Səfər Əbiyevin postu uğrunda mübarizədə yeni mərhələ

Səfər Əbiyevin postu uğrunda mübarizədə yeni mərhələ

Müdafiə naziri olmağa iddiaçılardan biri "zərərsizləşdirildi"?

Keçən həftənin ən maraqlı açıqlamalarından birinə ölkənin hərbi prokuroru Xanlar Vəliyev imza atdı. Vəliyevin Hərbi Prokurorluğun birinci yarımilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında ilginc fikirlər səsləndirdi.
X. Vəliyevin çıxışından bu qənəatə gəlmək olar ki, bu gün Silahlı Qüvvələrdə aşağıdakı istiqamətdə cinayətlər diqqəti çəkir: - hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma; - fərarilik hallarının artması; - maşınları idarəetmə və istismar qaydalarını pozma. Bu ilin iyulun 26-na olan qeyri-rəsmi statistik hesablamalara görə, Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri 55 nəfər təşkil edib. Ötən müddətdə 71 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 8-i döyüş (8 nəfər erməni gülləsi), 47-i isə qeyri-döyüş itkiləridir. 6 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 11 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 1 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib. Maraqlıdır ki, X. Vəliyev intiharların sayının artması barədə danışmayıb. Hərbi ekspertlərin mülahizələrinə görə, bu ilin ilk 6 ayı ərzində orduda baş verən intihar hadisələrinin sayı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə ən azı 15 faiz çoxdur. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bəyan edir ki, təhlükəsizlik və müdafiə sektoruna ayrılan vəsaitin kəskin artırılmasına, Silahlı Qüvvələr üçün böyük həcmdə silah hərbi texnikanın alınmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrində durum gərgin olaraq qalır. "Müdafiə Nazirliyi rəhbərliyinin 20 ilə yaxın dövrdə eyni vəzifələri bölüşməsi, idarəetmənin sağlam olmaması, hərbi qulluqçuların sosial təminatının aşağı səviyyədə olması, zabit və gizirlərin məvaciblərinin onların sosial yaşayışına kifayət etməməsi, hərbi qulluqçular arasında sağlam tabeçilik münasibətlərin olmaması, qanunların işləməməsi orduda cinayətlərin sayının kəskin artmasının əsas səbəblərindəndir", - hərbi ekspertlər belə düşünürlər. Onların fikrincə, əgər hökumət orduda ciddi dəyişikliklər istəyirsə, dərhal Səfər Əbiyev başda olmaqla Müdafiə Nazirliyinin rəhbərliyini istefaya göndərməli, ciddi islahatlara başlamalıdır. "Əgər bunlar edilməsə, hər hansı bir dəyişiklik kosmetik xarakterlidir", - deyə müstəqil hərbi ekspertlərdən biri Cəsur Sümərinli bildirib. Qayıdaq Xanlar Vəliyevin çıxışındakı ən maraqlı məqama. Hərbi prokurorun sözlərinə görə, Müdafiə Nazirliyinin digər ordu birləşmələrində törədilmiş cinayətlər azaldığı halda, III ordu birləşməsində cinayətlərin sayı 21,2 faiz artıb. Maraqlıdır ki, bu ilin 6 ayında həmin hərbi birləşmədə itkilərin sayı ötən illə müqayisədə eyni səviyyədədir - 10 nəfər həlak olub və bir o qədər yaralanan olub. Belədə hərbi prokurorun III ordu birləşməsini "vurması" maraq doğurmaya bilməz. Hərçənd bəzi hərbi ekspertlər məsələyə başqa prizmadan yanaşırlar. Onlar hesab edirlər ki, Xanlar Vəliyevin dedikləri son 10 ildə Azərbaycan Silahlı Qüvvələrində cinayətlərin sayının artmasının ilk rəsmi etirafıdır. Bəzi ekspertlərə görə isə III ordu birləşməsində baş verənlər bu birləşmənin komandiri general-leytenant Rövşən Əkbərovla müdafiə naziri Səfər Əbiyev arasındakı ziddiyyətlə bağlıdır. Bu ilin yanvarında əsgər Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı R. Əkbərova şiddətli töhmət elan edilmişdi. Həmin ölüm hadisəsi ciddi ictimai rezonans doğurmuşdu və yanvarın 12-də Bakıda kütləvi etiraz aksiyasının keçirilməsinə səbəb olmuşdu. Bəzi KİV-in məlumatına görə, R.Əkbərov iyulun 26-da hərbi parada dəvət almayıb. Yalnız şəxsən ölkə rəhbərliyinə müraciətindən sonra paradda iştiraka nail olub. Bir çox KİV-lər və hərbi ekspertlər belə güman və ehtimal edirlər ki, R.Əkbərov gizli şəkildə müdafiə naziri postu uğrunda mübarizə aparır. Hesab olunur ki, onun birləşməsində cinayətkarlığın artması barədə bəyanatlar adıçəkilən generalı neytrallaşdırmaq cəhdidir. Yəni onu bu cür hədəfə gətirməklə əslində müdafiə naziri postuna iddiasından geri çəkilməli olduğunun mesajı verilir. Digər tərəfdən, Əkbərovun adının neqativ planda hallanması ilə onun ictimai rəydə mümkün, potensial müdafiə naziri obrazı dağıdılır. İndi maraq doğuran Əkbərovun bütün bu deyilənlərə reaksiya verib-verməyəcəyidir.
Ülviyyə Qasımlı