Azərbaycan məmurlarının bahalı menyusu
Azərbaycan məmurlarının bahalı menyusu

Onların süfrələrində bircə quş südü çatmır, ödədikləri hesab isə göz qamaşdırır

Azərbaycanın bəzi məmurlarının, hakimiyyətdə yüksək postlar tutan oliqarxların hansı dəbdəbə içərisində üzdüyü, nə dərəcədə bahalı həyat tərzi keçirdiyi çoxdan bəllidir. Məmurların və onların övladlarının lüks həyat tərzinə dair az qala hər gün yeni hadisə və ya xəbər eşitmək mümkündür.

İndi isə biz məmurlarımızın gözqamaşdıran "menyusu"ndan bəhs edəcəyik. Yəni onların nahar mərasimlərindən, ziyafətlərindən danışacağıq. Hələ iki il əvvəl Bakıda açılan və dünyanın tanınmış brendlərindən hesab edilən restoranlardan birinin meneceri mətbuata maraqlı açıqlamalar vermişdi. O bildirmişdi ki, həmin restoran bəzi nazirlərin və nazir müavinlərinin məskənidir. Özü də onlar naharda ekzotik yeməklər, məsələn, akula əti sifariş verir. “İndiyə qədər sənədli filmlərdə, təbiət verilişlərində gördüyümüz akulaların özü olmasa da, əti artıq Bakı restoranlarına ayaq açıb. Akulanı sifariş vermək elə də çətin deyil. Sadəcə, bazar ertəsi verilən sifariş cümə axşamına hazır olur” deyə menecer bildirmişdi.
Onun sözlərinə görə, Bakıdakı məşhur restoranların əksəriyyəti daha çox xarici ölkələrdən gətirilən balıq, ət və ət məhsullarına üstünlük verirlər. “Bizdə ən bahalı menyu anqus (Amerika öküzü) ətindən hazırlanmış steyklərdir. Amerikadan gətirilən bu ətin 1 kiloqramını 48 manata alırıq. Bir porsiya isə 30 manatadır. Bundan başqa, Braziliya və Yeni Zellandiyadan gətirilən öküz ətləri də bizim restoranın menyusunda əsas yerlərdən birini tutur. Bizim restoranda Türkiyədən gətirilmiş levrek, çupra, Norveçdən gətirilmiş salmon balıqlarından hazırlanmış yeməklər də üstünlük təşkil edir. Sonra Hindistandan da bizə liçi meyvəsi, Lüksemburqdan dəniz xərçəngi (krab) gətirilir”.
Restoran meneceri bildirmişdi ki, stolun üzərinə qoyulmuş menyuda şüşəsi 300 manatdan tutmuş 1180 manat olan içkilər təklif edilir. Bir şüşə “Dom Perignon Rose” şampanı içmək istəyirsənsə, onda 1180 manatından keçməlisən.
Bu deyilənlərdən Azərbaycan məmurlarının süfrələrində hər cür naz-nemətin olduğunu təxmin etmək çətin deyil. Belə çıxır ki, onların nahar mərasimlərində yalnız süd çatışmır.
Bizdəki bəzi vəzifəli şəxslərin həqiqətən də istirahət, əyləncə və naharlara gözqamaşdırıcı pullar xərclədiyini deyən bir mənbə isə bəzi məmurların xüsusilə bahalı içkilərə daha çox həvəsi var. "Bakıda keçirilən ”Eurovision" ərəfəsində qəzetlər yazırdılar ki, ən varlı dövlət şirkətlərindən birinin rəhbəri 16-17 nəfərlik yerli və xarici qonaqlara verdiyi və paytaxtın lüks restoranlarından birində təşkil edilən ziyafətə 14 min manat ödəyib. Bu, Azərbaycan reallığında 5 nəfərlik bir ailənin illik ərzaq xərcindən ən azı 2 dəfə çox məbləğdir. Əhalinin əksəriyyəti yoxsulluq və aclıqla mübarizə apararkən bəzi məmurların ziyafətlərə, nahar mərasimlərinə bir oturumda bu qədər fantastik pul saymasını anlamaq və qəbul etmək mümkün deyil".
Mənbəmizin sözlərinə görə, Bakıdakı "Hilton Baku" və “JW Marriott Hotel Abşheron Baku” hotellərində dünyanın ən məşhur brend restoranları fəaliyyət göstərir: "Müşahidələr belə deməyə əsas verir ki, bəzi məmurlarımız əsasən həmin restoranlarda nahar etməyi və ya ziyafətlər verməyi sevirlər. Sadə vətəndaşlar üçün əlçatmaz olan və adi vətəndaşların cibinə heç cür uyğun gəlməyən bu restoranlarda qidaların, içkilərin əsas hissəsi xaricdən gətirilir. Hətta meyvələrin əksəriyyəti də ekzotikdir".
Mənbənin sözlərinə görə, Bakıda xüsusi restoranlar var ki, orada bir çaynik çay 50-100 manat, yarım litr çaxırın qiyməti 800 manat təşkil edir. Bir porsiya balıq minimum 50 manatadır, salatların qiyməti isə 50-70 manat arasında dəyişir. Beləliklə, bir nəfərin burada yemək yeməsi 800-1000 manata başa gəlir. Belə baha qiymətə olan restoranlar heç də müştərisiz qalmır. Onların "qonaqları" arasında xaricilərlə bərabər vəzifəli şəxslər də üstünlük təşkil edir. Halbuki araşdırma aparılsa belə məmurların maaşının həmin 800-1000 manatdan çox olmadığı üzə çıxır".
Bir çox məmurlar nahar mərasimləri və ziyafətlərdə tanınmış müğənnilərin, musiqiçilərin iştirakına ayrıca önəm verirlər. Bu vaxt onların ödədikləri hesab ən azı ikiqata yüksəlir.
Bir sözlə, daha çox büdcə vəsaitlərini "yeməyə", həzm-rabedən keçirməyə adət edən məmurlarımızın iştahı bununla bitmir. Onların həmin yollarla əldə etdikləri, ciblərinə ötürdükləri vəsaitlər bahalı restoranlarda "mədəyə ötürülür". Ödənilən hesablar isə o qədər fantastik, böyükdür ki, sadə azərbaycanlılar o qədər pulu yalnız yuxularında görə bilərlər.
Ülviyyə Qasımlı