"Milli Şura" tarixin arxivinə qovuşur
"Milli Şura" tarixin arxivinə qovuşur

Müxalifətin "Milli Şura" ilə bağlı gözləntiləri gün keçdikcə fiaskoya uğrayır. Onsuz da heç vaxt vahid mövqe sərgiləyə bilməyən müxalifət təmsilçiləri qondarma "Milli Şura"ya sığınmaqla formal "birlik" görüntüsü yaratmağa çalışsalar da, nəticə yenə bumeranq effekti verdi. Hazırda qurum daxilində davam edən çəkişmələr və ziddiyyətlər "Milli Şura"nı sürətlə parçalanmağa sürükləyir.
Müsavat başqanı İsa Qəmbər Müsavat Partiyasının onun "ehtiyat namizəd" kimi gündəmdə qalması ilə bağlı qərarının qüvvədən düşməyəcəyini dəfələrlə bəyan edib. O, R.İbrahimbəyovun namizədliyinin qeydə alınmaması ehtimalını heç də əldən vermir. Bu riski aradan qaldırmaq üçün öz namizədliyini ehtiyatda saxlayır. Digər partiyalara ünvanlanan bu mesaj, təbii ki, AXCP sədri Əli Kərimliyə heç də xoş gəlmir. Ona görə də Ə.Kərimli bütün imkanlarını səfərbər edib ki, R.İbrahimbəyov Azərbaycana gələrək seçkilərə qatılsın. R.İbrahimbəyov da cidd-cəhdlə seçkilərə hazırlaşır. O, hətta namizədliyinin qeydə alınmasında maneə kimi göstərilən ikili vətəndaşlıq məsələsini də gözə alıb. Şuranın icra aparatının rəhbəri Eldar Namazov bildirib ki, İbrahimbəyov Rusiya pasportunu artıq bu ölkənin müvafiq qurumuna təhvil verib və yaxın vaxtlarda həmin qurum onun Rusiya vətəndaşlığını ləğv edəcək.
Eldar Namazov bildirib ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyatı bu yaxınlarda Vaşinqtonda keçirilən müzakirələrdə də diqqət mərkəzində olub. Amma sözügedən tədbirdə iştirak etmiş Milli Məclisin deputatı, Amerika-Azərbaycan dostluq qrupunun üzvü Asim Mollazadə rəsmi Vaşinqtonun "Milli Şura"ya, yaxud hər hansı digər siyasi quruma dəstək vermədiyini deyir: "Bu müzakirələr deyildi, çünki müzakirə olsaydı, konqresdə olardı, konqresmenlər də iştirak edərdilər. Bu, sadəcə, fikir mübadiləsi idi".
R.İbrahimbəyovun Avropa turu barədə də heç kəsə məlumat verilmir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov R.İbrahimbəyovun "Milli Şura"nın vahid namizədi kimi Avropada görüşlər keçirməsinə münasibət bildirib: "Rüstəm İbrahimbəyov siyasətə bir kinossenarisi kimi baxır. Kinossenarilərində müxtəlif siyasi proseslər, müxtəlif liderlərin fəaliyyət yolu yazıla bilər. Ssenarist burada azaddır, ssenarini istədiyi kimi yaxşı sonluqla da, pis sonluqla da bitirə bilər. Amma real siyasət tamam fərqli bir şeydir. Siyasətdə bütün mövcud reallıqları nəzərə almaq lazımdır. İnsanın siyasi təcrübəsi olmalıdır. Rüstəm İbrahimbəyov isə siyasətdə çox naşı bir adamdır. Siyasi proseslərdə, demək olar ki, heç vaxt iştirak etməmiş bir adamdır. Onun söylədiyi fikirlər də, gördüyü işlər də yazıçı təxəyyülünün məhsulu olan ssenariyə daha çox bənzəyir. Mən onun iddialarına tamamilə boş bir xəyal kimi baxıram. Rüstəm İbrahimbəyov yazıçı kimi siyasətdən bəhs edən bir ssenari yazsa, daha çox uğur qazana bilər, nəinki real siyasətdə".
Bu arada Rəsul Quliyevin İsa Qəmbəri dağıdıcılıqda ittiham etməsi və onu prezidentliyə layiq görməməsi Müsavat başqanının müavini Arif Hacılını bərk hiddətləndirib. O, "Facebook" səhifəsində R.Quliyevi ölkənin baş mafiozu adlandırıb: "Rəsul Quliyev o dövrün termini ilə desək, ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi. Saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu. Sonralar bəlli oldu ki, Rəsul Quliyev ona layiq olduğundan dəfələrlə yüksək vəzifə vermiş hökumətə minnətdar olmamış, baş nazirin 1-ci müavini təyin olunduqdan dərhal sonra hökumətə hərbi müxalifət mövqeyində olan OMON birləşməsinin bir polkunu Bakıda "YUJNIY" mehmanxanasında yerləşdirərək çevriliş planının əsasını qoymuşdu. Acı həqiqətdir ki, 2003-cü ildə Rəsul Quliyev İsa Qəmbərin müdafiəçisi olmaq, 2005-ci ildə isə artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq etmək imkanına sahıb oldu. 2005-ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki, nəticələri hələ də davam edir..."
Bir tərəfdən R.İbrahimbəyovun bacarıqsızlığı, digər tərəfdən də qurumdaxili çəkişmələr "Milli Şura"nı qısa vaxt ərzində tarixin arxivinə göndərəcək.
Alı