ABŞ və İsrail qəbul edə bilməz ki, İran nüvə dövlətinə çevrilsin
ABŞ və İsrail qəbul edə bilməz ki, İran nüvə dövlətinə çevrilsin

"The Washington Post" qəzeti bir müddət öncə yazmışdı ki, ABŞ Konqresi İrana qarşı daha çox sanksiya nəzərdə tutan və hər il tətbiq edilən qanunu heç bir xüsusi səbəb göstərmədən Ağ Evə göndərməyi təxirə salıb. Bu ABŞ və İran münasibətlərində yumşalma olacağı haqda ümidlər yaratsa da, bu günlərdə başqa bir bəyanat verməklə həmin ümidləri puç etdi. ABŞ Konqresində yenidən İranla müharibəyə başlamaq üçün çağırışlar edildi.

Məsələyə münasibət bildirən politoloq, "Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev deyir ki, "senatorun bu çağırışına baxmayaraq, ABŞ-ın İrana müharibə elan etməsindən söhbət gedə bilməz. Çünki Həsən Ruhaninin İranda prezident seçkilərində qalib gəlməsindən sonra İran-ABŞ münasibətlərində müəyyən istiləşmə yaranmaqdadır: "ABŞ Administrasiyası Həsən Ruhanidən ciddi reformalar gözləməklə yanaşı, eyni zamanda onun Qərblə daha sıx əməkdaşlıq etməsini düşünməkdədir. Buna görə də hazırda ABŞ-ın rəsmi Tehrana müharibə elan etməsindən söhbətin getməsi bir az pafosa söykənən məsələdir və ABŞ ictimaiyyətinin mövqeyini əks etdirmir".
Politoloq qeyd edir ki, "az zaman öncə, ABŞ-ın 118 konqresmeni ölkə prezidenti Barak Obamaya məktub ünvanlayaraq ondan İranda iyunun 14-də keçirilmiş XI dövr prezident seçkilərinin nəticələrini nəzərə almasını, rəsmi Vaşinqtonun Tehranla müzakirələrə başlamasını və qarşılıqlı razılığa gəlmək barədə əsaslı addım atmağa zəmin yaratmasını istəmişdi. Həmçinin istefada olan 25 amerikalı diplomat da ABŞ rəsmisinə məktub ünvanlayaraq ondan İranla müzakirələrə başlamağı və Həsən Ruhaninin andiçmə mərasimində rəsmi Tehranı təbrik etməyi istəmişdilər.
Senator Qrahamın "İran özünün nüvə proqramında heç bir dəyişiklik etməsə, İranla müharibəyə başlamaq icazəsi verən yeni qanun layihəsini Konqresə təqdim edəcək" deməsi özünün şəxsi mülahizələrinə söykənir və Konqresdə çoxluğun mövqeyini əks etdirmir".
Razi Nurullayev vurğulayır ki, "ABŞ-da beynəlxalq əlaqələr üzrə mütəxəssislər və bəzi konqresmenlər isə bildiriblər ki, İranda yeni dünyagörüşlü birinin dövlət başçısı seçildiyi bir vaxtda, bu ölkəyə qarşı "məcburedici diplomatiyanı" tətbiq etmək, gələcəkdə qurulacaq münasibətlərə indidən pis təsir edə bilər".
Politoloqun sözlərinə görə "doğrudur, ABŞ heç bir halda İranın nüvə silahına malik olmasını qəbul edə bilməz. Məhz buna görə ABŞ Administrasiyası ümid edir ki, Həsən Ruhani ilə dil tapa, İranın nüvə silahlarının, nüvə layihəsinin müəyyən gecikməsinə və dayandırılmasına nail ola bilər. Problemin həllinə ABŞ-ın və Avropa Birliyi dövlətlərinin rəsmi Tehrana göstərdiyi təzyiqlər də, sanksiyalar da öz rolunu oynamalıdır. Bunun müqabilində ola bilsin ki, ABŞ və Avropa Birliyi dövlətləri İran nüvə enerjisini dayandıracağı təqdirdə ona bir çox sanksiyaların aradan götürülməsi və iqtisadi yardımlarla bağlı təklif etsinlər. Amma məsələ burasındadır ki, bu, Həsən Ruhaninin tamamilə ixtiyarında olan bir məsələ deyil. İranın ali dini rəhbəri Seyid Əli Xamneyidir və onun iradəsi olmadan uranın zənginləşdirilməsi prosesi dayandırıla bilməz. Ona görə, mənə belə gəlir ki, əgər ABŞ-ın və İsrailin kəşfiyyat orqanları İranın nüvə silahına malik olmasına yaxınlaşması barədə səhih məlumat əldə etsələr, o zaman çox güman ki, İranın nüvə obyektlərinə dağıdıcı zərbələr endiriləcək. Çünki istənilən halda ABŞ və İsrail heç bir zaman qəbul edə bilməz ki, İran nüvə dövlətinə çevrilmiş bir ölkə olsun".
Politoloq əlavə olaraq onu da qeyd etdi ki, əgər rəsmi Tehran ABŞ-ın və Avropa Birliyi dövlətlərinin təklifləri ilə razılaşmasa, bu, sonda müharibə ilə nəticələnə bilər:
"Ola bilsin, İran xüsusi iqtisadi və siyasi durumunu nəzərə alsın, eyni zamanda sağlam düşüncə qalib gəlsin və siyasəti real qiymətləndirərək görsünlər ki, onların bu cür siyasətinin nəticəsində İran müharibəyə sürüklənə bilər. Müharibədə İran məğlub olmasa da, onun nüvə layihəsi sıradan çıxa, bununla bərabər iqtisadi çöküşü baş verə bilər. Bununla bərabər, İranın içində müxalif qüvvələr baş qaldıra, etnik münaqişələr zəminində böyük iğtişaşlar baş verə və bunun nəticəsində də molla rejimi yıxıla bilər. İran öz qüvvəsi ilə Qərbin qüvvəsini müqayisə edərək məğlub olacaqları ehtimalını gözləri önünə alsalar, ola bilsin ki, sonunda sağlam düşüncə qalib gəlsin və İran uranın zənginləşdirilməsi iddiasından geri çəkilsin. Yox əgər, bunu da İranın ictimai rəyi qəbul etməyəcəksə və hazırkı siyasət davam edəcəksə, İran israrla nüvə silahına malik olma iddiasını ortaya qoyacaqsa, bu zaman əlbəttə, müharibə sonunda qaçılmaz ola bilər".
Solmaz Ələsgər