YAP seçki təlimatlarını açıqladı
YAP seçki təlimatlarını açıqladı

Hakim partiya prosesləri tam nəzarətinə götürmək istəyir

Prezident seçkilərinə az zaman qalıb və artıq siyasi qüvvələr aktivləşməyə başlayıb. Hazırda bütün diqqət isə hakim partiyaya yönəlib. Çünki ötən seçkilərdən fərqli olaraq bu dəfə YAP seçki hazırlığına gec başlayıb. Amma bu günlərdə bir canlanma yaranıb və canlanma hazırda partiya daxilində hiss edilir. Maraqlıdır, YAP bu dəfə seçki prosesinə hansı formada təsir etmək niyyətindədir.
Elə gündəmə gətirilən son təlimatlarda bu hazırlığın müəyyən konturlarını ortaya çıxarır. Belə ki, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP-ın Bakıdakı 12 rayon təşkilatının seçki qərargahı üzvlərinin təlimatlandırılması prosesinə başladıqlarını deyib. İcraçı katibin müavini qeyd edib ki, seçki təbliğat-təşviqat kampaniyasına çox az müddət qalıb. Ona görə də seçki qərargahları artıq keçirəcəkləri tədbirlərin proqramlarını müəyyən etməlidir. Onun sözlərinə görə, Azərbaycanda 5 milyon nəfərə yaxın səsvermə hüququ olan şəxs var və partiya onlarla fəal iş aparmalıdır: "Bakının hər rayonunda orta hesabla 100 mindən yuxarı seçici var. Biz maksimum dərəcədə seçicilərin böyük əksəriyyəti ilə görüşməliyik. Həm kiçik, həm də yekun görüşlərlə bağlı hazırlıq işləri görülməlidir. Heç kimin şübhəsi olmasın ki, biz qələbəyə nail olacağıq, amma heç bir arxayınlığa yol vermək olmaz. Ona görə də gecə-gündüz çalışmaq lazımdır."
Novruzov bildirib ki, Azərbaycanda seçki praktikası və texnologiyaları mütəmadi olaraq təkmilləşir. YAP da bu istiqamətdə durmadan tədbirlər görür və beynəlxalq təcrübədən istifadə edir.
Buda bildirilib ki, partiyanın seçki qərargahının üzvləri "təcili yardım" rolunu oynamalı və təbliğat-təşviqat kampaniyası dövründə ayıq-sayıqlıq nümayiş etdirməlidirlər.
Bundan əlavə qeyd edilib ki, YAP-ın seçki təbliğatı materialları hazırlanacaq. Onlar müxtəlif yerlərdə müxtəlif vasitə və metodlarla seçicilərin diqqətinə çatdırılacaq. Təbliğat kampaniyası dövründə müasir informasiya-kommunikasiya texnlogiyalarının, o cümlədən mobil rabitə və sosial şəbəkələrin imkanlarından istifadə ediləcək. Bu istiqamətdə gənc fəalların işi xüsusi önəm daşıyacaq. Eyni zamanda seçicilər arasında "exit-poll"lar keçiriləcək. Bununla yanaşı, klassik metodlardan da istifadə ediləcək, seçicilərlə müxtəlif formalı görüşlər təşkil olunacaq, partiyanın tərtib etdiyi seçki proqramına uyğun olaraq seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı işlər aparılacaq.Ekspertlər hesab edir ki, YAP-in hazırda təqdim etdiyi bu təlimatdan çıxan nəticə budur ki, partiya seçkilərə hucum taktikası ilə gedəcək və çalışılacaq ki, bütün proseslərə tam nəzarət edə bilsinlər. Hesab edilir ki, YAP-in belə mövqe tutması rəqiblərin hansısa təxribat xarakterli seçki taktikası seçməsi ilə bağlıdır. Həqiqətən də Milli Şura çalışırki seçki öncəsi və seçki günü ölkədə gərginlik yaransın və beynəlxalq təşkilatlar hakimiyyətə təsirini artırsınlar.
Toğrul Əliyev