Azərbaycan məmurlarının diqqətinə!
Azərbaycan məmurlarının diqqətinə!

Rüşvətlə qazanılan pula edilən yardım da haramdırmı?

Elə adamlar var ki, fitrə, zəkat, xüms verəndə bunu yalnız maaşı, təqaüdü, yaxud yaxınlarının maaş-təqaüdü hesabına edir. Onların başqa gəlir mənbəyi olsa da, hesab edir ki, həmin gəlir halal deyil, ona görə də fitrəni, zəkatı, xümsü maaş, təqaüd kimi halal gəlirdən vermək lazımdır.

Elə adamlar da var ki, haram yolla da olsa qazandığı puldan mütəmadi fitrə, zəkat, xüms verir və bu yolla həm də həmin pulu halallaşdırdığına inanır.
İlahiyyatçı Əhliman Rüstəmov bildirir ki, burada iki yanaşma var: "Zəkatı verirəm və məndə təsiri, mən zəkatı verirəm və alan adamda təsiri. Zəkat və sairə halal maldan verilibsə, onun verənə və ya alana mənfi təsiri ola bilməz. Lakin onun haram maldan verilməsinin hər iki tərəfə mənfi təsiri olacaq. Bu, elə evdəkilərə haram mal yedizdirmək kimi bir şeydir və bu da zülm etməyə yozulur. Əməllərin ümumi toplumuna gəlincə, belə inanc var ki, yaxşı əməllər bütün pislikləri yuyar. Yaxşı əməllər çoxdursa, Allah öz bəndəsinin bütün pisliklərini yuyar. Belə bir anlayış var: "həqqum-nas" - camaatın haqqı. Əgər insanların haqqı kiminsə boynundadırsa, bu haqq həmin şəxsə halal edilməyibsə, həmin şəxs cənnətə düşə bilməz".
Əhliman Rüstəmov "Quran"a istinad edərək vurğulayır ki, Allah yanında zəkatın, xümsün, fitrənin yalnız təqvalılar tərəfindən qəbul edilməsinə dair ayə var: "Adam rüşvət almaqda, haram yeməkdə maraqlıdırsa, onun zəkatı yalnız vacib olan hallarda qəbul edilmiş sayıla bilər. Amma bu vacibin heç bir savabı olmayacaq. Bu ona bənzəyir ki, bir adam oruc tutur, amma qeybət edir. Oruc boynundan götürülür, yəni onun o öhdəliyi yerinə yetmiş hesab olunur, amma savab baxımından ona nəsə verilmir".
Əhliman Rüstəmov yalnız bir halda haram maldan fitrə-zəkat verilməsinin savaba yazılmasını mümkün hesab edir: "Gərək haram mal təmizlənsin. Təmizlənməmiş ondan pay verilməsinin elə bir əhəmiyyəti yoxdur. Təmizlənmə nədir? Əgər rüşvət alan, haram mal əldə edən onun öz sahibini tanıyırsa, malı geri qaytarmalıdır. Tanımırsa və haram malın miqdarını bilirsə, o qədər də sədəqə verməlidir. Əgər əldə etdiyi malın sahibini sonradan taparsa və həmin sahib ödənilmiş sədəqə ilə razılaşarsa, onun savabı mal sahibinin olur. Əgər razılaşmırsa, həmin mal miqdarda pulu geri qaytarır, verdiyi sədəqənın də savabı özünün olur".
İlahiyyatçı qeyd edir ki, bu təmizlənmə olmadan rüşvətxor adamın kiminsə qarnını doyuzdurması, hansısa kasıba əl tutması savaba, əcirə yozulmur: "Haramdan verilən pulun, malın ünvanı itmir, o sədəqə kimi, yardım kimi kiməsə veriləndə də yenə haramdır. Üstəlik, kiməsə haram yedizdirməyin də öz cəzası var".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, "İqtisadi forum" jurnalının baş redaktoru Samir Əliyev isə deyir ki, rüşvətxorluq Azərbaycanda kütləvi hal alıb və bu, cəmiyyətə çox böyük zərbələr vurur: "Bu bəlanı yenmək üçün ilk növbədə siyasi iradə lazımdır. Siyasi iradə olsa, qanunlarda rüşvətə, korrusiyaya yol açan boşluqları da aradan qaldırmaq mümkündür. Rüşvət və korrupsiya faktoru Azərbaycanda, belə deyək, halal cəmiyyət quruculuğunun qarşısında əsas maneədir. Rüşvət almaq insanı gözükölgəli edir. Belə adam heç vaxt özündən yuxarı məmura, vəzifəli şəxsə iradını bildirə bilməz. Əks halda işdən cıxarılma belə onun üçün yüngül cəza ola bilər. Rüşvətxorluq insanların mübarizlik hissini öldürür, insanı öz haqqını tələb etmək kimi prinsiplərdən əl çəkməyə məcbur edir. Eləcə də rüşvətxorluq cəmiyyətin ayrı-ayrı sahələrinin keyfiyyətini, mütəxəssislərin səviyyəsini aşağı salır. Təhsildə rüşvət o deməkdir ki, müəllim şagirdlərə yüksək səviyyəli bilik öyrədə bilmir. Bu isə şagirdlərin, tələbələrin savadsızlığına gətirib çıxarır. Kadrlar savadlı olmayanda isə cəmiyyətdə digər problemlər, narazılıqlar yaranır. Həkim əgər yaxşı kadr deyilsə, xəstəliyi müalicə edə bilmirsə, xəstəlik artır, ölüm halarının sayı çoxalır və sairə. Yaxşı mühəndis olmayanda tikilən evlər uçur, insan tələfatı və başqa ağır problemlər yaranır".
Sevda Cəlilli