Oqtay Şirəliyevə həm asan, həm çətin sual
Oqtay Şirəliyevə həm asan, həm çətin sual
Haqqında pafosla danışılan "pulsuz səhiyyə" hanı?

2 yaşlı İmranın başına gələnlər geniş ictimai rezonans doğurub. Belə ki, "Nabran Holiday Village" istirahət mərkəzində bir neçə gün əvvəl bədbəxt hadisə nəticəsində ayağını itirən İmran Cəfərzadənin müalicəsi üçün artıq müvafiq bank hesabı açılıb, imkanı olanlar bu hesaba və ailə üzvlərinə şəxsən yardım edirlər.
Artıq İmran üçün başlanmış aksiyaya millət vəkilləri, tanınmış şəxslər də qoşulub. Dünən isə onun müalicə xərclərini ölkə rəhbərliyinin üzərinə götürdüyü açıqlandı.
Burada ən diqqət çəkən məqam isə İmranın Azərbaycandakı müalicə xərcləri ilə bağlıdır. Belə ki, hazırda onun müalicə olunduğu "Mərkəzi Kliniki Kəstəxana" hər gün üçün ailədən 800 manat pul alır.
Ailəyə ödənilən hər bir yardım İmranı Almaniyadakı müalicəyə yaxınlaşdırsa da, ailə bir tərəfdən də gündəlik xəstəxanaya ödəniləcək vəsaiti haradan necə əldə edəcəyini düşünür.
Artıq bir qrup şəxs tərəfindən xəstəxananın saytı "hack" edilib. Səhifədə "Buradan Mərkəzi klinikanın böyüklərinə səslənirik! Sizdə insaf varmı? Bu balaca canını sizə əmanət edib. Ondan hər gün 800 AZN alırsınızsa, hansı insanlıqdan danışırsınız? Bir xəstədən pul almamaqla siz kasıblamayacaqsınız!"
Bundan başqa, sosial şəbəkələrdə də sıravi vətəndaşlar, tanınmış ictimai-siyasi xadimlər Mərkəzi Klinik Xəstəxananın Azərbaycan reallığında soyğunçuluq sayıla biləcək müalicə qiymətlərinə od püskürürlər. Bizimsə bu deyilənləri dəstəkləməklə yanaşı, diqqətimizi başqa bir məqam çəkdi.
Səhiyyə naziri Oqtay Şirəliyev və onun işçiləri tez-tez ölkədəki pulsuz səhiyyədən, dövlət xəstəxanalarında müayinə və müalicənin ödənişsiz olduğundan bəhs edir. Elə isə sual doğur: cənab nazir, hanı həmin pulsuz səhiyyə? Niyə vətəndaşlar ödənişsiz olduğu bildirilən dövlət xəstəxanalarına üz tutmaq əvəzinə qiymətlərin od tutub yandığı pulu müalicə ocaqlarına üz tutur?
Bu sualların cavabı məlumdur: məsələ burasındadır ki, dövlət xəstəxanalarında tibbi xidmətlərin səviyyəsi hələ də çox aşağıdır. Yanlış diaqnoz və yanlış müalimcə riski çox yüksəkdir. Üstəlik də, heç bir "pulsuz müayinə və müalicə"dən söhbət getmir. Dövlət tibb müəssisələrində qanunsuz yollarla xəstələrdən kifayət qədər iri məbləğdə pullar alınır.
Belədə isə vətəndaşlar bir halda ki, tibbi xidmət və şərait aşağı olsa belə yenə pullarının çıxacağını görürlər, onda bir az da yüksək pul ödəmək hesabına olsa belə, ödənişli tibb müəssisələrini seçirlər. Yəni faktiki olaraq Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirlik rəsmilərinin haqqında pafoslu və populist bəyanlar verdikləri "pulsuz səhiyyə" məsələsi Azərbaycan reallığında faktiki olaraq iflasa uğrayıb.
Digər tərəfdən isə ölkədə icbari tibbi sığortanın hələ idə tətbiq olunmaması və bu məsələdə Səhiyyə Nazirliyinin iardıcıl, prinsipial mövqe sərgiləməməsi sonda sağlamlıq baxımından çətin situasiya ilə üzləşən ölkə vətəndaşlarını çıxılmaz duruma salır. Onlar düşdükləri vəziyyətdən çıxmaq üçün yardım kampaniyalarının ümidinə qalırlar. Belə kampaniyalar isə çox nadir hallarda nəticə verir.
Daha bir sual isə ondan ibarətdir ki, niyə bir qayda olaraq tibbi baxımdan hansısa problemlə üzləşən azərbaycanlılara effektiv müalicə üçün xarici ölkə məsləhət görülür. Bəs harda qaldı Azərbaycan səhiyyənin sürətlə inkişaf etdiyi, bahalı avadanlıqlar alındığı, müasir xəstəxanalar tikildiyi barədə təbliğat? Həmin təbliğatla mövcud reallıq arasındakı dərin ziddiyyəti görəsən, Oqtay Şirəliyev və onun rəhbərlik etdiyi nazirlik nə ilə izah edir?
Hər halda biz Səhiyyə Nazirliyindən bu suala da inandırıcı cavab veriləcəyini gözləyirik.
Ülviyyə Qasımlı