Milli Şurada yeni ziddiyətlər
Milli Şurada yeni ziddiyətlər

"Milli Şuranın işini görəcək əsas partiya Müsavatdır"

Müsavat Partiyasının seçki qərargahının toplantısının keçirilməsi və Rüstəm İbrahimbəyovu dəstəklədiyi halda öz namizədini saxlaması Milli Şura üzvləri arasında narazılıq yaradıb. Müsavatın müttəfiqi AXCP ilə yanaşı, ALP də narazı tərəf kimi çıxış edir. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Asəf Quliyev bildirib ki, birmənalı şəkildə R. İbrahimbəyovun namizədliyi qəbul olunub və buna şübhə yaradılması doğru deyil: "Hər hansı partiya Milli Şuraya daxil olubsa, onun namizədliyinin qeydə alınmasına çalışmalıdır.

R.İbrahimbəyovun namizədliyi qeydə alınmazsa, Müsavat Partiyası təkbaşına namizədliyini qeydə aldırarsa, heç nə dəyişilmir. Tək namizəd olmaq xətrinə seçkidə iştirak etməkdənsə, bütün gücü bir yerə qoyub mübarizə aparmaq lazımdır". ALP sədri Əvəz Temirxan deyib ki, Rüstəm İbrahimbəyovla bərabər Milli Şuranın başqa üzvünün prezidentliyə namizədliyinin irəli sürülməsi onun namizədliyinin qeydə alınmaması üçün iqtidara ideal şərait yaradır: "Müsavatçılar ya indidən desinlər ki, biz seçkilərə öz namizədimizlə gedirik. Ya da öz başqanlarının namizədliyini gündəmdən çıxarıb desinlər ki, R. İbrahimbəyovun namizədliyini dəstəkləyirik. Qalmışıq yol ayrıcında. Xalqda ruh düşkünlüyü yaranıb". İki partiyanın narazılığına Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli cavab verib. O, "Gündəlik Teleqraf"a açıqlamasında deyib ki, Milli Şuranın namizədi üçün təbliğat aparmaq, mitinqlər keçirmək lazımdır və Müsavatın seçki qərargahı bu işlərlə məşğuldur: "Bunu Müsavat etməyəndə kim edəcək? Milli Şurada ən çox təcrübəli seçki mütəxəssisləri yığılan partiya Müsavatdır. Müsavatın strukturları bütün ölkəni əhatə edir. Seçkilərə qızğın şəkildə hazırlaşır. Bu günədək imza toplayacaq şəxslərin siyahısını müəyyənləşdirmişik, hər rayon üzrə seçki qərargahı yaratmışıq, xüsusi təlimatlar hazırlamışıq. Milli Şuranın işini görəcək əsas partiya Müsavatdır. Müsavatın seçki qərargahı əvvəlcədən deyildiyi kimi, həm İsa Qəmbər, həm də Rüstəm bəy üçün imza toplayacaq. Biz Rüstəm bəyin namizədliyini müdafiə edirik, nə qədər onun namizədliyi var, onun üçün çalışacağıq. Hesab edirik ki, heç bir halda müxalifət boykota getməməlidir".M. Hacıbəylinin sözlərinə görə, R. İbrahimbəyovun qeydə alınıb-alınmaması Müsavatın namizədinin qalmasından asılı deyil. Onun fikrincə, bu, hakimiyyətin iradəsindən asılıdır. M. Hacıbəyli Ə. Temirxanın söylədiyi fikirlərə ironik cavab verib: "Əvəz bəy bizə yazıb versin Müsavat nə etməlidir, onu edək. Deyəndə yadımızdan çıxır, yazılı şəkildə təqdim etsin".Beləliklə hesab etmək olar ki, Milli Şurada yeni qalmaqal ocağı yaranır və buda özlüyündə parçalanmanı dərinləşdirir. Hazırda Milli Şurada iki qanad artıq formalaşıb və bir-birilərinə güc nümayiş etdirirlər. Hesab etmək olar ki,Rüstəm İbrahimbəyov başda olmaqla Ziyalılar İttifaqı ilə AXCP,ALP bir düşərgədə , Müsavat KAXCP isə başqa düşərgədə təmsil olunurlar. Seçkilərə az qalmış çox böyük ehtimal ki, Milli Şura iki yerə parçalanacaq və seçkilərə ayrı-ayrılıqda qatılacaqlar.
Fuad Əliyev