İran müxalifətə dəstəyini çəkdi

İran müxalifətə dəstəyini çəkdi

İslamçılar müxalifətin sosial bazasını parçaladı
Milli Şuranın vahid namizədlik iddiası tam fiaskoya uğradı. İlk növbədə ona görə ki, Milli Şura daxilində ki, Müsavat qrupu Rüstəm İbrahimbəyovla seçkiyə getməyin mümkünsüzlüyü fikrindədirlər və hesab edilir ki, alternativ olaraq ya Rafiq Əliyev, ya da Cəmil Həsənli namizəd kimi göstərilməlidir.
Bunlarla paralel İsa Qəmbərində namizədliyi gündəmdə qalmalıdır. Bu isə o deməkdir ki, vahid namizəd söhbəti sadəcə olaraq bir siyasi gediş olub. Bundan başqa islamçıların Milli Şuranı tərk etməsi də bu təşkilatın imkanlarını tükətdi. Ən maraqlısı isə budur ki, islamçıların lideri də prezident seçkilərində iştirak etməkdə israrlıdır. Bunu elə onun bəyanatında da açıq şəkildə görmək mümkündür. İslamçıların lideri Mövsüm Səmədovun bəyanatında bildirilir: "Şəxsən mənim Milli Şurada təmsil olunmağım onun fəaliyyətinə təsir etmə nöqteyi-nəzərindən o qədər də məqbul deyil. Çünki zindanda olmağımızla əlaqədar Milli Şuranın işində yaxından iştirakım mümkün deyil. Həm də Azərbaycan İslam Partiyasının seçki şurasında onun bir namizədi kimi iştirak etdiyimizə görə Milli Şurada üzv olmağımızı lazım bilmirik. Hərçənd ki, xalqın xeyrinə atılan addımları, hər hansı qurum tərəfindən atılmış olsa da, xüsusən Milli Şura tərəfindən, dəstəkləməyimiz mümkündür və məqsədəmüvafiqdir.Mənim seçkilərə namizəd kimi qatılmağım özümün istəyimdən daha çox xalqın istəyidir. Bu baxımdan mən öz namizədliyimin irəli sürülməsinə razı olmuşam və bu siyasi səhnədə nə qədər ki, xalq bizə etimad edəcək, nə qədər ki, qanun çərçivəsində biz bu etimadı lazımınca doğrulda biləcəyik, özümüzü bu vəzifəni daşımağa məsul bilirik. Qarşıda ola biləcək məhdudiyyətlərin müqabilində yaranmış hadisələrdə öz ilahi vəzifəmizə uyğun olaraq addım atacağıq".Maraqlıdır, bəs islamçıların Milli Şuradan getməsi, həmçinin prezident seçkilərində iştirak etmələri müxalifətə hansı formada təsir edəcək? Ekspertlər hesab edir ki, ilk növbədə müxalifətin bir yerdə olması avantajı bununla sıradan çıxdı. Çünki müxalifət qüvvələrindən artıq prezidentliyə namizədlərin sayı beş nəfəri keçib. Bundan başqa islamçılar kifayət qədər ciddi sosial bazaya malikdilər və təşkilatlanmış şəkildədirlər. Və öz namizədləri ilə seçkilərə qatılarlarsa ən azından 10 faizə qədər səs toplaya biləcəklər. Və bu gün onlar Milli Şuranın namizədini dəstəkləmirlərsə deməli Milli Şura indidən iddialı olduğu 10 faiz səsi itirdi. Yəni hazırda müxalifət düşərgəsində yaranan durum budur ki, bu düşərgənin sosial bazasını bir araya gətirmək mümkün olmayıb və islamçıların da tam kənara çəkilmələri vəziyyəti daha da kritikləşdirdi.
Ekspertlər bunu da bildirirlər ki, əslində islamçıların Milli Şuradan ayrılmaları İranın hazırda tutduğu siyasətlə bağlıdır. Çünki islamçılar İranla sıx bağlıdırlar və onlar Milli Şuraya üzv olanda əksəriyyətdə belə bir fikir formalaşdı ki, İran Azərbaycan müxalifətinə dəstək verir. Amma hadisələrin inkişafı göstərdi ki, İran deyildiyi kimi Azərbaycan müxalifətinə dəstək vermək niyyətində deyil.
Toğrul Əliyev