Rəşad Məciddən ev qınaqlarına - Sərt cavab
Rəşad Məciddən ev qınaqlarına - Sərt cavab

Milli Mətbuat günündə dövlət tərəfindən 155 jurnalistə ev verildi. Ev alan jurnalistlər arasında "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin də olması ev ala bilməyən media nümayəndələri tərəfindən böyük qınaq və etirazla qarşılanıb.
Sosial şəbəkələrdə ev ala bilməyən jurnalistlər tərəfindən Rəşad Məcidin ünvanına günlərdir sərt tənqidlər səsləndirilir. Bir neçə gündür susqunluğunu pozmayan Rəşad Məcid özü haqqında deyilən fikirlərə münasibət bildirib.
Baş redaktor açıqlamasında barəsində tənqidi fikirlər səsləndirən media nümayəndələrinə az qala od püskürdü: "Mənim əleyhimə danışanlar orta məktəbə gedəndə jurnalistlərə ev verilməsi məsələsini ilk dəfə mən qaldırmışam. 2001-ci ildə Heydər Əliyevin yanında çıxış edərkən demişdim ki, jurnalistlərin aldıqları məvaciblə ev alması xəyaldır və bununla bağlı tədbirlər görmək lazımdır. Bundan sonrakı bütün çıxışlarımda da bu məsələni qaldırmışam. O zaman dövlətin imkanları yaxşı deyildi. Amma indi jurnalistlərə ev verilir. Dövlətə də 5-6 il bundan qabaq müraciət etmişdim ki, mənzilə ehtiyacım var. Dünən ortaya çıxan və saytlara bir-iki yazı yazan jurnalistlər deyirlər ki, burada haqsızlıq var. Mən inanıram ki, onlar yaddaşsızlıq xəstəliyinə tutulublar. Keçmişdən xəbərləri yoxdur. 20 ilin redaktorunun ev almasına normal baxıram".
Rəşad Məcid ona verilən evi oğlu üçün aldığını da gizlətmədi: "Mənim üç oğlum var. Mənim oğlum məni tənqid edən jurnalistlərin saytından da məşhur bir neçə saytın rəhbəridir. 7 illik jurnalist fəaliyyəti var. O, müraciət edə bilmədi. Mən müraciət etdim. Sentyabrda oğlumun toyudur. Aldığım evdə də oğlum yaşayacaq".
Baş redaktor haqqında tənqidi fikirlər səsləndirən və haqsızlıq etdiyini deyən jurnalistlərə mesaj da göndərdi: "Hökumətdən daha iki ev almağı nəzərdə tuturam. Onu da gözləsinlər. Yenə müraciət edəcəm. Mənim aldığım evlə bağlı neqativ fikirlər aşılayanlara da nifrət edirəm. Belə insanların son zamanlar məkrli, kinli fikirlər səsləndirməsinə görə çox pessimist olmuşam".
2 il sonra jurnalistlər üçün tikiləcək növbəti binadan 240 jurnalistə evin veriləcəyini deyən Rəşad Məcid vurğuladı ki, Azərbaycanda bu evlərə layiq olan 240 jurnalist yoxdur: "Mən müraciət edəcəm ki, 10 il jurnalistika sahəsində fəaliyyət göstərmək məsələsi qüvvədə qalsın. Hansısa bir sayt açırlar, bir-iki status yazırlar, deyirlər bəlkə jurnalistdirlər. Haqqı olmayanlar başlarından yekə arzulara düşürlər".