçünsə daha iki il gözləmək lazım gəlir.

Aşağı bal toplayanlar ali
məktəbi necə oxuyublar?

Təhsil Nazirliyi məhkəmə qərarından kənar köçürmələr olmadığını bildirir. TQDK isə necə və hansı yolla olmasından asılı olmayaraq qəbul imtahanlarında 0 və daha aşağı bal toplayanların diplom almasını şübhəli hesab edir. Burada söhbət təkcə tələbələrin universitetə hansı yola daxil olmasından yox, həmin ali məktəbi necə oxuması, imtahanlardan necə keçməsi və necə diplom almasından gedir.
Qəbulda aşağı bal toplayanların sayı, hansı ali məktəbə qəbul olunması, qəbul imtahanlarında göstərdikləri nəticə, haradan haraya köçürülməsi ilə bağlı məlumatlar "Tələbə-məzun məlumat bazasında yerləşdirilib. Bu baza ictimaiyyət üçün deyil, yalnız müvafiq dövlət qurumları, o cümlədən Prezident Administarsiyası və Nazirlər Kabineti üçün açıqdır.
Bu rəqəmlərin açıqlanmasından 15 günə yaxın vaxt keçir, hər hansı araşdırma, yaxud tədbir görülməsi barədə isə hələlik ictimaiyyətə heç bir informasiya verilməyib.

"Bu milli ayıbdır"

Hüquqşünas Erkin Qədirli isə hesab edir ki, normal ölkələrdə belə rəqəmlərin açıqlanmasından sonra təhsil
naziri istefa verməli idi, həmin diplomları verən ali məktəblərin rəhbərlikləri barəsində tədbirlər görülməli idi: "22 min nəfər.. Bu, normal hal deyil. Bu, rəzalətdir, milli ayıbdır. Təhsil sisteminin çürüməsidir. Bir deyil, beş deyil, on deyil ... bu bir sistemdir. Bu hal necə baş verib? Miqyası düşünəndə adamın tükləri ürpəşir. Yəni, bu, siyasi məsuliyyət məsələsinə gəlib çıxır. Bu, artıq pərakəndə pozuntu deyil ki, günahı, səhlənkarlığı hansısa məmurda axtarasan".
Xatırladaq ki, ölkə başçısı 2010-cu ildə "Tələbə-məzun Məlumat Bazası"nın yaradılmasını TQDK-ya tapşırıb. 2 milyona yaxın vətəndaşın təhsil məlumatlarını əks etdirən baza 2012-ci ilin martın 28-də təqdim edilib.

Nüşabə Fətullayeva