Xətainin icra başçısı seçki ilində narazılar yaratmağa davam edir
Xətainin icra başçısı seçki ilində narazılar yaratmağa davam edir

Razim Məmmədovun rayonunda insanlar niyə hökumətdən incik salınır?

Razim Məmmədovun icra başçısı olduğu Xətai rayonu paytaxtın ən çox vətəndaş şikayətlərinin yayıldığı rayonlarının önündə gəlir. Burada az qala elə həftə yoxdur ki, ya sakinlərin kütləvi narazılıq məktubları mətbuata çıxmasın, ya da vətəndaşlar üzləşdikləri haqsızlıqlarla bağlı aksiyalar keçirməsin.
Dünən isə Razim Məmmədovun rayonunun Ərzurum qəsəbəsinin evi sökülən sakinləri Bakı Şəhər İcra Hakimiyyətinə yürüş ediblər. "İçərişəhər" metrostansiyasından İcra Hakimiyyədək davam edən yürüşdə 200-ə yaxın sakin iştirak edib. Qəbul şöbəsinin qarşısına toplaşan sakinlər Hacıbala Abutalıbovla görüş tələb ediblər.
Əraziyə polis qüvvələri cəlb olunub, naraı sakinlərin ərazidən uzaqlaşdırılmasına cəhd olub. Sakinlər isə qəbul ediloməyəcəkləri təqdirdə Prezident Administrasiyasına yürüş edəcəklərini bildiriblər. Nəhayət, sakinlərin nümayəndəsini Hacıbala Abutalov qəbul edib.
Qeyd edək ki, indiyədək evi sökülərək haqsızlığa uğrayan yerli sakinlərlə problemi Xətai rayon İcra Hakimiyyəti rəhbərliyinin yoluna qoymaması və yoluna qoymaq istəməməsi maraq doğurur. Axı belədə etirazlar məhz bu səviyyəyə çatır ki, bu da seçki ilində heç də xoş olmayan mənzərədir.
Ümumiyyətlə isə əgər Xətai rayon rəhbərliyi vətəndaşların şikayət və narazılıqlarına diqqəti artırmasa payızdakı prezident seçkilərindən sonra ciddi problemlərlə üzləşə bilərlər. Çünki seçki ilində məmurlara vətəndaşları hökumətdən incik salmamaları yönündə ciddi tapşırıqlar verilib, bu tapşırıqlara biganə yanaşanlarla isə seçkidən sonra haqq-hesab çəkiləcəyi yönündə xəbərdarlıq edilib.
İndi görünən odur ki, Xətai rayonunda nə məlum göstərişi eşidən var, nə də haqqında danışılan xəbərdarlığı diqqətə alan. Bunun isə cəzası çox ağır ola bilər.
Azər Aslan