Rüstəm İbrahimbəyov müxalifəti məhv etdi
Rüstəm İbrahimbəyov müxalifəti məhv etdi

Özü isə Rəsul Quliyev sindiromuna yoluxdu

Milli Şuranın gözü yolda qaldı. Çünki Rüstəm İbrahimbəyov bu dəfə də Bakıya gələsi olmadı. Milli Şuranın vahid namizədinin iyulun 31-də Bakıya dönməsi planlaşdırılsa da gözlənilən səfər alınmadı.
Onun bu addımına səbəb kimi Rusiya vətəndaşlığından imtinası ilə bağlı ərizəsinə hələ də cavab verilməməsi göstərilir. Rusiya qanunvericiliyinə görə bu prosedurda şəxsin fiziki iştirakı lazımdır. Vəkilə etibarnamə verməklə iş bitmir.Bundan başqa aydın oldu ki, Rüstəm İbrahimbəyovun gəlməməsinə görə Milli Şura üzvləri Tbilisiyə gedəcək və qurumun sədri Rüstəm İbrahimbəyovla görüşəcəklər. Görüşdə Müsavat başqanı İsa Qəmbər, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Milli Şuranın komissiya sədrləri Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Liberal Partiyasının sədri Əvəz Temirxan iştirak edəcək. Bu sözsüz ki, məsələnin görünən tərəfidir. Amma məsələnin başqa detallarına daha çox diqqət ayırmaq vacibdir. İlk növbədə bu nəzərə alınmalıdır ki, Rüstəm İbrahimbəyovun qorxaqlıq edərək yenə Bakıya gəlməkdən imtina etməsi cəmiyyətdə birmənalı qarşılanmadı və prezidentliyə namizəd kimi artıq qeyri-ciddi sima kimi xarakterizə edilir. Bu səbəbdən ekspertlər artıq Rüstəm İbrahimbəyovun siyasi gələcəyini Rəsul Quliyevin yaşadığı uğursuzluqlarla eyniləşdirirlər. Belə ki, illər öncə Rəsul Quliyevdə dəfələrlə bəyan etdi ki, Azərbaycana qayıdır,amma verdiyi vədin üzərində dura bilmədi və bununlada siyasi karyerasına ağır zərbə vurdu. Ekspertlər hesab edir ki, Rüstəm İbrahimbəyovun Bakıya qayıtmamasının başqa bir səbəbi isə budur ki, artıq Rusiya Rüstəm İbrahimbəyovun arxasından çəkilib və o, faktiki bu dəqiqə çıxılmaz vəziyyətdədir. Qeyd edək ki, Milli Şura yaradılanda analitiklər açıq şəkildə bəyan etdilər ki, bu Rusiyanın projesidir və Rüstəm İbrahimbəyov rəsmi Kremldən razılıq alaraq siyasətə transfer edir. Hətta Pənah Hüseynli Mİlli Şuraya qatılmaqdan imtina edərək bəyan etdi ki, bu ssenarinin müəllifləri başqa insanlardır. İndi isə vəziyyət dəyişib. Artıq rəsmi Bakı ilə kreml arasında bir yaxınlaşma müşahidə olunur və Putinin Azərbaycana səfərindən sonra bu yaxınlaşma daha da artacaq. Deməli belə olan halda artıq Rusiyaya Azərbaycan müxalifətini ələ almağa ehtiyacı qalmayacaq. Çox ciddi məqamlardan biri isə bu oldu ki, Rüstəm İbrahimbəyov bu addımı ilə müxalifətin seçkilərdə ki, zərrə qədər olan şanslarınıda yox etdi. Belə ki, müxalifət cəmiyyətdə Rüstəm İbrahimbəyovla bağlı bir mif yaratdılar və belə bir rəy ortaya çıxdı ki, Rüstəm İbrahimbəyov yeganə insandır ki, hakimiyyətin namizədinə qarşı alternativ ola bilər. Bu gün isə Rüstəm İbrahimbəyov cəsarətsizlik nümayiş etdirməklə bu mifi dağıtdı. Hətta bundan sonra başqa bir müxalifətçi prezidentliyə namizəd olsada artıq səfərbər olunub ortaya güc qoya bilməyəcək. Çünki gözləntilər tam olaraq Rüstəm İbrahimbəyova yönəlmişdi.
Mehdi Əli