Məleykə Abbaszadə hədəfə gətirilir
Məleykə Abbaszadə hədəfə gətirilir
Təhsil nazirindən sonra TQDK sədri də dəyişdiriləcək?

Son vaxtlar Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadəyə qarşı tənqidlər səslənməyə başlayıb. Tənqidlərin əsas hissəsini isə onun son qəbul imtahanları zamanı keçid ballarını xeyli aşağı salması göstərilir.
Məsələn, TQDK birinci qrupda keçid balı 250-dən 150-yə, üçüncü qrupda isə 300-dən 250-yə endirilib. Bu isə ekspertlər tərəfdən bir o qədər də müsbət qarşılanmır. Düzdür, bəzi ekspertlər düşünür ki, qəbul olanların sayının azalması sonradan universitetlərdə problem yaranmasına və müəllimlərin istismarına səbəb ola bilər. Belə halların qarşısını almaq üçün də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ümumi balları aşağı salması anlaşılandır. Amma ümumilikdə isə bu, təhsildə normal hal deyil. Ekspertlərin fikrincə, universitetlər özləri qəbulu həyata keçirsələr plan yerlərini özləri doldursalar, özləri tənzimləməklə öz işlərini planlı şəkildə qura bilərlər. Onlar hesab edirlər ki, Azərbaycanda təhsili universitet, qəbulu isə TQDK həyata keçirdiyindən, nəticədə universitetlər TQDK-dan asılı vəziyyətə düşürlər. Xarici ölkələrin universitetlərində isə azad rəqabət olduğuna görə, orda tələbə problemi yoxdur. Onların universitetləri yüksək maliyyə imkanlarına malikdir. Xaricdə tələbə qəbulunu universitet həyata keçirir. Bizdə qəbul TQDK-dan asılıdır. Qəbulun nəticələri isə birbaşa TQDK-ya göndərilir və ümumi balın aşağı endirilib, yuxarı qaldırılması onların səlahiyyətlərində olur. Bu, birbaşa dövlət tərəfindən tənzimləndiyinə görə plan yerlərini doldurmaq xatirinə ümumi ballar aşağı salınır.
Bəzi ekspertlər isə nəticələrin bu cür olmasını ümumiyyətlə acınacaqlı hal kimi dəyərləndirir. Onların sözlərinə görə, bu, sübut edir ki, texniki və təbiət elmlərinin tədris səviyyəsi humanitar sahə ilə müqayisədə aşağıdır. Texnki sahəni seçən abituriyentlərin bilik səviyyəsi humanitar sahəni seçənlərin bilik səviyyəsindən olduqca aşağıdır. Bu isə bir daha təsdiqləyir ki, ölkədə humanitarlaşma gedir.
Ümumilikdə görünən odur ki, TQDK balları aşağı salmağa məcburdur. Nazirlər Kabineti hər bir ali məktəbdə ixtisaslar üzrə qəbul planlarını yerlərini təsdiqləyib. Ali məktəb rəhbərlərinin istəkləri odur ki, "150" bal belə olsa, onların qəbul yerləri dolsun. Boş qalan yerləri doldurmaq üçün TQDK bunu etməli idi. Ümumilikdə isə TQDK-nın balları kəskin şəkildə o qədər aşağı salması qənaətbəxş deyil.
Yəni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını bu məsələdə hər hansı formada qınaq hədəfinə çevirmək doğru deyil. Amma yenədə bəzi KİV-lərdə TQDK sədrinin hədəf alınması maraq doğurur.
Hesab edilir ki, bu, Dövlət Komissiyası sədrinin hökumət daxilindəki bəzi rəqiblərinin işidir. Onlar Məleykə Abbaszadəni haqlı və haqsız ittihamların hədəfinə çevirməklə TQDK rəhbərliyində dəyişikliyə ümid edir və bura arzuladıqları şəxsin gətirilməsinə çalışırlar.
Qeyd edək ki, hələ TQDK sədrinin "əzəli düşmən"i sayılan təhsil naziri Misir Mərdanov "vurularkən"
Məleykə Abbaszadənin də postunda çox qalmayacağı iddia edilirdi. Bu iddiaların üstündən bir neçə ay keçmiş TQDK sədrinin bəzi KİV-lərdə tənqid hədəfinə çevrilməsi əlbəttə, maraq doğurur.
Güman ki, kimlərsə həqiqətən gələn ilki qəbul imtahanlarının sədri yeniləşmiş TQDK tərəfindən keçirilməsini qarşılarına məqsəd qoyublar. Onların bu istəklərinə çatıb- çatmayacağını isə zaman göstərəcək.
Seymur Quliyev