"Termobarik raketlərin öldürdüyü erməni əsgərinin meyitini axtarmaq erməni ailələrinin bir nömrəli işinə çevrilə bilər"
"Termobarik raketlərin öldürdüyü erməni əsgərinin meyitini axtarmaq erməni ailələrinin bir nömrəli işinə çevrilə bilər"

Dağlıq Qarabağdakı işğalçı ordunun potensialını ən qısa müddətdə məhv etməyə imkan verən arsenala malik, kosmik dövlət olan Azərbaycan torpaqlarının 20 faizinin 20 ildən çox müddətə işğal altında qalmasına baxmayaraq, işğalçıya tərəf sülh təklifi ilə çıxış edir.
Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
M. Əhmədoğlu qeyd edib ki, belə imkanların sahibi olan rəsmi Bakı Ermənistana ucuz qaz vermək niyyətini ortalığa qoydu:
"Ermənistanın regional iqtisadi layihələrə qoşulacağını bildirdi. Beynəlxalq ictimaiyyət, eləcə də Qərb dövlətləri və Rusiya bilirlər ki, rəsmi Bakı verdiyi vədə həmişə əməl edib. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın hərbi potensialının güclənməsinin sadə erməni xalqı üçün təhlükə yaratmadığını da bəyan etdi. Amma həmin bəyanatdan da aşkar şəkildə bilinir ki, onun Azərbaycan torpaqlarının işğal altında qalmasına uzun müddət dözmək niyyəti də yoxdur.
Politoloq bildirib ki, hərbdə qayda var: "Hər bir silah öz güc parametrlərinə görə müəyyən rütbədə və vəzifədə olan hərbçiyə təhkim olunur. Yalnız nüvə çamadanları sonadək prezidentlərdə qalır. Bu gün Azərbaycanın malik olduğu termobarik silahların və "smerç"lərin taleyini Ali Baş Komandan müəyyənləşdirir. Yaxın zamanlarda Ali Baş Komandan termobarik raketlər və "smerç"lər üzərində sərəncam vermək səlahiyyətini hansısa generala, bəlkə də polkovnikə tapşıra bilər. Bu general və ya polkovnik həmin termobarik silahı və "smerç"ləri nə zaman istifadə edəcəyini özü müəyyənləşdirir. Yaratdıqları yalan dənizində üzən Ermənistanın siyasətçisi və ya hərbçisi azərbaycanlı generalın və ya polkovnikin siyasi əsirinə çevrilə bilər. Erməni hərbçisi yalan danışan zaman və ya işğal olunmuş ərazilərdə ermənilərin daxili üçün nəzərdə tutulan hərbi təlimlər keçirilən anda bu termobarik silahlardan istifadə oluna bilər".
Mərkəz direktorunun sözlərinə görə, Azərbaycanın silahları Ermənistan da daxil olmaqla ermənilərin nəzarət etdiyi torpaqların istənilən nöqtəsini vurmağa qadirdir:
"İstənilən nöqtə dedikdə, Yerevanda "Baqramyan 26" ünvanı və Metsamor AES də başa düşülməlidir. Hər halda "Baqramyan 26"dakılar ayılsalar, hadisələrin gedişini bəlkə də ciddi sürətdə dəyişə bilərlər. Qorxu hissi təkcə insanlarda deyil, bütün canlılarda var. Ona görə Ermənistan rəhbərliyi mümkün qədər tez öz işğalçı qoşunlarını ilk növbədə, şəxsi heyəti Azərbaycan ərazisindən çıxarmaq barədə düşünsün. Öz ailə üzvlərinə və şəxsi heyətin ailə üzvlərinə rəhmləri gəlsin. Termobarik raketlərin öldürdüyü erməni əsgərinin meyitini axtarmaq erməni ailələrinin bir nömrəli işinə çevrilə bilər. Ətraflarında baş verənləri görməməklə, nadan roluna girməklə özlərini elə aparırlar ki, sanki belə proseslər mövcud deyil. Bu halı dəfələrlə təkrarlamaqla ermənilər nadanlığı geosiyasi faktora çeviriblər".
M. Əhmədoğlu qeyd edib ki, nəzərə alınmalıdır ki, Azərbaycanın arsenalında olan silahların da şüuru yoxdur, qanmazdırlar. O baxımdan, görünür, ermənilər öz nadanlıqlarını Azərbaycanın malik olduğu silahın qanmazlığı ilə müqayisə etmək istəyirlər. "Ermənilərə bunu məsləhət görməzdik".
Fuad Əliyev